AZ

Dünyada gözlənilən YENİ QARŞIDURMA: Olimpiya oyunları ərəfəsində…

“Fransada keçiriləcək yay olimpiya oyunlarına hazırlıq tam sürəti ilə davam edir. İdman yarışlarına idmançılarla yanaşı, məmurlar da hazırlaşırlar. Keçmiş olimpiya oyunlarında dopinq qalmaqalları yaşanıb. İdmançıların dopinqdən istifadə edərək qalib olmaları ucbatından bəzi dövlətlərə qarşı sərt sanksiyalar tətbiq edilib. Buna baxmayaraq, müxtəlif dövlətlərin idmançıları bəzi hallarda yenə dopinqdən istifadə etməyə çalışırlar. Bunun Paris olimpiadasında da baş verəcəyi ehtimalı az deyil”.

Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, keçmiş illərdə dopinq qalmaqallarında daha çox Rusiya idmançılarının adı çəkilib.

Politoloqun sözlərinə görə, vaxtilə vəziyyət o həddə çatıb ki, Rusiyanın bütün idman federasiyalarının beynəlxalq yarışlarda iştirakları qadağan edilib: “Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra Rusiyanın olimpiya oyunlarına yolu bağlanıb. Rusiya idmançıları Paris olimpiadasında ölkələrinin bayraqları altında çıxış edə bilməyəcəklər. Həmin idmançılar yarışlara ancaq fərqi qaydada qatıla bilərlər. Rusiyada siyasi dairələr idmançılarını yay olimpiadasını boykota çağırırlar. Bu arada, “New York Times” qəzetində yayımlanan məqalədə Dünya Antidopinq Agentliyi (WADA) sərt tənqid olunub. Aydın olub ki, 21 çinli üzgüçü beynəlxalq yarışların birində dopinqdən istifadə edib. Buna baxmayaraq, Dünya Antidopinq Agentliyi dopinq qalmaqalına ciddi yanaşmayıb, üzgüçüləri cəzalandırmayıb”.

E.Şahinoğlu deyib ki, ABŞ mövcud vəziyyətdən dərhal istifadə edib: “ABŞ-nin antidopinq agentliyinin başçısı Trevis Tayqart çinli idmançıların dopinqdən istifadəsinə beynəlxalq təşkilatın seyrçi qaldığına görə, Dünya Antidopinq Agentliyini tənqid edib. Trevis Tayqart “Politico” nəşrinə verdiyi müsahibədə, Dünya Antidopinq Agentliyinin Çindən çəkindiyini və buna görə dopinqdən istifadə edən idmançıları cəzalandırmadığını bildirib. Çinli idmançılar olimppiadalarda yüksək nəticələr göstərirlər. Görünür, beynəlxalq təşkilat buna görə çinli idmançıları cəzalandırmaq istəməyib”.

Politoloqun qənaətincə, mövcud qalmaqalın Paris olimpiya oyunlarına kölgə salacağı ehtimal olunur: “Eyni idmançılar Paris olimpiadasında iştirak edəcəklər. Həmin idmançılar yarışlarda qələbə qazansalar, digər ölkələrin federasiyaları bu qələbələri tanımaya bilərlər. Nəticədə yay olimpiadasında ölkələr arasında qarşıdurma yaranacaq”.

Lamiyə MİRZƏYEVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1

1Mənbələr

Şərh ()
Bağla