AZ

İkinci Dünya müharibəsində Azərbaycanın itkiləri: Bizi “top yemi” ediblər, digərlərinə...

Bu günlər Azərbaycanın II Dünya müharibəsində iştirakı, itkiləri, faşizmin məğlub edilməsinin nəticələri haqda polemika aparılmaqdadır. Müzakirələr faktlara deyil, ideologiyalara, bir az da cari geosiyasi düşərgələşmə meyillərinə istinad etdiyindən, dövrün mürəkkəb seçimlərini, real itki və qazancları (əgər varsa) anlamaq çətin olur.

Ənənəvi statistikaya görə, sözügedən müharibədə Azərbaycan SSR-dən həlak olanların sayı müxtəlif mənbələrdə 250-350 min arası göstərilir. Yəni o zaman əhalinin 10%-ə yaxını həlak olub, bu rəqəmdən 2-3 dəfə çox yaralanan, müharibədə iştirak edən olub. Başqa sözlə, müharibədə Azərbaycanda yaşayanların, ən az hər 3 nəfərindən biri iştirak edib.

Amma 2001-ci ildə Rusiya Hərbi Elmlər Akademiyasının professoru, general-polkovnik Krivoşeyevin ümumi redaktorluğu altında nəşr olunmuş “Rusiya və SSRİ 20-ci əsrin müharibələrində” adlı kitabda verilmiş rəqəmlər Azərbaycanda sovet dövründən bəri bildiyimiz göstəricilərdən kəskin fərqlənir. Azpost.info xəbər verir ki, kitabın “Geridönməz itkilər” bölməsində müharibədə həlak olan sovet əsgərlərinin etnik tərkibi göstərilmiş cədvələ əsasən, II Dünya müharibəsi zamanı cəmi 58 min 400 nəfər azərbaycanlı əsgər həlak olub. Kitaba görə, erməni və gürcülərin itkiləri bizdən daha çoxdur- 83 min 700 nəfər erməni, 79 min 500 nəfər gürcü.

Ancaq Azərbaycan alimlərinin tədqiqatı başqa nəticə ortaya çıxarır. AMEA-nin müxbir üzvi Şahbaz Muradov və iqtisadçı demoqraf Çingiz Baxışın "Azərbaycan Respublikasında etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar" kitabında qeyd edilir ki, 1940-1950-ci illərdə əhalisi ən çox azalan respublika Belarusiya olub. Bu ölkədə 1950-ci ildə 1940-cı ilə nisbətən əhalinin sayı 14,8% az idi. Bu göstəriciyə görə 2-ci ölkə Azərbaycandır – 12,7%, 3-cü Litva – 12%, 4-cü Ukraynadır – 11,5%. SSRİ üzrə bu dövrdə əhalinin sayı 8% azalıb. Müharibə dövründə və müharibədən sonraki 5 ildə təxminən 5,5 milyon nəfər əhali zorla və ya könüllü SSRİ-ni tərk edib, bir milyona yaxın əhali isə SSRİ-yə köçüb. SSRİ-yə gələnlərin 120 min nəfəri erməni idi.

Müharibə dövründə Ukrayna və Belarusiyada, eləcə də Litvada mülki əhalinin qırılması ilə bağlı azalma faizi SSRİ üzrə olan ümumi göstəricidən, xüsusilə də Azərbaycanla müqayisədə olduqca aşağı olub. Paradoksal bir sual ortaya çıxır: necə olur ki, 3 ildən artıq (1941-1944-cü illər) bir dövrdə Almaniyanın işğalı altında olan və böyük dağıntılara məruz qalan Belarusiya və Ukraynada, eləcə də digər müharibə görmüş bölgələrdə mülki əhali itkisi niyə Azərbaycandan daha aşağıdır?!

Müəlliflər yazırlar, Ukrayna və Belarusiyadan fərqli olaraq Azərbaycana gələn əhali gedənlərdən daha çox olub və hesablamalara görə süni əhali yerdəyişmələrinin təsirini aradan qaldırdıqdan sonra 1945-ci ilin sonuna Azərbaycanın əhalisi 2,6 milyon nəfərdən bir qədər çox olub. Yəni müharibə dövründə Azərbaycan əhalisinin sayı 780 min nəfər və ya 23,1% azalıb: “Müqayisə üçün apardığımız demoqrafik araşdırmalar göstərir ki, qonşu Gürcüstanda və Ermənistanda müharibə dövründə mülki əhalinin sayı nəinki azalmamış, hətta bir qədər artmışdır. Daha doğrusu, Gürcüstanda mülki əhalinin sayı təxminən 50 min nəfərə qədər artmış, Ermənistanda isə 30-40 min nəfər azalıb (güman ki, azərbaycanlıların kütləvi deportasiyası səbəbindən-red) . Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan təkcə keçmış Sovet respublikaları ilə müqayisədə deyil, Avropa ölkələri ilə müqayisədə də ən çox nisbi əhali itkisinə məruz qalan ölkə olub. Müharibə dövründə ən çox əhali itkisinə məruz qalan Avropa ölkəsi Polşa olub. Çünki müharibənin başlanğıcında Almaniya və SSRİ arasında ikiyə bölünmüş Polşada xalq təkcə faşizmin deyil, Stalin repressiyalarının da qurbanı olub. Polşa mütəxəssisləri müharibə dövründə polyakların sayının 16,5% azaldığını təsbit etmişlər. Başqa sözlə, hər 6 polyakdan biri müharibə qurbanı olmuşdur. Göründüyü kimi Azərbaycanla müqayisədə Polşada da bu göstərici olduqca aşağıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53

1Mənbələr

Şərh ()
Bağla