AZ

“Atalanta” ilk dəfə finalda oynayacaq!

“Bayer-04”ün məğlubiyyətsiz seriyası 49 oyuna çatdı

“Football-plus.az” xəbər verir ki, mayın 9-da Avropa Liqasının (AL) yarımfinalına yekun vuruldu. Bu mərhələnin Roma və Marseldə keçirilən ilk oyunlarında qənaətbəxş nəticələrə nail olan “Bayer-04” və “Atalanta” finalda oynamaq şansı qazandı. Turnirin qalibi mayın 22-də Dublində keçiriləcək matçda müəyyənləşəcək.

yarımfinal, cavab oyunları
Bayer-04 - Roma 2:2 (ilk oyun – 2:0)
Mançini, 82-öz qapısına. Stanişiç, 90+7 – Paredes, 43-p.; 66-p.
Bayer-04 (Almaniya): Kovarj, Frimponq (Stanişiç, 90), Tapsoba, Ta, İnkapye, Qrimaldo (Kossunu, 90), Caka, Palasios, Adli, Hofmann (Virts, 81), Qlojek (Şik, 74).
Roma (İtaliya): Svilar, Spinatsola (Zalevski, 21), Mançini, Ndika, Anxelinyo (Smollinq, 81), Pelleqrini (Abraham, 81), Kristante, Paredes, Azmun (Bove, 72), Əl-Şaaravi, Lukaku.

1/8 finalda “Qarabağ”a çətinliklə üstün gələn (2:2, 3:2) “Bayer-04” düz bir il əvvəl turnirin yenə yarımfinalında iki oyunun nəticəsinə (0:1, 0:0) əsasən məğlub olduğu “Roma”dan qisasını almağa yaxın idi. Bundesliqada ilk çempionluğunu erkən rəsmiləşdirən Xabi Alonsonun komandası İtaliyadakı ilk oyunda iki cavabsız qolla qalib gəlmişdi. “Roma”nın sona çatmaqda olan mövsümdə məğlubiyyət üzü görməyən “Bayer-04”ün inanılmaz seriyasını qırmaqla finala adlamaq ehtimalı minimuma düşmüşdü. Bununla belə, Daniele De Rossi komandasının hədəfə çatmaq üçün Leverkuzendə sona qədər mübarizə aparacağını bildirmişdi. Lakin bukmeker kontorları Almaniya çempionunu cavab görüşünün də favoriti kimi göstərmişdilər.

Qitə arenasında sonuncu məğlubiyyətini (0:1) məhz ötən il mayın 11-də “Roma”dan alan “Bayer-04” ilk 15 dəqiqədə apenninlilərin ciddi müqaviməti ilə üzləşdilər. Əlbəttə, ilk qolu vurmaq məhz qonaqlara lazım idi. Amma onlar fəal startdan bu baxımdan yararlana bilmədilər. Topla az oynasa da, Alonsonun komandasının həmlələri daha kəsərli alınırdı. İlk hissədə hesab böyük ölçüdə Palasios, Adli və Qlojekin zərbələrini dəf edən Sviların mükəmməl oyunu sayəsində açılmadı. Ancaq hər necə olsa, ilk qolu ona daha çox ehtiyac duyan “Roma” vurdu: müdafiəçi Tanın fasilə ərəfəsində Azmuna qarşı kobud oyununa görə təyin olunan penaltini Paredes qola çevirdi.

İkinci hissədə top meydanın mərkəzində az göründü: rəqiblər qarşılıqlı hücumlarla hesabı öz xeyrinə dəyişməyə çalışırdılar. Bu səbəbdən hər iki qapıçının işi kifayət qədər oldu. Amma top yenə leverkuzenlilərin qapısında göründü: Qlojekin əllə oynamasına görə təyin olunan penaltini yenə Paredes yerinə yetirdi. Alonsonun komandası “Qarabağ”la oyunlarda olduğu kimi, 0:2 hesabı ilə geri düşdü. Amma “Roma” da matçın həlledici mərhələsində sanki əlavə enerji ilə təchiz olunan “Bayer-04”ün məğlubiyyət seriyasını qıra bilmədi. Çox sayda seyv edən Svilar çıxışda səhvə yol verdi, Mançini isə topa uğursuz toxunuş etməklə onu öz qapısına yönəltdi. Fərqin minimuma enməsindən və azarkeşlərinin böyük dəstəyindən ruhlanan leverkuzenlilər son dəqiqələrdə ikinci qolu da vurdular.

Alonsonun komandası “Roma”dan ötənilki məğlubiyyətin qisasını aldı. Əsas məsələ isə “Bayer-04”ün avrokuboklarda 22 illik həsrətə son qoyması oldu: Almaniya klubu sonuncu dəfə finalda 2002-ci ildə Çempionlar Liqasında oynayıb və “Real”a uduzub (0:2). Vurğulanası digər fakt isə leverkuzenlilərin bu mövsüm bütün turnirlərdəki məğlubiyyətsiz seriyasını 49 oyuna (40 qələbə, 9 heç-heçə) çatdırmasıdı. Alonsonun komandası avrokuboklar təşkil olunduğu dövrdə ardıcıl 48 matçda uduzmayan “Benfika” (1963-65) ilə bölüşdüyü rekordu yeniləməklə mövsümü “trebl” ilə başa vurmaq şansını da saxlayır!

