AZ

Sülhə qənim kəsilənlər – erməni kilsəsi, Qarabağ quldurları və diaspor

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Erməni apostol kilsəsinin Ta­vuş yeparxiyasının rəhbəri, arxi­yepiskop Baqrat Qalstanyanın çağırışı ilə baş nazir Nikol Paşin­yanın siyasətinə etiraz edən əhali dünəndən itaətsizlik aksiyasına başlayıb. İrəvanda və digər şəhər­lərdə aksiyaya çıxan əhali əsas küçə və prospektləri bağlayıb. Paytaxtda yerləşən “Qələbə” kör­püsündə, “Azatutyun” prospek­tində, eləcə də Tbilisi şosesində hərəkət dayanıb. 

Polisin yolu açmaq cəhdləri uğursuz­luqla nəticələnib. Bu üzdən, asayiş keşik­çiləri onların tələblərinə məhəl qoymayan etirazçıları saxlamağa məcbur olublar.

Bir qrup aksiya iştirakçısı isə səhər saatlarında Eçmiədzindəki 7 saylı orta məktəbin qarşısında ora gəlişi gözlənilən Nikolu boykot etməyə çalışıb. Ancaq az sonra onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Yeri gəlmiş­kən, qeyd edək ki, baş nazir bu il ikinci dəfə həmin məktəbin idman zalında olub.

Maraqlıdır ki, kilsənin dini və inzibati mərkəzinin yerləşdiyi Eçmiədzin şəhə­rində saxlanılan 6 nəfərin üzərindən si­lah-sursat aşkar edilib. Bununla bağlı ölkənin daxili işlər nazirliyi məlumat ya­yıb. Ümumilikdə, dünən qarışıqlıq sal­maq istəyən 50-dən çox şəxs saxlanılıb.

Qeyd edək ki, itaətsizlik aksiyası ilə bağlı çağırış B.Qalstanyan tərəfindən mayın 9-da paytaxtın mərkəzi meydanın­da keçirilən mitinqdə edilib. O, tələbələri mayın 10-dan dərsləri boykot etməyə, rayon və şəhər sakinlərini isə yaşadıq­ları yerlərdə aksiyalar keçirməyə çağı­rıb. Arxiyepiskop etiraf edib ki, baş naziri qanuni yollarla devirməyə gücləri çatmır. Buna görə də itaətsizlik aksiyaları ilə məqsədlərinə nail olmaq istəyirlər: “Er­mənistan parlamentinin müxalifət fraksi­yaları baş nazirin impiçmenti prosesinə başlamağa hazırdır. Amma 20-yə yaxın səs çatışmır”.

Ümumiyyətlə, aksiyalar lokal xarakter daşıyıb. Aksiyalara qatılanların sayının azlığı diqqəti cəlb edib. Buna baxmaya­raq, din xadimi adlanan bu şəxs bazar günü 18:30-da yenidən mitinq keçirəcək­lərini bildirib və xalqa üz tutaraq aksiyada aktiv iştiraka səsləyib.

Baqratın çağırışına səs verənlərin sa­yının az olması Ermənistan cəmiyyətinin revanşistləri dəstəkləmədiyinin göstərici­sidir. Haylar bununla Azərbaycan və Tür­kiyə ilə münasibətləri normallaşdırmaq kursu götürmüş N.Paşinyana dəstək ver­diklərini, müharibələrdən yorulduqlarını, dinc və əmin-amanlıq şəraitində yaşa­maq istədiklərini nümayiş etdirirlər.

Ermənistan–Azərbaycan münasibət­lərinin korlanmasına hər zaman “xüsusi töhfə” verən xaricdəki erməni diasporu isə yenə öz əməllərindən qalmır. Dünən Avstraliya və Yeni Zelandiya erməni ye­parxiyası “Vətən naminə Tavuş” hərə­katını dəstəklədiyini bildirib. Bu barədə yeparxiyanın ofisinin bəyanatında deyilir. Bəyanatda Ermənistan hakimiyyətinin “birtərəfli güzəştləri” (?) pislənilib. Hö­kumətdən “güzəşt siyasətinə son qoy­maq”, Ermənistanın ərazi bütövlüyünü və xalqın milli hüquqlarını müdafiə etmək tələb olunub.

