AZ

Qərb Gürcüstan cəmiyyətini parçalayır

Yazını böyüt
Yazını kiçilt

Qonşu Gürcüstanda baş verən proseslər region ölkələri, o cümlədən Azərbaycan tərəfindən diqqətlə izlənilir. Gürcüstanda baş verənləri Qərbin ssenarisi hesab edən ekspertlər bu ölkənin Ukrayna variantını yaşaması ehtimalını önə çəkməkdədir. Belə hesab olunur ki, eyni ssenari, artıq 2004-cü ildə Gürcüstanda tətbiq olunmuşdu və hakimiyyətə gətirilmiş Saakaşviliyə yalan vədlər verilərək, ölkə 2008-ci ildə Rusiya ilə qarşıdurmaya sürüklənmişdi. Nəticədə, Cənubi Osetiya və Abxaziya itirilmişdi. Saakaşvilini bu avantüraya sürükləyən Qərb isə onun arxasında dayanmadı və nəticədə uduzan Gürcüstan cəmiyyəti oldu. Eyni mexanizm yenidən işə salınıb.

Bu dəfə də Qərbə inteqrasiyanı təbliğ edənlər sürətlə artmaqdadır. Bu işdə ən çox fəallığı isə maliyyəsi Qərbdən gələn qeyri-hökumət təşkilatları oynayır. İqtidar bu maliyyənin mənbəyinin açıqlanması və hansı məqsədlərə xidmət etdiyini dəqiqləşdirmək üçün "xarici agentlər haqqında" qanun layihəsini qəbul etməyə hazırlaşır. Qanun parlamentdə bir neçə dəfə müzakirəyə çıxarılıb. Avropaya inteqrasiya tərəfdarı olduqlarını söyləyənlər kütləvi iğtişaşlarla bu prosesi dayandırmağa çalışır. Qərb institutları isə açıq şəkildə rəsmi Tbilisini təhdid edir. Hökumət isə geri çəkilmək fikrində deyil. Maraqlı məqam odur ki, eyniməzmunlu qanun həm ABŞ-də, həm də Avropa İttifaqında mövcuddur. Onların maraqlarını diqtə edən QHT-lərə maliyyə yardımı ayrılmasının şəffaflaşdırılmasını tələb edən qanunun digər ölkələrdə, o cümlədən Gürcüstanda qəbulunu "insan hüquq və azadlıqlarına təhdid, demokratiyaya zərbə" kimi təqdim edirlər.     

Qərbə inteqrasiya kursunun Gürcüstana verdiyi "üstünlüklərə" nəzər salaq.

Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində 700 min gürcü Avropaya gedib, aşağı işlərdə işləyir. Oxşar proses Ukraynada da müşahidə olunmuşdu. Hər dəfə hansısa preferensiyalar müqabilində Gürcüstandan dəhşətli güzəştlər tələb olunur, Gürcüstan cəmiyyətinin əsasları laxladılır.

Siyasi şərhçi Zəlimxan Məmmədlinin sözlərinə görə, Gürcüstan Avropaya inteqrasiya yolunu tutmuş bir dövlətdir. İndiki iqtidar o yola sadiq olduğunu bəyan edib. Müəyyən geriləmələr olsa da, Gürcüstan Avropa Birliyinə namizəd statusunu qazanıb və vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedə bilirlər.

“Ötən il agent təşkilatlara qarşı şəffaflıq haqqında qanun müzakirəyə çıxarılsa da, müqavimət o həddə çatdı ki, bu qanun layihəsi gündəmdən çıxarıldı. Bu məsələ Gürcüstan cəmiyyətində ciddi siyasi qütbləşmə yaradıb. Ciddi qütbləşmə yaranan dövlətlər dayanıqlığını itirir”.

Z.Məmmədli hesab edir ki, Azərbaycanın Gürcüstanla müqayisə ediləsi problemlər fərqli olması baxımından düzgün deyil. O, hesab edir ki, Azərbaycan geopolitik durumda Rusiyanın düşdüyü vəziyyətdən səmərəli istifadə edib özünün maraqlarını, suverenliyini təmin edə bildi. Eyni zamanda, Azərbaycanın Rusiya, Qərblə apardığı balanslı siyasət, dərin qatda Türkiyə ilə əməkdaşlıq onun milli maraqlarına uyğun idi.

“Gürcüstanın mövqeyi fərqlidir. Gürcüstan Qərbə inteqrasiyanı özünün milli maraqları hesab edir. Son baş verən aksiyalar səngimək üzrə deyil, daha çox təmərküzləşmə üzərində gedir. Biz təbii ki, Gürcüstanda qütblər arasında anlaşmanın olmasında maraqlıyıq. Kataklizmlər, gərginliklərin olması regionun maraqlarına uyğun deyil”.

Z.Məmmədli qeyd edib ki, indiki zamanda qütbləşmənin bir tərəfi də siyasi hakmiyyətin içərisində - prezident hakimiyyəti ilə hökumət arasında gərginliyin olması ilə bağlıdır. Onun sözlərinə görə, Prezdent Qərbə inteqrasiyanın tərəfdarı olmaqla mövcud qanun layihəsini açıq formada "Rusiya qanunu" adlandırıb. Bu da cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir.

“İndi hansı proseslərin baş verəcəyini zaman göstərəcək. Biz Gürcüstan müxalifəti ilə iqtidarın qızıl ortanı taparaq payızda nəzərdə tutulan seçkiləri nəzərə alaraq siyasi qütbləşmənin dərinləşməsindən imtina edərək konsensusa gəlməyinin tərəfdarıyıq. Gürcüstan hökuməti məsələ ilə bağlı qanun layihəsini qəbul edib prezidentə göndərməlidir, prezident təsdiqləyəndən sonra qanun qüvvəyə minməlidir. Prezident açıq bəyan etdi ki, veto qoyacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
hafta.az

1Mənbələr