AZ

STM-də türk dünyası üçün MÜHÜM TƏDBİR - türkçülük mövzusu...

Sosial Tədqiqatlar Mərkəzinin Təşkilatçılığı ilə "İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz mövzusunda" elmi konfrans keçirilir.

Musavat.com xəbər verir ki, tədbir "Türkçülüyün mənzərəsi" mövzusunda videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.

Daha sonra konfransı giriş sözü ilə mərkəzin rəhbəri, deputat Zahid Oruc açıb:

"Milli kimliyimiz və onun ayrılmaz atributu olan milli dilimizin quruculuğu, statusu, inkişafı XIX əsrin sonu, XX əsrin əvvəllərində yeni elitanın - Azərbaycan maarifçiliyinin meydana çıxması ilə birbaşa bağlıdır. Milli kimliyin “azərbaycanlı”, dilimizin isə azərbaycan dili adlandırılmasının öncülləri M.F.Axundov (“Kəmallüdövlə məktubları” fəlsəfi traktatı), Məhəmməd Şahtaxtlı, Firudin bəy Köçərli (“Azərbaycan ədəbiyyatı”) və parlaq əsərləri ilə Cəlil Məmmədquluzadə olublar. Türkçülük ideyalarını isə “Füyuzat” jurnalında çıxış edən Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Əhməd Cavad türk ədəbi və fəlsəfi fikrini təmsil edirdilər. Milli kimliyin “türk” adlandırıldığı 1918-1935-ci illər istisna olmaqla, sovetlərin sonunadək “azərbaycanlı” kimliyi üstün mövqeyini qorudu. 1991-ci ildə müstəqilliyin bərpasından sonra milli kimlik ətrafında qızğın müzakirələr yenidən başlandı.

Tarixə qayıtsaq, 1930-cu ildən Türkiyənin Tarix Qurumu yeni milli mifologiya üçün keçmiş Osmanlı tarixi və mədəniyyəti yerinə, türkçülük əsaslı Orta Asiya və Anadolu mərkəzli yeni tarix hekayəsi inşa etməyə başladı. Erməniəsilli Levon M. Qaraxanyanın 1934-cü ildə rəsmi Moskva tərəfindən Ankaraya səfir təyin edilməsi sovet-türk münasibətlərinə zərbənin ilk siqnalı oldu. Sonrakı illərdə uzaqlaşma sürətləndi və nəhayət, Mircəfər Bağırov Türkiyənin SSRİ tərkibindəki türk xalqları vasitəsilə “pantürkist dövlət qurmaq istədiyi” iddiasını irəli sürərək, yeni siyasətə keçdi.

Sovet dövründə Azərbaycanı dindən uzaq, şərqdən qərbə çəkmək üçün 1928-ci ildə ərəb əlifbasından latına keçildi. İran və Türkiyə üçün sovet inkişaf modelinin nümunəsi kimi Azərbaycan 1930-cu ildən etibarən bu ölkələrə qarşı sipər oldu. Türkiyənin təsirindən qorunmaq üçün latın əlifbası kirillə əvəzləndi. 1935-ci ildən başlayaraq, milli kimlik “azərbaycanlı”, dilimizsə Azərbaycan dili kimi rəsmiləşdi.

Azərbaycanlı kimliyi “xalqlar dostluğu” prinsipi daxilində, öz köklərini dil-din və mədəni birlik əvəzinə tarixi-məkan mənsubiyyəti ilə əsaslandırılaraq, Atropatena, Albaniya kimi, yeni milli-mədəni təbliğat çərçivəsində müəyyən edildi. İkinci dünya müharibəsindən sonrakı illərdə İmam Mustafayevin ilk cəhdlərini qeyd etməklə bərabər, yalnız böyük dövlət adamı Heydər Əliyev milli kimliyin inşası üçün misilsiz fürsətlər açdı, yaşadığı formasiyanı aşan işlər gördü. Milli dövlətçiliyimizin bir çox atributları, idarəetmə elitası və mədəni-ziyalı təbəqəmiz 1970-ci illərdən etibarən, ən yüksək zirvəyə çatdı. Faktiki olaraq, sovet Azərbaycanı Heydər Əliyevin liderliyi dövründə müstəqilliyə yaxın dövlətə çevrildi.