Onu da qeyd edək ki, mayın 12-də Avropanın 11 ölkəsinin 30-a yaxın şəhə­rində “Vətən naminə Tavuş” hərəkatına dəstək nümayişləri keçiriləcək. Bu barə­də hərəkatın yaydığı məlumatda deyilir. Nümayişlər Belçika, Bolqarıstan, Fransa, Kipr, Danimarka, Yunanıstan, Niderland, İsveç, Böyük Britaniya və digər ölkələr­də baş tutacaq. Bu hadisə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimi­tasiyası və demarkasiyası ilə bağlı uğurla başlanmış prosesə təkcə erməni kilsəsi­nin və Qarabağ klanının deyil, diasporun da qarşı çıxdığından xəbər verir. Bu üç qüvvə son proseslərdə xüsusi canfəşan­lıq nümayiş etdirirlər. Əslində, onlar bu­nunla iki ölkə arasında və ümumiyyətlə, bölgədə sülhün yaranmasına qarşı ol­duqlarını aşkar şəkildə ortaya qoyurlar.

Ermənistan mediasında isə “Vətən naminə Tavuş” vətəndaş hərəkatının iç üzünü açan, keçmiş hakimiyyət təmsil­çilərinin qanunsuz əməllərini ifşa edən yazılar dərc edilməkdədir. “Koçaryanın Ermənistanın müstəqilliyinə və təhlükə­sizliyinə qarşı marionetkası” sərlövhəli belə yazıların birində bildirilir ki, Qarabağ klanı, daşnaklar və onların “yemlədiyi” keşişlər – II Qareginin nökərləri ən adi manqurtlardan ibarət cinayətkar dəstə­dir. Qeyd olunur ki, artıq maskalar yırtılıb, kartlar açılıb: “Arxiyepiskop Baqrat Qals­tanyanın “rəhbərlik etdiyi” “Vətən naminə Tavuş” hərəkatını nəzərdə tuturuq. “Rəh­bərlik etdiyi” sözünü dırnaq içərisində yazmağımız təsadüfi deyil. Çünki gözlə­nildiyi kimi, kilsənin xidmətçiləri dağıdıcı qüvvələrin əlində marionetkaya, sözə­baxan, itaətkar alətə çevriliblər. Necə? Bunu izah etməyə çalışacağıq”.

Bildirilir ki, Tavuşdan İrəvana bir din xadiminin başlatdığı teatral yürüş ölkənin ayıq düşüncəli vətəndaşlarına artıq oy­nanılmış oyun kimi göründü: “Bəli, Baq­rat srbazan (yeri gəlmişkən, qeyd edək ki, “srbazan” erməni apostol kilsəsində tituldur, “müqəddəs, ən müqəddəs” an­lamına gəlir – S.H.) indiki hakimiyyətə qarşı olan əhalinin bir hissəsinin diqqətini çəkdi. Başqa necə? Axı o, Azərbaycana “birtərəfli güzəştlərə”, sərhədlərin delimi­tasiya və demarkasiyasına qarşı çıxıb, ümumiyyətlə, acı reallığı hələ də qəbul edə bilməyənlərin hissləri ilə məharətlə oynayıb. Bəli, bu reallıq, doğrudan da, acıdır, ürəyimizi parçalayır. Amma başı çiynində olanlar bilirlər ki, İrəvanda ha­kimiyyətdə kimin olmasından asılı olma­yaraq, vəziyyəti ən azı yaxın 10-15 ildə dəyişmək mümkün olmayacaq. Paşinyan olmasın, Qriqoryan olsun. Nə dəyişəcək? “Artsax”ı yenidən fəth etməyə gedəkmi? Bizim buna gücümüz çatarmı? Real­lıqda bunu istəyənlərin sayı da o qədər çox deyil. Ən azı, 44 günlük müharibədə mən İrəvanda belələrini görmədim. Sa­dəcə demaqoqluq, yalançı vətənpərvər­lik, bayraq dalğalandırmaq və uca səsli çıxışlar var idi. Amma həmin aksiyaların iştirakçılarından yalnız bir neçəsi hərbi komissarlıqlara gələrək döyüşə gedib. Məğlubiyyətdən sonra onları tapmaq belə mümkün deyil. Hətta, Ermənistan­da mövcud hakimiyyətin tam qayğısına qaldığı “artsaxlılar” da döyüşmək arzusu ilə alışıb-yanmırlar. Əgər onlar istəmir­lərsə, o zaman bunu kim edəcək? Yeni müharibə bizim üçün daha böyük faciəyə çevriləcək. Çünki indi bizim nə 2020-ci ilə qədər olan gücümüz, nə də beynəlxalq dəstəyimiz var”.

