AZ

Zəhərlənmə əlamətləri

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İnsan sağlamlığına mənfi təsir göstərən, hətta ölümə səbəb olan xəstəliklərdən biri də zəhərlənmədir. Hər hansı kimyəvi, üzvi və ya fiziki maddə bədənə daxil olduqdan sonra ümumi dəyişikliklər baş  verir. Belə hallarda ölümə səbəb olan maddəyə zəhər, hadisəyə isə zəhərlənmə deyilir. İnsan orqanizmini zədələyən, ilin bütün fəsillərində baş verməsi gözlənilən, əhalinin daha çox əziyyət çəkdiyi xəstəliklərdən biridir zəhərlənmə.
 
  Azərbaycan Tibb Universitetinin dosenti İsmayıl Əfəndiyevin fikrincə,  zəhərlənməyə səbəb olan amillər müxtəlifdir: “Hazırda  daha çox rast gəlinən botulinum yaxşı konservləşdirilməmiş yeməklər nəticəsində baş verən ən təhlükəli (hətta, ölümcül) olan qida zəhərlənməsidir. Həmin yeməklər qəbul edildikdən 24 saat sonra da  zəhərlənmə yarana bilər. İshal görülməsə də, qəbizlik (konstipasion) ola bilər. Zəhərlənmə zamanı sinirlərdən əzələlərə gedən xəbərdarlıqlar dayanır. Bunun nəticəsində şiddətli halsızlıq, paralic (qüvvət itkisi) və  ölüm belə baş verir”.
 
1 saylı Kliniki Tibbi Mərkəzin I Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva  ilə söhbətimizdən  məlum oldu ki, əlamətlərinə görə,  zəhərlənmə zamanı ağız və boğaz quru və ağrılı olur, görmə zəifləyir (cüt görmə, bulanıq görmə ola bilər), udma və danışma çətinləşir, halsızlıq  hiss olunur:  “Bununla yanaşı, göz hərəkətlərində məhdudiyyət, bəbəklərdə genişlənmə, tənəffüs əzələlərində iflic yaranarsa, başın ön hissəsində hiss edilən ağrılar olarsa, bunlar da zəhərlənmənin əlamətlərindəndir”.
 
Zəhərlənmə zamanı ilk yardım mühüm əhəmiyyət daşıyır. Həkimin fikrincə, əgər zəhərlənmə baş veribsə, ev şəraitində onun qana keçməsinin qarşısını almaq üçün  ilk növbədə mədəni yumaq lazımdır: “ Bunun üçün 3 litr (yaşlıların mədəsi 3 litr həcmində olur) suyu dayanmadan, fasilə vermədən içmək lazımdır. Bu zaman onikibarmaq bağırsaq zəhəri sora bilmir və nəticədə zəhər qana keçmədən su ilə axıb gedir. İmkan varsa, zəhərlənən şəxsə oksigen verilir - lazımdırsa süni tənəffüs edilir  və  xəstə təcili olaraq xəstəxanaya aparılır. Xəstəyə antitoksin edilməsi mütləq lazımdır.  Zəhər bədənə bilərəkdən (qəsd) və ya bilinmədən (təsadüfi)  dörd yolla  - həzm, tənəffüs, dəri və qanla keçə bilər.
 
 Həzm yolu zəhərlənmələrinə boyat qidalar, dərmanlar, spirtli içkilər, korozif (yandırıcı, tahriş edici), ya da allergik təsir edən maddələr və s. səbəb olur. Əgər zəhərin alınması üzərindən 30 dəqiqə keçməmişsə, o zaman xəstə qusdurulur.
 
Qida zəhərlənmələri bakteriya və ya onun ifrazatları (toksinləri) ilə əmələ gəlir. Mədəbulanma (el arasında ona “ürəkbulanması” da deyirlər, amma, əslində, bu, mədəbulanmasıdır) - qusma, sancı şəklində qarın ağrısı və ishal (diareya) ilə özünü büruzə verir. Salmonella (infeksiya bulaşmış) ət, süd və yumurta ilə yoluxmaya deyilir.Yeməkdən 12-24 saat sonra ani olaraq mədəbulanma-qusma, qarın ağrısı, ishal baş verir”.
 
 Bu tip zəhərlənmənin hər hansı müalicəsi yoxdur. 2-3 gündə özbaşına keçir və xəstəyə antibiotik verilmir. Həddindən artıq ishal və qusmaqla bağlı olaraq dehidratasiya əmələ gəlmişsə, su verilərək itirilən maye bərpa olunur.
 
Bu gün daha çox rast gəlinən qida zəhərlənməsidir ki, o da karbohidratlı, südlü və şəkərli yeməklər nəticəsində baş verir. Belə zəhərlənmələrin qarşısını almaq üçün südlü şirniyyatlar və qaynadılmadan bişirilən yeməklər hazırlandıqdan sonra uzun müddət, sobada və ya isti yerdə saxlanmamalıdır.
 
Clostridium bakteriyası ilə zəhərlənmə böyük miqdarda hazırlanan yeməklərin otaq temperaturunda saxlanmasından və ya kifayət qədər soyuq mühitdə mühafizə edilməməsindən baş verir. Həkim onu da bildirdi ki, bu cür yeməkləri qəbul etdikdən 8-10 saat sonra zəhərlənmə mədəbulanma, qarında sancı şəklində ağrı və ishal ilə özünü göstərir: “Bu zaman dehidratasiya  (bağırsaq işləmələri) nəzarət altına alınır, xəstəyə daha əvvəl də bəhs edildiyi kimi, bol maye içirdilir. Bu vaxt duz və elektrolit itkisini yerinə bərpa etmək üçün bir stəkan suya azca duz və çay sodası qarışdıraraq içirdilməlidir. Yaxud da bu məqsədlə kola, duzlu ayran, meyvə suları, mineral su içirilə bilər. Mümkün qədər bütün maye itkisi  belə içkilərlə  deyil, su ilə əvəzlənməlidir. Yaxşı yuyulmamış, “yemək dibi qalmış qablar” qida zəhərlənməsinə gətirib çıxaran ən dəhşətli faktordur. Bütün hallarda ev şəraitində zəhərlənməyə qarşı ilk yardım göstərilsə belə, vaksinin mütləq vurulmasını unutmaq olmaz. Bunun üçün də zəhərlənən şəxs həkimə, təcili yardım üçün xəstəxanaya çatdırılmalıdır”.
 
Seçilən
89
1
1

1Mənbələr

Şərh ()
Bağla