“Vahid sovet xalqı, beynəlmiləl millət” yaratmaq planlarına baxmayaraq, Heydər Əliyev Azərbaycan adını, mədəni və mənəvi kimliyini, dilini, ənənələrini, tarixini və milli ruhunu heç vaxt imperiyanın “millətsizləşdirmə” ideologiyasına qurban vermədi.

Tarixən xalqın “millət”ə çevrilməsində müharibələr müstəsna rol oynayır. Bir neçə nümunə: Pyemont-Sardinya/İtaliya, Prussiya-Almaniya, Serbiya-Yuqoslaviya, eləcə də I Napoleona qarşı savaşlardan sonra çar Rusiyasında başlayan mədəni intibah bu reallığın örnəkləridir. Bəli, millətləşmə-milli dövlətin yaranmasına nisbətən daha mürəkkəb və uzunmüddətli bir prosesdir. İtaliyanın böyük dövlət adamı Massimo Taparelli 1860-cı ildə, İtaliyanın birləşdirilməsi ərəfəsində “biz İtaliyanı yaratdıq, indi italyanları yaratmalıyıq” sözləri bunu təsdiqləyir. Avstriya və Fransa imperiyalarına qarşı hərbi zəfərlərdən sonra Prussiya lideri Otto fon Bismark şimal və cənub knyazlıqlarına bölünmüş Almaniyanı 1871-ci ildə birləşdirərək, vahid Almaniyanı yaratsa da 700 ilə yaxın dövlətçiliyə malik, amma identikliyi olmayan Avstriya almanları bu birləşmədən kənarda qaldılar.

Xalqımızın taleyində təkcə son 2 əsrdə müharibələrdəki məğlub milli kimliyi simvolizə edən bir çox hadisələrə məruz qalmışıq: 1804-1813-1828 müqavilələri (bütöv Azərbaycanın parçalanması), 31 Mart (Azərbaycanlıların Soyqırımı Günü), sovet repressiyaları (ziyalı nəslin silinməsi), 20 Yanvar, Xocalı soyqırımı, 20 faiz torpaqların işğalı və digər tarixlər inkarolunmazdır. Müxtəlif xalqların kimlik uzunömürlülüyü qrafikinə diqqət edin, göründüyü kimi, müxtəlif milli adlar altında varoluşun indeksi xalqımızın tarixində digər millətlərlə müqayisədə ən aşağı göstəriciyə malikdir.

İstər 1978-ci ildə Azərbaycan sovet, istəsə də 1995-ci ildə müstəqil dövlətin Konstitusiyasını qəbul edərkən, Ulu öndərin əsaslandığı bir tarixi həqiqət yaradıcı insanlarla aylarla apardığı müzakirələrdən sonra çıxardığı qərarlarda həlledici olmuşdu. Heydər Əliyev deyirdi, sitat: ”Dilimizin 30-cu illərdəki vəziyyətini təsəvvür edin. Oxuyun 20-ci ildə yazılan kitabları və indikilərlə müqayisə edin. Dilimiz nə qədər zənginləşib, gözəlləşib, cazibədar və şirin olub”. Bəli, yaradılan zəngin irsi qoruyub saxlamaq milli təhülkəsizlik məsələsiydi.. Dilimizin türk dil qrupuna mənsubluğu ilə yanaşı, Ulu öndər deyir, sitat: ”Osmanlı imperatorluğunun dövlət dili XX əsrədək türk dili deyildi,…Sultanların fərmanlarına baxın, onlar türk dilində yazılmayıb. Bütün qərarlar ərəb-fars dillərində idi. Gedin, İstanbuldakı muzeylərə baxın…Yalnız Türkiyə Cümhuriyyəti yaranandan sonra indiki türk dilini formalaşdırıb, dövlət dili ediblər…Bizim üçün qardaş olan Türkiyə böyük Atatürkün fəaliyyəti nəticəsində bir Cümhuriyyət kimi meydana gəlməsi, dünya birliyində öz yerini tutması və özünün dövlət dili olması bizi sevindirən bir haldır”. Xatırladaq ki, sovet Azərbaycanında rəsmi yazışmalarda rus dilinin üstünlüyünə baxmayaraq, Azərbaycan dili 1978 ci ildən sonra özünə böyük işlək məkan qazanmışdı. “Türkologiya” jurnalı da 1970-ci ildən yalnız ölkəmizdə nəşr olunurdu.