Qeyd edilir ki, buna baxmayaraq, cəmiyyətin bir hissəsi Qalstanyana ina­naraq, onun arxasınca getdi. O, tezliklə İrəvanda Paşinyana ultimatumlar ver­məyə, istefasını tələb etməyə başlayan­da hər şey öz yerinə düşdü: “Arxiyepis­kop da, onun arxasında duran qüvvələr də öz eqoist maraqlarını güdürlər. Baqrat Qalstanyan daşnak İşxan Saqatelyanı və keçmiş müdafiə naziri Seyran Ohanyanı öpüb bağrına basanda, ruhaniyə kimin rəhbərlik etdiyi məlum oldu. Ohanyan­la Qalstanyan arasındakı görüş şəxsən mənim üçün soyuq duş idi. Axı, bu həmin Ohanyandır ki, ordunu şəxsi varlanma vasitəsinə çevirib, onu metodik şəkildə məhv edib, talayıb. Ohanyanla gəzib-do­laşan adamın arxasınca getmək ordumu­za, ölkəmizə nifrət etmək deməkdir”.

O da bildirilir ki, Qalstanyan Koçar­yanla görüşə gedəndə, nəhayət, hər şey aydınlaşdı. Bəlli oldu ki, bütün bu teatr tamaşası Ermənistanda hakimiyyəti də­yişmək və Azərbaycanla yeni müharibəni başlamaq arzusunda olan ikinci prezi­dent tərəfindən koordinasiya edilib.

Müəllif Tevos Arşakyan oxucularına üz tutaraq yazır: “İndi siz, əziz oxucular, baş verənlərin bütün mənzərəsini başa düşürsünüz. Qarabağ klanı, daşnaklar və onların şirnikləndirdiyi keşişlər – II Qareginin nökərləri ən adi manqurtlardır, onilliklər ərzində bizim və ölkəmizin he­sabına zənginləşən cinayətkar dəstədir. Onlar hakimiyyətə qayıtmaq, qənimətləri­ni geri almaq arzusundadırlar. Və onların hakimiyyətə əsas namizədi qaniçən Ro­bert Koçaryandır. Mayın 9-da meydanda Baqratın sözlərinə qulaq asanlar o dövrü unudublarmı? Siz yenidən Koçaryan–Sarkisyan dəstəsinin zənginləşmə mən­bəyinə çevrilmək istəyirsiniz? Onların ölkədə necə vəhşiliklər törətdiklərini və bunu necə ört-basdır etdiklərini unutmu­sunuz? Əlbəttə, Paşinyan mələk deyil, amma onu Qarabağ klanından olan qatil­lərlə müqayisə etmək olmaz. Sonda, heç olmasa, özünüqoruma instinktinizi işə sa­lın – əgər sərhədin müəyyənləşdirilməsi prosesi pozularsa, deməli, bizi müharibə gözləyir”.

