AZ

Kreml varisləri – Son 100 ildə cəmi 1 dəfə siyasi xələf planı baş tutub

Rusiyada siyasi varislik məsələsi həmişə aktual olub, amma heç zaman uğurlu olmayıb.

Bolşeviklərin lideri Vladimir Lenin heç də öz yerində İosif Stalini görməyib, 1919-cu ilə qədər o, Yakov Sverdlovu hamıdan üstün sayıb. Ancaq Sverdlov “ispan qripi”ndən və ya zəhərlənmədən öldüyünə, Leninin digər nüfuzlu inqilabçı Lev Trotskidən zəhləsi getdiyinə görə partiyanın başına Stalin keçib. Lenin bu gedişatdan narazı olsa da, əlil kreslosunda, kəmağıl vəziyyətdə olduğu üçün öz əsl varisini müəyyən edə bilməyib.

Stalin özündən sonra hakimiyyətdə kimin olacağı barədə düşünməyib, hesab edib ki, hələ uzun illər yaşayacaq. O, kiminsə özünü siyasi varis hesab etməsini bilsəydi, ləngitmədən güllələdərdi. Stalinin güllələtdiyi silahdaşlarının içində, şübhəsiz ki, potensial rəqib hesab etdikləri də olub.

ttrreeü.JPG

Məsələn, o, marşal Tuxaçevskidə belə bir ambisiya görüb. Müharibədən sonra marşal Jukovun əvvəlcə Sverdlovska, ardınca Odessaya hərbi dairə komandanı vəzifəsinə göndərilməsi də marşalın Napoleon kimi hakimiyyət sevdasına düşməsinin qarşısını almaq üçün olub. 1952-ci il seçkilərində ABŞ-da Duayt Eyzenhauerin, alman nasizmi üzərində qələbə qazanan generalın qalib gəlməsi göstərdi ki, Stalin Jukovu buxovda saxlamaqda uzaqgörənlik edib.

Ancaq komandası Stalindən sonra kimin hakimiyyətə gələcəyi ilə bağlı ciddi intriqaya giriblər, 1953-cü ildə Kremldə “qırğın gedib”, sonda Xruşov bütün rəqiblərini zərərsizləşdirib.

xruş-brej.jpg

Nikita Xruşov varis haqqında düşünməyə macal tapmayıb, onu “zəif adamlar” saydığı və özü tərəfindən irəli çəkilmiş şəxslər devirib. Xruşov ona qarşı qiyam cəhdini köhnə stalinçilərdən – Malenkov, Molotov və Kaqanoviçdən gözlədiyi halda adamı Leonid Brejnevin dəstəsi hakimiyyətdən uzaqlaşdırıb.

berjserbit.jpg

Ancaq L.Brejnev sələflərindən fərqli olaraq ömrünün son illərində öz siyasi varisini hazırlamaq istəyib. Baş katib istəyirmiş ki, özündən sonra SSRİ-yə Ukraynanın rəhbəri Vladimir Şerbitski rəhbərlik etsin, Özbəkistanın birinci katibi Şərəf Rəşidov da ölkənin ikinci adamı olsun. Amma Kremlin “qoca qurd”u Yuri Andropov onun planlarını pozub, Kemlin baş kabinetinə özü yerləşib.

Hərəyə 1+ il ölkəyə rəhbərlik edən Y.Andropov və Konstantin Çernenko varis hazırlamaq hayında olmayıblar, ilboyu xəstəxanada canlarıyla əlləşiblər. Ancaq onların və digər Siyasi Büro üzvlərinin ümumi qənaəti belə olub ki, ölkənin başına bir az cavan adam keçsin və Moskva ildə bir baş katib dəfn etmək əziyyətindən qurtulsun. Şahlıq quşu Mixail Qorbaçovun başına qonub.

qorba-yel.JPG

Qorbaçov nəinki özünə siyasi varis hazırlaya bilməyib, əksinə, miras olaraq partiyadaşlarından aldığı dövləti, eləcə də kompartiyanı qoruyub saxlamağı bacarmayıb, hər ikisini gömüb. SSRİ-nin varisi olan Rusiyada hakimiyyət onun qatı rəqibi Boris Yeltsinin əlinə keçib.