Beləliklə, 1993-cü ildə hökm sürən etnik separatizmin bütün növlərinə qarşı ideoloji sipər olan azərbaycançılıq ideologiyası irəli sürüldü. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət milli natamamlıq və inamsızlıq sindromu yaratdığı üçün dövləti kimlik torpağa-coğrafiyaya mənsubluq tələb edirdi..

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi, Qarabağın xilası işğal faktorunu-natamam ərazi bütövlüyü və məğlub milli kimliyi aradan qaldıraraq, milli dövlət quruculuğunun əskik qalan sonuncu və milli kimliyin ən başlıca simvolunu – Qalibiyyət hekayəsini qazandırdı.Beləliklə, Azərbaycan xalqının yeni milli və siyasi kimlik qazanmasında hərbi Zəfərimizin müstəsna rolu müqayisəsizdir.

Qarabağın azad edilməsi təkcə işğal faktının aradan qalxması, yəni yalnız ərazi hadisəsi deyil, həm də siyasi, mənəvi, mədəni, iqtisadi və geosiyasi coğrafiyamızın da böyüməsi deməkdir.

Biz təkcə ərazi tamlığına və suverenliyinə deyil, həm də fikir və düşüncə bütövlüyünə, 20 faizlik sindromdan əziyyət çəkən milyonlarla vətəndaşın dünya baxışını və ideallarını köklü dəyişdirən yeni milli kimliyə qovuşmuşuq. Son 3 əsrdə ən azı 7 dəfə “Böyük Köç”ə, dəfələrlə iqtisadi yağmalanmaya və kütləvi qırğınlara məruz qalan, fərqli ideoloji formasiyalardan keçən xalq öz siyasi keçmişində heç vaxt düşmənləri üzərində indiki qədər Tam və Qəti Qələbə qazana bilməyib.

Qələbəmiz bu torpaqlarda min illərdir yaşadığımızın sübutudur. İndi Azərbaycan sözü özünün coğrafi mənsubiyyət anlamında daim torpaq itkisi yaşayan toplumu deyil, hər qarış Vətən uğrunda döyüşməyi bacaran, onu qaytaran bir milləti-21-ci əsrin hələ ki, tək Zəfər sahibini özündə əks etdirir..

Biz bunu fikir axınlarına çevirə bilsək, ölkəmizə kənardan siyasi-ideoloji gündəlik diqtə edənlər qarşısında qalib milli kimliyimiz sipərə çevriləcək, əsrlərdir əleyhimizə tirajlanan “köçəri tayfalar, azərilər və şiə islam dövləti” hücumlarına qarşı da immunitet qazanacağıq. Dünənədək ölkəmizi yüz minlərlə köçkündən, qaçqından, yaralıdan ibarət əhali qrupu, gələcəyini deyil, yalnız cari qayğılarını düşünən qövm kimi təqdim edənlər indi hədəflərini aydın görən, arzularını gerçəklıiyə çevirən yeni millət kimi görürlər.