Göründüyü kimi, Ermənistanda açıq fikirli şəxslər hadisələrin əsl mahiyyətini başa düşür və hayları əvvəlki rejimləri dəstəkləməməyə, yenidən qan tökül­məsinin qarşısını almağa çağırırlar. Ancaq Ermənistanda etirazları təşkil edənləri, onları xaricdən dəstəkləyən­ləri erməni xalqının istəyi və taleyi heç cür maraqlandırmır. Koçaryanın ortaya atdığı keşiş Baqratın davranışlarından bunu aydın görmək olar. Mayın 9-da İrəvan meydanında çıxış edən Baqrat Azərbaycanla razılaşmaların əleyhinə çıxdı, Paşinyanın istefa verməsini tələb etdi. Lakin o, ölkəmizlə münasibətlərə dair alternativ olaraq nə təklif etdiklə­rini, planlarının nədən ibarət olduğunu açıqlamadı. Çünki alternativ planları yoxdur. Onlar üçün əsas və yeganə məqsəd nə yolla olur-olsun, hakimiy­yətə gəlməkdir.

Mövzu üzrə söhbətləşdiyimiz politoloq İlyas Hüseynov bildirdi ki, din xadimi adlanan şəxsin başlatdığı aksiyada siyasi tələblərin irəli sürülmə­si nonsensdir. Onun sözlərinə görə, B.Qalstanyan delimitasiya və demarkasi­ya prosesinə qarşı çıxan, Paşinyan ha­kimiyyətini devirmək istəyən qüvvələrin əlində alətdir. Onun qanuni yolla seçilmiş hökumət başçısının impiçmentinə çağırış etməsi bunu deməyə əsas verir: “Kilsə Hayastanda hər zaman böyük qüvvə olub, eyni zamanda, onun əlində böyük maddi sərvət cəmləşib. Təsadüfi deyil ki, Ermənistanda kilsəni “dövlət içində dövlət” adlandırırlar. Kilsə bu gün haki­miyyətə qarşı çıxır. Xaricdəki erməni di­asporu, daşnaklar, revanşistlər, ayrı-ayrı güc mərkəzləri də bu prosesdə maraqlı­dırlar”.

Politoloq hesab edir ki, impiçment istəyi uğurla nəticələnməyəcək. Çünki parlamentdə çoxluq Paşinyanın tərəfin­dədir: “Paşinyanı mitinqlər yolu ilə də de­virmək müşkül məsələdir. Çünki Nikol özü meydandan gəlmiş adamdır. 2018-ci ildə onun tətbiq etdiyi metodu indi etirazçılar sınaqdan çıxarmağa çalışırlar. Paşinyan İrəvana İcevandan yürüş etmişdi, indi Baqrat da eyni üsulu tətbiq edərək İrəva­na Tavuşdan gəldi. Görünür, müxalifətdə­ki siyasi texnoloqlar bu istiqamətdə analiz apararaq, uğur qazanmaq istəyirlər”.

Siyasi ekspert, həmçinin qeyd etdi ki, polisin sanksiyalaşdırılmamış itaətsizlik aksiyaları zamanı güc tətbiq etməsi, bir sıra şəxsləri saxlaması, qarşıdakı gün­lərdə etirazçıları asayiş keşikçiləri ilə toqquşmaya getməkdən çəkindirəcək amildir.

İ.Hüseynov onu da bildirdi ki, bu, Ha­yastanın daxilində baş verən hadisədir və Ermənistan hökumətinin Azərbaycan­la sülh müqaviləsi imzalamaq, delimita­siya və demarkasiya prosesi aparmaqla bağlı siyasi iradəsinə təsir etməməlidir: “Kəndlər Azərbaycanın nəzarətinə qay­tarılmalıdır. Mayın 10–11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüblər. Sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələr davam edir. Düşünürəm ki, bu proses mümkün qədər tez bir zamanda öz həllini tapacaq”.

Səxavət HƏMİD
XQ

Seçilən
107
1

1Mənbələr

Şərh ()
Bağla