AZ

Güləşçilərimiz daha üç lisenziya qazandı

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirinin ilk günündə 4 yunan-Roma güləşçimizxalça üzərinə çıxıb.

Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) Paris Olimpiadasına lisenziya qazansa da, Murad Əhmədiyev (97 kq) 1/4 finalda uduzub. Turnirlə bağlı fikirlərini öyrənmək üçün Murad Məmmədov və Rafiq Hüseynov ilə əlaqə saxladıq.

Murad Məmmədov:
“Yarış mən və yoldaşlarım üçün uğurlu keçdi. 3 lisenziya qazandıq. Turnirə çox ciddi hazırlaşmışdıq. Qubada da təlim-məşq toplanışı keçmişdik. O məşqlərdən sonra inanmırdım ki, gedib orda kiməsə uduzum. Şükürlər olsun ki, keçirdiyim 4 görüşün hər birində rahatlıqla qalib gəldim. Olimpiadadakı rəqiblərimlə tanışam. Əsas rəqiblərim qırğız və yapon idmançılarıdı. Gedənə qədər onların da üzərində işləyəcəm. İnşallah, bu uğuru orda da əldə edəcəm. Yaxşı nəticə əldə edəcəyimə inanıram”.


Rafiq Hüseynov:
“Yarışa çox ciddi hazırlaşmışdıq. Son iki təlim-məşq toplanışını ölkədən kənarda keçmişdik. Təşkilatçılıq yüksək səviyyədə idi. Rəqiblərin çətinliyi də göz qabağındadı. Öz çəkimdə güləşməmək mənim üçün çətinlik yaratdı. Normalda 82 kq-da güləşirəm. Lakin bu qeyri-olimpiya çəkisidi və mən Olimpiadada iştirak etmək istəyirdim. Ona görə də 87 kq-da çıxış etməyə başladım. Məni tanıyanlar, yaxınlarım bilir ki, bir neçə ciddi zədəm var idi. Martda boyun nahiyəsindən iki əməliyyat olunmuşam. Onlar mənə ciddi maneə törədirdi. Bakıda keçirilən lisenziya turnirində müəyyən səbəblərə görə iştirak edə bilmədim. Bu da mənə psixoloji təsir etdi. Türkiyədəki yarış da son şans olduğu üçün mənə görə çox çətin idi. Olimpiadadakı rəqiblərimi yaxından tanıyıram. Hər biri çox yaxşı güləşçidi. Fikirləşirəm ki, növbəti Olimpiya Oyunları fərqli və çox maraqlı olacaq. Ora sürprizlərlə doludu. Mən, sadəcə, sevdiyim işlə məşğulam, məşqimi edib, yarışda iştirak edirəm. Qismətimdə varsa, hər şey yaxşı olacaq”.

[left][/left]
Dünən qadınlardan ibarət yığmanın 4 üzvü xalça üzərinə çıxıb. Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) rəqiblərinə məğlub olaraq lisenziya şanslarını itiriblər. Mariya Stadnik isə yarımfinala qədər irəliləyərək bu mərhələdə KXDR təmsilçisi Son Hyanq Kimə məğlub olmaqla lisenziya şansını bugünə saxlayıb. O, 3-cü yer uğrunda görüşdə qalib gələrsə, Olimpiadaya vəsiqə qazanacaq.

GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
football-plus.az

1Mənbələr