AZ

Avropa Parlamenti “huşunu itirib”

Yaxud yanlış siyasət ucbatından itirilmiş nüfuzu geri qaytarmaq cəhdləri

Yarandığı vaxtdan Fransanın he­gemonluq etdiyi Avropa İttifaqı (Aİ), xüsusilə də onun parlamenti Cənubi Qafqaza xüsusi yanaşması ilə seçilib. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq, Azərbaycana daha çox yaxınlaşan Aİ iqtisadi inteqrasiyanı dərinləşdirmək və siyasi əməkdaşlı­ğı artırmaqla, bu təməl üzərində irə­liləmək yolunu tutdu. 

Fəqət Ermənistan və Azərbaycan ara­sındakı hərbi münaqişədə birincinin tərə­fində dayanan Aİ özünün ikili standartla­ra söykənən siyasəti ilə bu münabətlərə xələl gətirməyə başladı.

Avropa Parlamenti (AP) isə “demok­ratiya”, “insan hüquqları” kimi məfhum­ları “rəhbər tutaraq”, dövlətimizə təzyiq etmək, Azərbaycanın yüksək beynəlxalq imicinə və reytinqinə xələl gətirmək üçün ən müxtəlif vasitələrə baş vurdu. “Qoca qitə”nin qanunverici qurumu son 10 ildə Azərbaycan əleyhinə onlarca qətnamə qəbul etdi. Onun üçün “demokratiya, in­san haqları” oyunu müstəqil milli dövlət­lərə, o cümlədən Azərbaycana qarşı, bir növ, təzyiq göstərmək vasitəsidir. Xüsu­silə son 3 ildə AP Yelisey sarayından aldı­ğı təlimatlara uyğun olaraq, ölkəmizə qar­şı qərəzli mövqeyini daha qabarıq şəkildə göstərdi. Bakı AP-nin bir qrup deputatının ölkəmizə qarşı erməni lobbisinin sifarişlə­rini yerinə yetirdiyini yaxşı bilir.

Lider qıtlığı və “lobbiçilik” 

2024-cü il iyunun 6–9-da AP-yə seçkilər keçirilə­cək. Aİ-nin üzvü olan 27 ölkədən 720 deputat seçilə­cək (yerlərin sayı ölkə əhalisinin sayına proporsional olaraq müəyyən edilir –red.). Ekspertlərin qənaətincə, budəfəki seçkilərdə avroparlamentdəki milli müha­fizəkarlar, avroskeptiklər və ifrat sağçıların mövqeyini daha da gücləndirəcəklər. Onlar hesab edirlər ki, indi Avropada xalqın dəstəklədiyi, siyasi uğurları ilə üzdə olan, populyar liderlər yoxdur. Aİ bu gün Jak Şirak, Angela Merkel kimi nəhəng simalara ehtiyac duyur. Çünki indikilər bu boşluğu doldurmağa qadir deyillər. 

Lider qıtlığını şərtləndirən amillərdən biri də ciddi siyasətçilərin bir çoxunun Aİ-nın yürütdüyü yanlış xət­tə qarşı olmaları, bu səbəbdən irəli çıxmaq istəməmələ­ridir. Təsadüfi adamların namizəd siyahılarında yer alması geniş kütləni narazı salır. Bunun başqa bir sə­bəbi isə əvvəlki illərlə müqayisədə AP-nin tərkibinin zəifləməsi, burada müstəqil mövqeyi, öz sözü, siyasi iradəsi olan deputatların getdikcə azalmasıdır. 

Hazırda Avropa Parlamentinin prezidenti Roberta Metsola ermənilərə lobbiçilik edənlərin başında durur. Avropa Xalq Partiyası (AXP) AP- də ən böyük fraksiya sayılır. AP-nin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kris­tersson AXP-nin üzvləridir. 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyimiz antiterror tədbirindən sonra bu qurumun Azərbaycana təzyiqi daha da artıb. Son 6 ayda ermənipərəst AP Azərbaycana qarşı 3 qət­namə qəbul edib. Burada diqqəti çəkən məqam Avropa dövlət başçılarının deyil, parlamentarilərin ermənilərin müdafiəsinə qalxmasıdır. Fransa istisna olmaqla, Aİ üzvü olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ölkə başçıları ölkəmizin əleyhinə fikir söylə­mirlər. Amma ayrı-ayrı dövlətlərin parlamentləri açıq şəkildə anti-Azərbaycan, ermənipərəst mövqedən çıxış edirlər. 