Yeltsin isə bu barədə çox düşünürdü. O, özündən sonra ailəsinin aqibətinin necə olacağını fikirləşir, onların malik olduğu sərvətlərin əllərində qalması, özlərinin təqib-təzyiqə məruz qalmaması üçün normal şərait yetişdirmək, bunu təmin edəcək etibarlı varis tapmaq istəyirdi.

Rusiya lideri öz postunu kimə təhvil verəcəyi üzərində çox düşündü-daşındı, neçə dəfə varis dəyişdirdi. Əvvəlcə o, Yeqor Qaydara güvənirdi, sonra seçimini Boris Nemtsovdan yana etdi. Nemtsov xatırlayırdı ki, Yeltsin onu oğlu kimi çox istəyirmiş. Lakin Kreml intriqanları Yeltsinin bu fikrini dəyişdirdilər, o, əvvəlcə Sergey Kiriyenkonu, sonra Sergey Stepaşini, lap axırda isə Vladimir Putini öz yerinə namizəd kimi gördüb. Putinin üzərində dayandıqdan, onun bir sıra xidmətlərini gördükdən sonra Yeltsin 1999-cu ilin son günündə hakimiyyəti ona ötürmək barədə son qərarını verdi. Putin baş nazirkən prezident səlahiyyətlərinin icrasına çevrildi, bir neçə aydan sonra prezident oldu.

yelput.jpeg

Ancaq şahidlər bildirir ki, ömrünün son illərində Yeltsin bu seçiminə görə çox peşman olub, qırılıa-qırıla qalıb, açıq çıxış edə bilməyib.

İndi Vladimir Putinin siyasi varis ideyası üzərində düşünən vaxtıdır. O, hələ 2030-cu ilə qədər hakimiyyətdə olmaq hüququ qazanıb və əmindir ki, sağlamlığı sona qədər işləməyə imkan verəcək. Bəs ondan sonra?

Heç şübhəsiz ki, bu mövzu Putini dərindən maraqlandırır. O, hakimiyyətdə olduğu 24 ildə həm hüdudsuz sərvət, eləcə də ölkə daxilində və xaricində saysız-hesabsız düşmən qazanıb. Yəqin ki, səhhəti imkan versə, o, 2030-cu ildə də hakimiyyətdə qalmaq istəyəcək. Çünki başqa yolu yoxdur. Əgər bu, alınmasa, hakimiyyətə elə bir adam gəlməlidir ki, onun fəaliyyətini təftiş, özünü, ailəsini, yaxın çevrəsini təqib etməsin. Bir qədər etibarsız və zəif varis Qərbin təzyiqi qarşısında onu Haaqa məhkəməsində də verə bilər.

putidim.jpg

Ona görə də Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevin nazir oğlu Dmitri Patruşevin baş nazirin müavini vəzifəsinə gətirilməsi bir çox ekspertlərin “Putin özünə varis hazırlayır” fikrinə gəlməsinə səbəb olub.

Gənc Patruşev sınaqdan çıxmış ata Patruşevin bioloji varisidir, onun və Putinin etimadını doğrulda-doğrulda irəliləyir. 2030-cu ildə onun 53 yaşı və böyük idarəçilik təcrübəsi olacaq. O vaxta qədər Putin fikrini sələfi Yeltsin kimi bir neçə dəfə dəyişə də bilər. Hər halda Putinin Dmitri Medvedyevlə prezident-baş nazir postlarını 2008 və 2012-cü illərdə dəyiş-düyüş etmələrini nəzərə almasaq siyasi varis məsələsi Rusiyada heç vaxt rahat başa gəlmir.

Araz Altaylı, Musavat.com

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1

1Mənbələr

Şərh ()
Bağla