AZ

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Şuşa, 11 may, Abdulla Suvar, AZƏRTAC

Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunur.

Cıdır düzündə qurulmuş səhnədə, açıq səma altında təqdim olunan konsert proqramlarında müxtəlif ölkələrdən tanınmış ifaçılarla yanaşı, musiqi qrupları, rəqs kollektivləri də çıxış edirlər.

Festivalın iştirakçıları arasında qardaş Özbəkistandan gəlmiş “Abbos” qrupunun da maraqlı çıxışı oldu. Qrupun yaradıcısı Abbos Qasımov AZƏRTAC-a müsahibəsində artıq 3-cü dəfədir ki, Azərbaycanda olduğunu söyləyib.

2015-ci ildə Şəkidə beynəlxalq zərb alətləri festivalında iştirak etdiyini xatırladan qrupun rəhbəri deyib ki, elə həmin vaxtdan onda Azərbaycan milli musiqisinə böyük maraq yaranıb. Şuşaya ilk dəfə gəldiyini məmnunluqla dilə gətirən həmsöhbətimiz deyib ki, burada füsunkar təbiət qoynunda çıxış etməsi ona xüsusi zövq verib.

“Abbos” qrupunu 1998-cu ildə yaratdığını söyləyən A.Qasımov dünyada bir çox beynəlxalq festivallarda uğurla çıxış etdiklərini söyləyib. Onun sözlərinə görə, bu sırada Şuşada keçirilən festival xüsusi yer tutur.

İndoneziyanın “Sendja Community” qrupu da festivalda öz milli musiqi nömrələri ilə çıxış edib. Qrupun üzvü Fariz bin Daniali AZƏRTAC-a müsahibəsində Azərbaycana gəlməsindən və belə beynəlxalq festivalda iştirak etməsindən məmnunluğunu bildirib. O deyib: “Biz İndoneziyadan olan böyük icmayıq. İlk dəfədir ki, Azərbaycanda çıxış edirik. Azərbaycanda dinlədiyim musiqi əsərləri çox gözəldir. Burada olarkən Şuşa haqqında da geniş məlumat əldə etdik. Öyrəndik ki, bu qədim diyar böyük musiqiçilərin vətənidir. Xüsusilə buranın mənzərəsi heyrətamizdir. Ölkənizlə bağlı maraqlı mədəni təəssüratlarım var. Qismət olarsa, yenə də gəlib böyük məmnunluqla Azərbaycanda keçirilən festivallarda iştirak edərik”.

Özbəkistanın “Navbahor” Mahnı və Rəqs Ansamblının solisti Kenceber Şerzodəliyeviç AZƏRTAC-a müsahibəsində xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib.

“Belə möhtəşəm dağları ilk dəfə Şuşada görürəm. Bu yerlərin çox füsunkar təbiəti var. Bu gözəlliyi sözlə ifadə etmək çox çətindir”, - deyə həmsöhbətimiz bildirib. O qeyd edib ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı iştirakçılara digər xalqların da adət-ənənələri ilə yaxından tanış olmaq imkanı yaradıb: “Burada olarkən Azərbaycanın qədim “Yallı” rəqsini də öyrənmək imkanımız oldu”. Azərbaycan və Özbəkistan xalqlarının qardaş olduğunu söyləyən rəqqas deyib ki, bu qardaşlığın əbədi olması üçün birlikdə çalışmaq lazımdır.

Qeyd edək ki, hər bir əcnəbi iştirakçı festival haqqında, ölkəmiz barədə ağızdolusu danışır. Onlar burada çox doğma, əziz adamları kimi qarşılanıb qəbul edilirlər. Çünki xalqımız hər zaman öz qonaqpərvərliyi ilə seçilib, fərqlənib. Bunu onların hər biri ayrı-ayrılıqda xüsusilə qeyd edirlər. Bu da bizə dünyada yeni dostlar qazandırır. Bütün bunlar bir daha göstərər ki, qarşıdakı illərdə festivalda iştirak edəcək qonaqların sayı, sözsüz ki, artacaq. Çünki illər ötdükcə “Xarıbülbül”ün sorağı dünyaya daha geniş yayılır.

 

Seçilən
58
2
1

1Mənbələr

Şərh ()
Bağla