Bu yaxınlarda “Ipsos”un “Euronews”un sifarişi ilə keçirdiyi eksklüziv sorğunun nəticələri avroparlamen­tarilər üçün heç də ürəkaçan deyil. Ən azı, Aİ-nin hazır­ki rəhbərliyi üçün. Sorğuda Aİ-yə üzv olan 18 ölkədən 26 minə yaxın vətəndaş iştirak edib. Rəy sorğusunun nəticələrinə görə, Avropa Komissiyasının fəaliyyət reytinqi Aİ məkanında qeyri-bərabər paylanır. Bir sıra ölkələrdə bu nəticələr qorxunc dərəcədə aşağıdır. Bu isə Ursula Von der Lyayenin ikinci müddətə postunda qalacağına şübhələri artırır. Respondentlərin əksəriy­yəti ölkələrinin Aİ üzvlüyünü müsbət qiymətləndirsə də, amma onların yalnız üçdə biri Avrokomissiyasının işindən razıdır. 

Aİ-nin tarixi “uğuru” 

Hələ 20 il əvvəl Aİ “Qoca qitənin” hər tərəfində yüz milyonlarla insana böyük ümidlər verirdi. Böyük, bütöv və çiçəklənən Avropa nağılı, həqiqətən də, re­allığa çevrilə bilərdi. Amma bu gün Aİ daxilində bu qurumun “komaya” düşdüyü, “ölüm təhlükəsi” ilə üz­ləşdiyi barədə söhbətlər gedir. Mayın 1-də Aİ “böyük genişlənmə”nin iyirminci ildönümünü qeyd etdi. Yubi­ley xüsusi təmtəraqla və zəfərlə qeyd olundu. Əlbəttə ki, yubiley coşqusu 2004-cü ildə Aİ-nin tamhüquqlu üzvünə çevrilən ölkələrdə yaşandı. Bunlar Şərqi və Mərkəzi Avropa ölkələri – Estoniya, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Macarıstan, eləcə də Malta və Kiprdir. Onların ardınca Bolqarıs­tan, Rumıniya və Xorvatiya da Aİ-nin bir parçası oldu. İntəhası, Aİ, hətta SSRİ-nin üç keçmiş respublikasını da əhatə edən inteqrasiya və “böyük genişlənmə” ilə Avropanın “çiçəklənmə dövrünün”, bir növ, “tarixi uğur”unun rəmzinə çevrildi. Bundan başqa, “böyük genişlənmə” Aİ-nin özündən çox kənarda gedən pro­seslərə əhəmiyyətli təsir göstərdi. Həmin proses Avra­siya məkanında çoxdan mövcud olan bəzi kommersiya maraqları ilə yanaşı, siyasi inteqrasiyanı da dəyişdir­di. Son iyirmi ildə ən yaddaqalan hadisə isə odur ki, “Qoca qitə”nin hüdudlarında yaşayan yüz milyonlarla insan böyük, bütöv və firavan Avropa haqqında nağı­lın gələcək nəsillər üçün, həqiqətən də, reallığa çevrilə biləcəyinə yeni ümidlər vəd etdi.

Liberalizmin qələbəsi

Yaxın tarixə nəzər salaq. XXI əsrin əvvəllərin­də Avropaya inteqrasiya layihəsinin təntənəsi üçün, demək olar ki, hər cür şərait var idi. Kommunizm ka­busu Avropanı təqib etməyi dayandırdı. Onun yerinə kapitalizmin və demokratiyanın “sehrli gücünə” və onların prinsiplərinə əsaslanan qloballaşmaya, az qala, başgicəlləndirici inanc gəldi. Berlin divarı və “dəmir pərdə” ilə iki yerə bölünmüş qitənin əvəzinə, sürətlə və dönməz şəkildə qarşılıqlı əməkdaşlıq, sülh və firavan­lıq məkanına çevrilən Avropanı gördük. “Soyuq müha­ribə”nin nisbətən qansız başa çatması, artıq yenilənmiş Avropa üçün Paris Xartiyasının qəbulu, hərbi şəffaflıq və etimadın möhkəmləndirilməsi tədbirləri sahəsində əməkdaşlıq da çiçəklənən gələcəkdən xəbər verirdi. 

Amma, bununla paralel olaraq, dəyərlərin dəyiş­məsi də baş verirdi. Yəni, baş verənlər, sanki, Frensis Fukuyamanın tarixin sonu ilə bağlı nəzəriyyəsinin təs­diqindən başqa bir şey deyildi. Həmin nəzəriyyə sadə olduğu qədər cəlbedicidir. Hətta bəzi mənalarda məs­tedici görünür. Fukuyama nəzəriyyəsinə görə, sosial nizamın optimal formalarının əsrlər boyu davam edən ağrılı və qanlı axtarışlardan sonra bəşəriyyət, nəhayət, son mənzilə çatacaq. İndi, kapitalizmin ekzistensial döyüşdə kommunizm üzərində qələbə çalmasından sonra bəşər sivilizasiyası dəqiq anladı ki, onun xoşbəxt və təminatlı gələcəyi liberal demokratiyada və bazar iqtisadiyyatındadır. Yəni, demokratiyanın liberallaş­ması labüd prosesə çevrildi. 