Atalanta - Marsel 3:0 (1:1)
Lukman, 30. Rucceri, 52. Ture, 90+5.
Atalanta (İtaliya): Musso, Hin, Cimşiti, Rucceri, Zappakosta (Hatebur, 76), Ederson (Skalvini, 55), De Roon, Koopmeyners, De Ketelare (Paşaliç, 61), Skamakka (Mirançuk, 56), Lukman (Ture, 76).
Marsel (Fransa): P.Lopes, Mbemba (Unahi, 59), Jiqo, Balerdi, Merlen (Luis Enrike, 72), Kloss (Mumbanya, 72), Veretu, Kondoqbiya, Ndiaye (Sarr, 59), Harit (Korrea, 84), Obameyanq.

İndiyədək AL-in (UEFA Kubokunun) finalında üç dəfə (1999, 2004, 2018) oynayan “Marsel” Frasadakı ilk oyunda “Atalanta” ilə qollu heç-heçəyə razılaşmaqla işini çətinə salmışdı. Maraqlıdı ki, Liqa 1-in rəhbərliyi cavab görüşünə daha yaxşı hazırlaşması üçün marsellilərin çempionatdakı son oyununu təxirə salmışdı. Amma Jan-Lui Qassenin komandası bundan yararlana bilmədi.
İtaliyadakı oyun ev sahiblərinin diqtəsi ilə keçdi. 1/4 finalda “Liverpul”un qarşısını kəsən (3:0, 0:1) berqamoluların hücumları qonaqlara çətin anlar yaşatdı. De Ketelare topu dirəyə, Skamakka tirə tuşladı. Nəhayət, 30-cu dəqiqədə Lukman De Ketelarenin ötürməsi ilə hesabı açdı. Fasilədən sonra da meydanda ağalıq edən Can Pyero Qasperininin komandası Ruccerinin baxımlı qolu ilə 52-ci dəqiqədə üstünlüyünü daha da artırdı. Qapıçı Lopesin seyvlərinin qonaqların darmadağınını bir qədər ertələdiyini deməliyik. Və Ture son dəqiqədə hesabı 3:0-a çatdıraraq berqamoluların layiqli qələbəsinə şübhə yeri qoymadı. Beləliklə, “Atalanta” 116 illik tarixi ərzində ilk dəfə avrokubokların finalında oynayacaq!

Bombardirlər: Obameyanq (Marsel) – 10, Lukaku (Roma) – 7, Skamakka (Atalanta), Joao Pedro (Brayton) - 6.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Ademola Lukman (Atalanta).

Oyundan sonra
Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Cavab oyununun bu dərəcədə çətin olacağını zənn etmişdim. Çünki Romada qələbə qazansaq da, buna heç də asanlıqla nail olmamışdıq. Matçın gedişində iki top fərqi ilə geridə olarkən bura qədər nə etdiyimizi unutmamalı idik. Futbolçularımızınçətin vəziyyətə verdiyi reaksiyanı çox bəyəndim. Ötən il finala çox yaxın idik, artıq bu mərhələyə vəsiqə qazanmışıq. Komandamız finalda da italyanlarla qarşılaşacaq. “Roma” bizə qarşı hücum qurmaq planında çox yaxşı komandadı. “Atalanta” uzun illərdi Qaperininin başçılığı altında oynayır. Yaxşı təşkilatlanmış komandadı: belə rəqibə qarşı oynamaq maraqlı olacaq”.


Daniele De Rossi, “Roma”nın baş məşqçisi:
“Qəhrəmancasına mübarizə apardıq, ancaq rəqib çox güclü idi. Hər iki matçda yaxşı oynadığımızı düşünürəm. Bircə qapıya zərbə endirmək planında korluq çəkdik, bu isə nəticəyə həlledici təsir edə bilər. Amma uşaqların inanılmaz olduğunu deməliyəm. Bazar günü “Yuventus” ilə matçda son saniyələrə qədər mübarizə aparmışdıq, bu gün isə inanılmaz dərəcədə fiziki və psixoloji güc sərf etdik. 0:2 hesablı geriliyi aradan qaldırmağa nail olursuzsa, möcüzəni reallaşdırmağa yaxınlaşırsızsa, belə qol buraxmaq (Mançininin avtoqolunu nəzərdə tutur – red.) çox ürəkağrıdıcıdı... Belə oyun ruhunu davam etdirmək və mövsümün son matçlarını yüksək səviyyədə keçirmək lazımdı”.


Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Bu gün qarşısıalınmaz olduğumuzu deməyə bir qədər çətinlik çəkirəm. Amma əvvəldən axıra qədər meydanda dominantlıq etdik. Bu, komandamızın qanında olan xüsusiyyətdi. Üç müxtəlif istiqamətdə hücum qurmağa üstünlük veririk. Qol vəziyyətlərindən daha yaxşı istifadə edə bilərdik. Rucceri fantastik qolu vurana qədər intriqa qorundu. Mövsüm ərzində çox oyun keçiririk. Hər matçda yüksək səviyyədə oynamaq çətindi, hərdən mübarizə aparmalı oluruq. Amma bu gün əla qələbə qazandıq”.


Jan-Lui Qasse, “Marsel”in baş məşqçisi:
“Həqiqət budu ki, bu klub (“Atalanta”nı nəzərdə tutur – red.) çox yaxşı işləyir. Bu məşqçi (Qasperinini nəzərdə tutur – red.) bu klubda uzun illərdi çalışır və bir neçə mövsüm ərzində əla komanda qura bilib. Onlar bizdən yaxşı idilər. Hansısa məqamlarda oyuna geri dönmək imkanımız olsa da, bunu etiraf etməliyəm. Hər bir dueldə rəqibə məğlub olduq”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
football-plus.az

1Mənbələr