AZ

Putindən gözlənilən qərar - "Bu, Azərbaycan üçün də önəmli gəlişmədir"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya Prezidenti Vladimir Putin seçkidən bir neçə gün sonra Mixail Mişustini yenidən baş nazir təyin edib. Mişustin Dövlət Dumasında mütləq səs çoxluğu ilə bu vəzifəyə təsdiq olunub. Onun əleyhinə səs verən deputat olmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, prezident seçkisindən sonra Putinin hökuməti bu dəfə Moskva meri Sergey Sobyaninə etibar edəcəyini söyləyənlər var, amma Rusiya lideri baş naziri dəyişdirmədi:

"Kreml sahibi niyə Mişustinə bu qədər etibar edir?

Mişustin Putinin prezidentliyi dövründə beşinci baş nazirdir. Ancaq Putin digər baş nazirlərdən fərqli olaraq, Mişsutinlə növbəti müddətdə də işləməyə qərar verib. Kreml sahibi onun fəaliyyətindən razıdır. Məsələn, Mişustindən əvvəl baş nazir Putinin dostu Dmitri Medvedev idi. O, prezident kreslosunu baş nazir kreslosu ilə dəyişdi və ona görə Putin bir müddət dostuna toxunmadı. Ancaq Medvedevin iqtisadi bilik və bacarıqları Putini qane etmirdi. Kreml sahibinə baş nazir kreslosunda siyasətçi deyil, iqtisadi problemlərdən başı çıxan texnik lazım idi. Mişsutin Federal Vergilər Xidmətinin rəhbəri kimi özünü müsbət mənada təsdiqləmişdi. Onun uğurlu fəaliyyəti Putinin dəqqətindən yayınmadı. Digər tərəfdən, Putinə həm də elə baş nazir lazım idi ki, gələcəkdə varisliyə iddia etməsin. Bu səbəblərdən 2020-ci ildə Mişustini baş nazir vəzifəsinə gətirmişdi.

Mişustin siyasi fiqur deyil, sırf iqtisadi mövzularla məşğuldur. Təsadüfi deyil ki, Mişustin siyasi mövzularda heç vaxt açıqlama vermir. Rusiya iki ildən çoxdur Ukraynada işğalçı müharibə aparır və Rusiya rəsmiləri bu mövzuda müxtəlif açıqlamalar verirlər. Mişustin bu məsələyə qarışmır və müharibə ilə bağlı açıqlamalar vermir, öz işiylə məşğuldur.

Mişustin baş nazir olduğu müddətdə iki gözlənilməz olayla üzləşib. Onun təyinatı koronavirusun dünya və Rusiyada yayıldığı günlərə təsadüf etdi və Mişustin ilk gündən fəaliyyətini xəstəliklə mübarizəyə yönəltdi. Virus geri çəkildikdən az sonra Mişustin ikinci ciddi sınaqla üzləşdi: Rusiya Ukraynaya qarşı müharibəyə başladı. O, bu dəfə Qərbin sanksiyaları ilə qarşılaşdı. Bu, Rusiya iqtisadiyyatı üçün koronavirusla mübarizədən daha ağır sınağa çevrildi, baş nazir bu günə qədər mövcud problemlərin həlliylə məşğuldur.

Buna baxmayaraq, Mişustin Rusiya iqtisadiyyatını iflasdan qoruya bildi. Halbuki Qərb ölkələri müharibə və sanksiyalar fonunda Rusiya iqtisadiyyatının qısa müddətdə çökəcəyini proqnozlaşdırırdı. Rusiya Avropaya sata bilmədiyi qaz-nefti Asiya bazarlarına yönəldib və itirdiyi gəlirlərinin əvəzinə çıxmağa çalışır".

Mərkəzin ekspertləri bildirirlər ki, Mişustin Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə də ticarət əlaqələrinin inkişafını da hədəfləyib:

"Rusiya baş naziri bu ilin martında Azərbaycana ikigünlük səfəri zamanı Bakıda iqtisadi əməkdaşlıq və ticarəti genişləndirmək mövzularını müzakirə edib. Mişustin Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələr, o cümlədən Azərbaycanla ortaq iqtisadi layihələrin reallaşmasına çalışır. Rusiyanın Azərbaycanın kənd təsərrüfatı məhsullarına ehtiyacı var. Azərbaycan Rusiya ilə ticarət əlaqələrini genişləndirməyə hazırdır. Önəmli olan Mişustinin iki ölkə arasında idxal-ixrac əməliyyatlarında Rusiyanın müxtəlif strukturlarının yaratdıqları süni maneələri aşmasıdır".

Bu baxımdan, mərkəzin analitiklərinin fikrincə, yenidən Rusiya baş naziri təyin edilən Mişustin Azərbaycan üçün də önəmli fiqurdur.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
136
2
1

1Mənbələr

Şərh ()
Bağla