Ona görə də 20 sentyabrı “Bütövlük günü” kimi qeyd etməliyik! Bizi cazibə mərkəzinə almaq istəyən sabiq imperiyalar, yaxud keçmişə qaytarmağa çağıran zehniyyət və nəhayət, milli kimliymizi tanımaq istəməyən erməni mifologiyasına qarşı öz bütünlüyümüzlə cavab verməliyik. Burada hər hansı dini, etnik, sosial və siyasi bölücülüyə yer qalmır. Bütöv Azərbaycan kiməsə qarşı olmaqdan çox, uzlaşma məkanıdır-biz fərqindəyik ki, 3 imperiya varisi ilə əhatə olunmuşuq.
Xalq, dövlət və ordu ilə birgə qazanılan uğur hekəyəsi harada yaşamasından asılı olamayaraq, azərbaycanlılar üçün misilsiz qürur mənbəyidir. Yaxşı nümunələr təkcə romalılar, amerikanlar üçün deyil, hamı üçün yayıcıdır. Onların ruhi-mənəvi mövqeyi güclənirsə, hansı titullu dövlətin və xalqın idarəçiliyində yaşasalar da, azərbaycanlı kultunu gücləndirir. Coğrafi bütünlük siyasi-mənəvi böyümə gətirir. Biz düşüncə və dil baxımından da məğlubiyyət leksikonundan xilas olmuşuq. Dilimiz də işğalın mirasından azad olunub. İndi biz qalib dilində danışırıq.

“Köçkün millət” keçmişdə qalıb. Elm təsdiqləyir ki, nəsil dəyişməsi 22 ildən bir baş verir. Ona görə əcdadlarımızıdan qalan mənəvi mirasla yanaşı, biz 5-6 nəsil insanımızın sabit ocaq, ev, mülk, kənd, yurd yeri olanların sayına baxsaq, görəcəyik ki, nə qədər insanımız daimi yerdəyişmələrə məruz qalıb. Şübhəsiz proses məcburi baş verib.
Beləliklə, 90-cı illərdə işğalın bir parçası, lakin daha çox Qarabağ dalğasında meydana çıxan ideoloji-siyasi məfkurə sistemimiz, partiyalarımız, hərəkat və fikir-düşüncə mərkəzlərimiz də yeni çağırışlar qarşısındadır. Onlar Zəfər dövrünün yeni ideoloji tələblərini nəzərə alaraq, təzə proqramlar qəbul etməlidilər. Bütün siyasi qüvvələrin məramnələrinin əsas müddəası artıq gerçəkliyə çevrilib, özü də məhz dövlətin özü milli ideyanı gerçəkləşdirib, belədə “dövlət milləti və milli dövlət” haqqında bütün platformalarda geniş danışmağa haqqımız var. Biz ərazi bütövlüyündən milli bütövlüyə keçirik. Ona görə də Qələbəmizi bütün türk, islam dünyasının uğuru kimi təqdim və təbliğ etməyi bacarmalıyıq. Qarabağın qurtuluşu türk dünyasının Zəfəridir. Bütün türk dövlətlərinin dərsliklərinə, ədəbiyyatına, bədii salnaməsinə onu daxil etmək, informasiya məkanında Qələbənin tərənnümünə nail olmaq, böyük Qaspralının dediyi kimi, dildə, fikirdə, əməldə birliyin təcəssümü olacaq.

İndi Böyük Qayıdışı Dönüşə çevirməyi bacarmalıyıq. İtirilən torpaqlara 100 minlərlə insanın qaytarılması, o cümlədən tarixi torpaqlar duyğusunu canlı və diri tutan yeni Qərbi Azərbaycan idealının da mənəvi-siyasi həyatımızı əhatə etməsi mühüm hadisədir. Lakin Vətənin qərbi və ya şərqi olmaz, o bütövdür, tamdır.

