AZ

Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şuşada

Mərakeşin və Birləşmiş Ərəb Əmirliklərinin musiqi qrupları festivalda çıxış ediblər

Şuşa, 12 may, AZƏRTAC

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı davam edir.

Festivalın ikinci günü Xan qızı Natəvanın Sarayı qarşısında Mərakeşin “Tizwit” və Birləşmiş Ərəb Əmirliklərinin “Almazyood” musiqi qruplarının konserti ilə başlayıb.

Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Mərakeş Krallığının Mədəniyyət Nazirliyinin nümayəndəsi xanım Nada Mxatr “Tizwit” musiqi qrupunun ötən əsrin 60-cı illərində yarandığını və dünyanın bir çox ölkələrində beynəlxalq festivallarda uğurla çıxış etdiyini söyləyib. N.Mxatr Şuşada keçirilən festivalın onlar üçün çox maraqlı və əhəmiyyətli olduğunu bildirərək deyib: “Qrup bu gün “Gül” kompozisiyasını təqdim edəcək. Yaradıcı heyət bu festivala ciddi hazırlaşıb və öz repertuarında olan ən maraqlı musiqi nömrələrindən ibarət “buket” düzəldib. İnanıram ki, qrupun çıxışı hər kəsin ürəyincə olacaq”.

Mərakeşin Mədəniyyət Nazirliyinin nümayəndəsi Azərbaycanda ilk dəfə olduqlarını və Şuşanın füsunkar təbiətinin onları valeh etdiyini diqqətə çatdırıb. “Sizin çox qədim mədəniyyətiniz və bənzərsiz musiqiniz var. Burada olarkən öyrəndik ki, Şuşa Azərbaycan mədəniyyətinə dəyərli musiqi xadimləri bəxş edib. Azərbaycan xalqının qonaqpərvərliyini, dadlı mətbəxini isə sözlə ifadə etmək çox çətindir. Burada olmaqdan, belə gözəl ənənələrə malik festivalda iştirak etməkdən məmnunuq. Biz Azərbaycandan çox yaxşı təəssüratla ayrılacağıq. Bu, olduqca xoşdur”, - deyə o əlavə edib.

Sonra “Tizwit” və “Almazyood” musiqi qrupları açıq səma altında quraşdırılmış səhnədə yaddaqalan musiqi nömrələri təqdim ediblər. Onların təqdimatında nümayiş olunan rəqslərdə və təqdim edilən ifalarda özlərinə məxsus milli adət-ənənələr, folklor nümunələri və müasir rəqs üslubları yer alıb. Çıxışlar alqışlarla qarşılanıb.

Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Mədəniyyət vasitəsilə həmrəyliyi, dostluğu, sülhü və tolerantlığı tərənnüm edən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur.

Xatırladaq ki, festival mayın 13-də Laçında konsert proqramları ilə davam edəcək. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələrdən olan musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfəsini verir.

Seçilən
82
50
1

1Mənbələr

Şərh ()
Bağla