AZ

Bu gün biz dirçəldilən Şuşanı görürük

“Azərbaycan tarixi Zəfərindən dərhal sonra işğaldan azad edilmiş ərazilərində  bərpa-quruculuq işlərinə başladı. Bu gün bu reallıq beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan təkmil dirçəliş modelini təqdim edir. İşğaldan azad edilmiş ərazilərimiz müasir dövrün tələbləri əsasında yenidən qurulur. Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri ilə diqqətdədir. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.  Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Birinci mərhələnin başa çatmasına qədər reallaşacaq hədəflər daim açıqlanır və onların icrası istiqamətində mühüm addımlar atılıb, bu gün də  atılır. Dövlət başçısı İlham Əliyevin mayın 10-da Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfəri bu məqamlara bir daha aydınlıq gətirdi. Təkcə bir səfər çərçivəsində neçə-neçə sosial obyektin açılışı, təməlqoyma mərasimi keçirildi, görülən işlərlə tanışlıq oldu. Şuşa şəhərində görülən işlərin fonunda ümumilikdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuğun  aydın mənzərəsi yaradıldı. Dövlət başçısı İlham Əliyev Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşündə böyük qürur hissi ilə bildirdi ki, 32 ildən sonra dogma Şuşaya qayıdırsınız.”

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, Şuşa 28 il əsarətdə olsa da heç vaxt qürurunu sındırmadı, əyilmədi, bu günü gözlədi: “Tam əmin idi ki, bu torpaqlara qayıdacağıq. Biz hazırlaşdıq, ölkəmizi, iqtisadiyyatımızı gücləndirdik, güclü ordu potensialı yaratdıq. Ən önəmlisi Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəsil  yetişdirildi. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə  44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, fədakarlıq göstərdi ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışılır və  xalqımıza hörmət edilir. Çünki Azərbaycan  öz haqqını danışıqlar yolu ilə, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdi, şəhərlərimizi, kəndlərimizi azad etdi, qan tökdü, şəhidlər verdi. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşdi.”

Əliabbas Salahzadə  bildirib ki, dövlət başçısı İlham Əliyev sakinlərlə görüşündəki çıxışında onu da qeyd etdi ki, bu gün  Şuşanın yeni tarixi başlayır: “2020-ci il noyabrın 8-də xalqa müraciətində cənab İlham Əliyev bildirdi ki,  Şuşanı dirçəldəcəyik. Bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir.  Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək.   Bütün evlər gözəl memarlıq, Şuşanın ənənəvi üslubunda inşa edilir. 32 ildən sonra  şuşalılar burada rahat yaşayacaq, yaradacaq, quracaq, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.”

Millət vəkili onu da qeyd edib ki, Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur: “Dövlətimzin başçısı bu gün artıq tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun 30 illik işğal dövründə   vasitəçilik misiyasını necə yerinə yetirməsinə diqqəti yönəltdi. Vurğuladı ki, onların fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Postmünaqişə dövründə də buna oxşar vəziyyət yaşanır. Belə ki, Fransa və ABŞ Azərbaycana qarşı əsas rol oynayırlar. Cənab İlham Əliyev bu çağırışı etdi və qarşıya mühüm vəzifələr qoydu: “Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm.”

Əliabbas Salahzadə Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində dövlət başçısı İlham Əliyevin çıxışında yer alan bu mühüm məqamı da  xüsusi qeyd edib ki, Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır.

Millət vəkili vurğulayıb ki, dövlətimizin başçısı bu arzunu  ifadə etdi ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
5
ikisahil.az

6Mənbələr