AZ

Erməniləri türklərə düşmən edən imperator - Hər şey o fərmanla başladı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənilərin psixologiyasını və tarixini hər kəs bilir ki, kilsə olmasa, ermənilik deyilən bir anlayış da olmaz. Erməni kilsəsi ilə erməni milləti o dərəcədə iç-içədir ki, birisi olmadan başqasını düşünmək mümkün deyil. Bu kilsə ermənilərin birliyinin yeganə səbəbidir.

Bunu Teleqraf.com-a açıqlamasında AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, kilsə erməniliyi qorumaq üçün hər yola əl atır:

“Terror, erməni qadınlarının fahişəliyi, erməni kimliyinin müəyyən edilməsi və ən əsası ermənilik barədə miflərin yaradılması... Ermənilərin Azərbaycan xalqına və Türkiyə əhalisinə qarşı terror siyasətinin tarixini 1885-ci ildə yaradılan Armenikan təşkilatının adı ilə bağlayan bəzilərinə bildirmək istəyirəm ki, erməni terrorunun başlanması Alban Həvari Kilsəsinin İmperator I Nikolayın 11 mart 1836-cı il fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilməsindən başlayır. Erməni kilsəsi məhz həmin gündən türk, gürcü, kürd, azərbaycanlı və ruslara qarşı dini savaş adı altında silahlı erməni dəstələri yaratmağa başladı. 1836-cı ildən bu günə qədər dünyanın bütün ölkələrində (Fransa, Türkiyə, Rusiya, Amerika, Azərbaycan, Gürcüstan, İran, Livan, Suriya, Avstriya və digər ölkələr) baş verən terror hadisələrinin qarşısında kimsə nəinki etiraz və yaxud hansısa addım atmayıb, heç güldən ağır söz belə deməyiblər. Əslində erməni terroru erməni kilsəsi deməkdir. Çünki bütün planlar kilsədə hazırlanır və təşkilatlar da icra edir.

Fransız alim Baron de-Bay indiki Ermənistana səfər edərkən orada Eçmiədzində özünə yuva qurmuş erməni keşişləri barədə yazıb: “Bütün minnətdarlığıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”.

Ermənilərin əksəriyyətinin apostolik kilsəsinə mənsub olmağına baxmayaraq burada tarixi saxtakarlıq göz qabağındadır. Bununla bərabər 17-ci əsrdə meydana çıxan az miqdarda katolik və protestant ermənilər də mövcuddur. Qriqoryan, katolik, protestant, yunan-pravoslav, monofizit, diofizit, evangelist və digər dini əqidə daşıyan ermənilər dünyaya səpələniblər.

Hələ müsəlman-ermənilər də ayrıca mövzudur. Türkiyədə dağlıq ərazidə yaşayan hamşinlər ermənilərin xüsusi qolu hesab olunur. Müşahidələr göstərir ki, yaşadıqları əraziyə uyğun olaraq müxtəlif dini əqidə daşıyıcısı olmaq daha çox ermənilərin siyasi məqsədlərinə xidmət edir. Əgər Fransada katolik olmaq lazımdırsa burdakı erməni diasporu daha çox katoliklərdir. Qonşu Almaniyada isə protestant ermənilər üstünlük təşkil edir.

Rusiya İmperiyasının xüsusi tapşırıqlar üzrə məmur A.V.Petrovun erməni-qriqorian kilsəsinə dair qeyd də yazır:

"Hər şey həqiqi hakimiyyəti ələ keçirməyə nail olmuş bir neçə adamın özbaşınalığından asılıdır. Patriarx yalnız adda kilsənin başçısıdır, sinodun ancaq adı vardır, məlum olduğuna görə hətta yazılı qərarları belə yoxdur. Hər halda, onlar heç vaxt ali ruhani üzvlərin özləri üçün də aşkar deyildi. Yeparxiya yepiskopları və digər ruhani və kilsə xadimlərinin hüquq və hakimiyyəti də müəyyən edilməmişdir. Bir sözlə, müsbət bir şey yoxdur, bütün fəaliyyət bir neçə ali ruhani şəxsin müstəsna iradəsindən asılıdır."