Vətən müharibəsində Qələbəmiz Türk Dövlətləri Təşkilatının-vaxtilə bir araya gəlmək üçün müxtəlif paytaxtlara boylanan ölkələrin də prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın liderliyində daha sıx birləşməsinə, mühüm regional-beynəlxalq gücə çevrilməsinə töhfə oldu, nüfuzunu yüksəltdi və regionda yeni nizamın nüvəsi rolunda çıxış imkanı verdi. Türksoydan TürkPA-dək strukturlaşaraq, böyük inkişaf yolu keçən, nəhayət, Türk Dövlətləri Təşkilatı adını alaraq, mühüm beynəlxalq qüvvəyə çevrilən birliyə üzv və müşahidəçi ölkələr birlikdə 150 milyondan çox əhaliyə, 4.2 milyon km2 əraziyə, 1 trilyon dollardan çox ÜDM-ə, zəngin karbohidrat ehtiyatlarına və alternativsiz geostrateji mövqeyə malikdir. Avropanı Orta Asiyaya bağlayan Azərbaycan, Zbiqnev Bzejinskinin dediyi kimi, Avrasiyanın ən mühüm "geosiyasi oxlarından" biridir..

İctimai rəy sorğuları da bunu təsdiqləyir. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 2024-cü ilin mart ayında ölkə üzrə keçirilmiş rəy sorğusuna əsasən, 61.6% respondent Azərbaycanı ilk növbədə, “türk dünyası” ölkəsi olaraq görür. 84.2% respondent türk dövlətləri arasında əməkdaşlığın iqtisadi-mədəni sahələrlə yanaşı, hərbi-siyasi istiqamətlərdə qurulması istəyini ifadə edib.

“Türk barometri” adlı sorğunun nəticələri də maraqlıdır. Türk Akademiyasının təşkilatçılığı ilə 2023-cü ilin may-iyul aylarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda ümumilikdə 6341 nəfər arasında keçirilən tədqiqatın nəticələrinə görə, 5 ölkə üzrə respondentlərin ümumilikdə 77%-i ölkəsinin milli-mədəni dəyərlərini qorumalı və digər ölkələrə bənzəməməli olduğunu bildirib.
84% ailənin, cəmiyyətin milli adət-ənənələrə uyğun həyat tərzini vacib hesab edib. Eyni zamanda, əksəriyyəti türkdilli ölkələrin mədəni irsinə və xüsusiyyətlərinə maraq göstərib.

5 ölkə üzrə ümumilikdə 66% türk dövlətlərindəki hadisələrlə maraqlandığını bildirib. Bu göstərici Azərbaycan üzrə 76%-ə bərabər olub.

Türk dövlətləri arasında ortaq əlifbanın formalaşdırılmasını 63% dəstəkləyib. Eyni zamanda, 64% ortaq televiziya kanalının yaradılmasına dəstəyini ifadə edib.

Türk dövlətlərində yaşayan hər iki nəfərdən birinin digər türk dövlətindən olan dostu var. Bu, cəmiyyətlər arasında yaxınlığın göstəricisidir.
Həmçinin 76% türk dövlətləri arasında münasibətlərin 20 il əvvəlki ilə müqayisədə yaxşı olduğu mövqeyini bölüşüb. Bu göstərici Azərbaycan üzrə 86%-ə bərabər olub.

Türk dövlətlərinin xarici siyasətinin uyğunlaşdırılmalı olduğunu beş ölkə üzrə ümumilikdə 84% dəstəkləyib.

“Türk dünyası 2040 vizyonu” sənədi haqqında ümumi məlumatlılıq səviyyəsi cəmi 13%-ə bərabər olub.

2019-cu ildə keçirilmiş sorğulara əsasən, türk dünyası ölkələri arasında ən yüksək maraq məhz Türkiyə və Azərbaycanadır.

Həmçinin sorğular ölkələri birləşdirən əsas amillərin islam dini, tarixi köklər və mədəniyyət yaxınlığı olduğunu göstərib.

