AZ

Azərbaycanda 10-dan çox kateqoriyaya aid şəxslərə Prezident təqaüdü verilirMƏBLƏĞLƏR

Ölkəmizdə 10-dan çox kateqoriyaya aid şəxslərə Azərbaycan Prezidentinin aylıq təqaüdü verilir.

Xezerxeber.az xəbər verir ki, təqaüdlər müxtəlif məbləğlərdədir.

Aylıq təqüdlərin minimum məbləği 80, maksimum məbləği isə 2 min manatdır.

Beləliklə, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2000, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği isə 1800 manatdır.
Həmçinin 20 Yanvar şəhidinin və şəhid ailəsinin üzvlərinə aylıq 600 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdü ödənilir.
Əfqanıstanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilmiş hərbi qulluqçuların ailələri üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği də 600 manatdır.
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) aylıq 330 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdü verilir.
Qarabağ Müharibəsi veteranları üçün Azərbaycan Prezidentinin aylıq təqaüdü 80 manatdır.
Eyni zamanda, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən insanlara aylıq 100 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdü verilir.
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 300 manatdır. 

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Prezidentinin təqaüdü isə belədir:

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 500 manat;

Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 400 manat;

Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 330 manat.

“Xalq” fəxri adı üçün 200 manat, “Əməkdar” fəxri adı üçün 150 manat müəyyən edilib.
Bundan başqa, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün məbləği elmlər doktoru elmi dərəcəsinə görə 500 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə isə 300 manatdır.
Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə də Azərbaycan Prezidentinin fərdi təqaüdü var və hər biri 1500 manat məbləğində beş yüz fərdi təqaüd müəyyən edilib.

Atif Sarıxanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
xezerxeber.az

1Mənbələr