“Qoca qitə”nin sonu yaxınlaşırmı?

Bu gün Avropada İkinci Dünya müharibəsindən sonra ən böyük silahlı qarşıdurma alovlanmaqdadır. Əgər bu təhlükəli tendensiya davam edərsə, sonda alov Aİ-nin bütün coğrafiyasına yayıla bilər. Belə bir şəraitdə, təbii olaraq, “Qoca qitə”nin iqtisadiyyatı da sarsıntılara məruz qalacaq. Bununla bağlı skeptiklə­rin bədbin proqnozlarının fonunda avantürist şüarları sevən Fransa prezidenti Emmanuel Makron Aİ-nin “komadan” ayıla bilməyəcəyindən danışır. O, hələlik Avropa sivilizasiyasının dağılması perspektivləri barə­də yüksək tonda xəbərdarlıq edir. Bu zaman sadəcə ins­titusional Avropanı deyil, coğrafi məkanı nəzərdə tut­duğunu vurğulayır. Amma mahiyyət etibarilə, o, iyirmi il əvvəl vəd olunan və Aİ-nin hələ də can atdığı dəyər­ləri nəzərdə tutur. Daha doğrusu, itirilmiş dəyərlərini. 

Hazırda bizim gözümüzün qarşısında Avropaya in­teqrasiyanın bu günədək rast gəlinməyən keyfiyyətcə fərqli forması yaranır və ciddi dəyişikliklər baş verir. Dünyanın qütblərində və strukturunda müşahidə edilən transformasiyalar Avropanı tədricən geosiyasi cəhət­dən ikinci dərəcəli bölgəyə çevirir. Bunun müqabilin­də dünyanın geoiqtisadi ağırlıq mərkəzi də dəyişməyə başlayıb. Buna görə də, Aİ-nin üzləşdiyi böhran vəziy­yətinin yeni inteqrativ vasitələrlə aradan qaldırılması mümkün görünmür. 

Beləliklə, Aİ-nin bundan sonrakı fəaliyyətini və simasını formalaşdıracaq parlament seçkilərinin ciddi sınaq olduğu göz qabağındadır. Azərbaycan əleyhinə ikili standartlara söykənən qərəzli qətnamələr qəbul edən AP insan hüquqlarını əsas tutduğunu iddia edirsə, Bakı ilə münasibətlərini buna uyğun şəkildə qurmalı­dır. Əslində, bunu onlardan düşdükləri ağır durum və mənafeləri tələb edir. 

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnamələri, həqiqətən, qəbuledilməzdir. Bəli, bu səbəbdən, həmin qurumun Azərbaycanda nüfuzu tamamilə aşağı düşüb, artıq onun növbəti qətnamə və qərarlarını ciddi qəbul etmirik. Amma, bu, heç də Avropanın özünə aid deyil. Doğrudur, seçkiöncəsi müəyyən problemlər var. Bununla yanaşı, Avropa Parlamenti qitənin nüfuzlu siyasi institutu olaraq qalmaqdadır. Deyə bilərik ki, seç­kilərdə mübarizə, əsasən, iki qrup arasında gedə­cək. Bunlardan birincisi populist, sağ təmayüllü qüvvələrdir. İkinci qrup isə ənənəvi solçulardır. Görünən odur ki, populistlərin bəzi nümayəndələ­ri avroparlamentdə müəyyən qədər səs əldə edə biləcəklər. 

Bir daha qeyd etmək istərdim ki, Avropa Par­lamentinin Azərbaycana o qədər də təsiri yoxdur. Bu günlərdə Bolqarıstan Prezidentinin və Slova­kiya Baş nazırının Azərbaycana səfərləri, Bakıda hər iki tərəf üçün vacib sənədlərin imzalanması onu göstərir ki, Avropanın ayrı-ayrı dövlətləri Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyir­lər. Avroparlamentin qətnamə və bəyanatları isə elə kağız üzərində qalır. Digər tərəfdən, onu da qeyd etməliyəm ki, Avropa Parlamentinin qitədə tamamilə nüfuzdan düşməsini demək də bir qədər yanlışdır.

İmran BƏDİRXANLI
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
xalqqazeti.az

10Mənbələr