Nəticələrə əsasən, azərbaycanlılar, türklər, özbəklər qazaxlara və qırğızlara nisbətən özlərini ümumi Türk toplumuna daha çox aid ediblər.

Ona görə də yekunda bir neçə təklifi səsləndirməyi faydalı hesab edirik:

• İlk növbədə, “Azərbaycan tarixi”nin yeni konsepsiyasının hazırlanması və onun kütləvi tədrisə, beynəlxalq tədbirlər proqramına daxil edilərək təbliğatı milli identikliyin inşa edilməsi, məğlub kimliyi səciyyələndirən tarixi hadisələrin yenidən şərhi çox önəmlidir.

• Milli kimlik və milli ideya istiqamətində tədqiqat qruplarının, ideoloji iş mərkəzlərinin yaradılması, bizim təklif etdiyimiz 4-cü Respublikanın-qalib milli kimliyin təbliğatı arzuolunandır.

• İslamçılıqla başlayıb türkçülüklə davam edən və müstəqil-müasir dövlət quruculuğu ilə zirvəyə yüksələn dövlətçilik tariximiz 100 il sonra Vətən müharibəsində dindarların, milliyyətçilərin və dünyəviçilərin çiyin-çiyinə həmrəyliyini, birliyini, bütövlüyünü göstərdi. Üç fərqli istiqamətin-vahid millət, vahid amal, vahid Vətən-üçrəngli Azərbaycan bayrağının təcəssümüdür.

• Milli kimliyin uzunömürlülüyünü və milli qüruru tənzimləyən əsas mexanizm kimi tarixi hadisələrin qeyd olunması və yeni qalibiyyət təqviminin yaradılması, məğlub kimliyi qidalandıran hadisələrinin yeni perpektiv şərhi arzuolunandır.

• ‘Milli ideya’ və kimlik quruculuğunun xalqın etnogenezi, tarixi və siyasi təcrübəsi, kollektiv yaddaşı və dəyərlər sistemi, din, dil, mədəniyyəti kontekstində mümkünlüyünü nəzərə alaraq, ‘yeni dövr’ çağırışlarının da TDT-nin 10-cu zirvəsinin mövzusu - "TürkÇağı" (TurkTime) missiyası ilə üst-üstə düşdüyünü təbliğ etmək vacibdir.

• "Bir millət, iki dövlət" ideyası ətrafında qurulan Azərbaycan-Türkiyə sıx münasibətlər modelinin müsbət nümunələri əsasında, türk dövlətləri arasında strateji birlik ideyası ilə "Türkiyə Yüz ili" diskursunun "Türk dünyası Yüz ili" perspektivində genişləndirilməsi arzuolunandır.

• Təsisatın "Türk Dövlətləri Təşkilatı" adı ilə yanaşı, ərəb mənşəli "təşkilat" yerinə, türk mənşəli "qurultay" – "Türk Dövlətləri Qurultayı" adından istifadə oluna bilər.

• Həmçinin türk dünyası ölkələri arasında mədəni tədbirlərin təşviqi, ortaq musiqi platforması olan "Türkviziya Mahnı Müsabiqəsi"nin reytinqinin yüksəldilməsi, növbəti müsabiqəyə Azərbaycanın ev sahibliyi etməsi nəzərdən keçirilə bilər.

Çıxışımı ərazilərimizdən böyük olan millət və dil coğrafiyamızı tarixdə böyüdənlərdən biri böyük türk hökmdarı Əmir Teymurun sözləri ilə bitirmək istərdim. O deyir:”türklər qəhrəman millətdilər, mərddilər, sözü bütövdülər. Lakin başladıqları kimi bitirə bilsəydilər..”. Bir daha millət quruculuğuna xidmət edən çalışmalara uğurlar diləyir, nəticələrin xeyirli olmasını arzulayırıq".

Tədbir davam edir.

Cavanşir ABBASLI
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
3
musavat.com

4Mənbələr