AZ

Lion merinin yeri zibillik olan sərsəm xülyasıŞƏRH

Fransa Prezidenti Emmanuel Makron, onun nazirləri, üstəlik merləri də türk dünyasına, xüsusilə Azərbaycana qarşı təxribatlardan bir an belə əl çəkmilər. Yəqin, Emmanuel Makronun göstərişi ilə Paris meri Ann İdalqonun  Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlarını, separatizmi və işğalı dəstəkləyən açıqlamalarını, Evian-lö-Bən şəhərinin  merinin Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, şair Xurşidbanu Natəvanın heykəlinə qarşı edilən həqarətlərə göz yummasını, yaxud bir sıra şəhər merlərinin islamofobiya, Azərbaycanofobiya ilə əlaqədar sayıqlamalını xatırlayırsınız. 

Bir neçə gün öncə Fransanın Lion şəhərinin meri Qriqori Duse  də onlarla “həmrəy” olduğunun bildirib. Belə ki, o, ölkəsində fəaliyyət göstərən Erməni Milli Yaddaş Mərkəzində keçirilən qondarma “erməni soyqırımı” tədbirinə qatılıb. Qriqori Duse həmin tədbirdə erməni atletlərini də qəbul edib və bundan qürur duyduğunu deyib, bunu iki xalq arasında qardaşlığı möhkəmləndirən amil kimi qiymətləndirib. O, həmin tədbirdən foto da paylaşıb. Fotonun fonunda iri ölçüdə saxta “böyük Ermənistan” xəritəsi yer alıb. Xəritədə Azərbaycan, Türkiyə, İran və Gürcüstan əraziləri “tarixi erməni torpağı” kimi təqdim edilib. Sözügedən foto sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Merin bu addımı təxribat və ərazi iddiası kimi dəyərləndirilib. Məlumat üçün bildirək ki, "böyük Ermənistan" xülyası ilə ermənilər tarixən qonşuların torpaqlarına göz dikib, ərazi iddiaları ilə çıxış ediblər. Onların bu sərsəm iddialarından ən çox əziyyət çəkən  azərbaycanlılar olub.

Qərbi Azərbaycan İcması da bu məsələ ilə bağlı bəyanat verib.  Bəyanatda deyilir: "Bu günlərdə Fransanın Lion şəhərinin meri Qreqori Duse erməni diasporasının bir qrup radikal üzvləri ilə birlikdə “böyük ermənistan” adlanan sərsəm xülyanın xəritə təsviri qarşısında fotoşəkil çəkdirərək, region ölkələrinin ərazi bütövlüyünə qarşı qəsd etmiş və regionda gərginliyi artırmaq üçün Ermənistandan alət kimi istifadə etməyə cəhd etmişdir. Qərbi Azərbaycan İcması Qreqori Dusenin təxribatçı hərəkətlərini və Fransa siyasi dairələrində geniş vüsət almış Azərbaycanofobiyanı kəskin şəkildə qınamış və Fransadan destruktiv əməllərinə son qoymağı tələb etmişdir".

Yəqin, Qreqori Duse Azərbaycanın 44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal antiterror əməliyyatları ilə Ermənistanın 200 illik “Böyük Ermənistan” ideyasını, planlarını cəhənnəmə göndərdiyini bilməmiş deyil.  Şübhəsiz, o, öz ağalarına xoş gəlmək üçün belə bir fonda şəkil çəkdirib. 
Yeri gəlmişkən qeyd edək ki,  Prezident İlham Əliyev 2023-cü ildə Xankəndi şəhərinə səfəri çərçivəsində seperatçıların “prezident sarayı” kimi istifadə etdikləri binadakı otaqların birində “böyük Ermənistan xəritəsi”nə rast gələndə belə demişdir: “Bunların xəstəliyi bax, budur - dırnaqarası böyük Ermənistan. Onları bədbəxt edən budur”.

Xatırladaq ki, Qreqori Duse vaxtilə məlum separatçı dairələrlə müntəzəm görüşlər keçirərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətə fəal dəstək verib. Bundan əlavə, Lion meri Ermənistanda Azərbaycan mədəni irsinin yer üzündən silinməsində yaxından iştirak edir. Məhz onun təşəbbüsü ilə, Lion meriyası və İrəvan bələdiyyəsi vaxtilə azərbaycanlıların yaşadıqları, qurub-yaratdıqları bir şəhər olan İrəvanda tarixi adı dəyişdirilərək “Kond” adlandırılan tarixi Təpəbaşı məhəlləsinin qalıqlarının dağıdılması layihəsinə başlayıb. Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda Azərbaycan QHT-ləri dünya mədəni irsinin unikal nümunəsi sayılan Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoru Odri Azuleyə açıq məktub ünvanlayıblar. Məktub bu sözlərlə tamamlanır: “Biz UNESCO-nu Ermənistan Respublikasına faktaraşdırıcı missiya göndərmək, Təpəbaşı məhəlləsi ilə bağlı təxirəsalınmaz tədbirlər görmək üçün cəsarət nümayiş etdirməyə dəvət edirik. Bu məsələlərdə UNESCO ekspertləri ilə müzakirələrə və onlara əlavə məlumatlar təqdim etməyə hazırıq".

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
ikisahil.az

1Mənbələr