Rusiya, Türkiyə və İranda məskunlaşmış erməniləri vahid bir bayraq altında birləşdirib "Böyük Ermənistan" xülyalarını gerçəkləşdirməyi qarşıya məqsəd qoymuş kilsənin proqamında "türkləri hər bir şəraitdə öldürməklə yanaşı, öz xalqının məqsədlərinə xəyanət edən ermənilərə də rəhm etməmək, onlardan qisas almaq" əsas məsələ kimi qarşıya qoyulurdu.

XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər, Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar qədim bir xalq obrazı yaratmaq, bununla da ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün, öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar.

İlk hədəf isə Qarabağ və Qərbi Azərbaycan ərazisində olan alban dövrü xaç rəmzlərinin ya tamamilə məhv edilməsi, ya da formalarının dəyişdirilməsi üçün çoxsaylı layihələrə külli miqdarda pulların ayrılması oldu. Sovet dövründə isə nəinki Qarabağ və Qərbi Azərbaycan ərazilərində olan, hətta harada Alban kilsəsi var orada olan Alban xaçlarını erməniləşdirməyə başladılar. Onlar bu xaçları dəyişməklə tək kifayətlənməyib divarlarda erməni dilində yazılar yazmağa başladılar.

Çar Rusiyası və bolşevik Rusiyasında bununla da erməni "xaçkarları" meydana gəlməyə başladı. Əslində xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu söz fars dilində "iş, zəhmət" mənasını verir, bunu erməni dilinə çevirəndə "kar", daş mənasında başa düşülür. Odur ki "xaçkar" sözünün erməni dilində anlamı "xaçdaş"ı mənasını verir.

Erməni kilsəsi, dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də böyük milli nüfuza malikdir. Məhz bu səbəbdən də, bütün tarixi dövrlərdə erməni cəmiyyətinin həyatında aktiv rol oynamışdır. Katolik və Protestant ermənilərə də qarşı çıxan Qriqoriyan kilsəsinin ruhaniləri, həmvətənlərinə münasibətdə zaman-zaman qəddar davranıb, kilsəyə və camaata kömək üçün toplanan pulları öz niyyətlərini həyata keçirmək üçün istifadə ediblər.

Xristianlığı qəbul etdikdən bir müddət sonra vahid xristian kilsəsindən üz döndərən ermənilər təriqətçi monofizitlərin tərəfinə keçdilər və özlərinin əlahiddə Qriqoriyan kilsəsini yaratdılar. Qriqoriyan kilsəsi, artıq erməni dövlətinin mövcud olmadığı şəraitdə, erməni icmalarının təkcə dini deyil, eyni zamanda siyasi himayəçisi funksiyasını da yerinə yetirməyə başladı. Qriqoriyan kilsəsinin idarə etdiyi ermənilər bu vaxtdan başlayaraq öz mövqelərini qoruyub saxlamaq və təcavüzkar məqsədlərinə nail olmaq üçün şəraitin dəyişməsindən istifadə edərək, başqa sözlə “küləyin istiqamətindən” asılı olaraq həmişə daha güclü xarici qüvvəyə sığınmaq yolunu tutdular.

Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onları “müsəlman zülmündən” xilas etməsinə səsləyirdi. Xristian erməniləri ilə müsəlman Osmanlıları arasındakı nifrətin artmasının kökləri erməni kilsəsinin fəaliyyəti və cəhdləri ilə bağlıdır. Hər halda, ruslar Osmanlı torpaqlarını zəbt edən kimi erməni kilsəsi ilə birlikdə işləyərək oradakı müsəlman əhalini kompensasiya ödəmədən qovub, keçmiş müsəlman evlərinə və torpaqlarına erməniləri köçürüb.

Erməni kilsəsi tarix boyunca fəaliyyətlərini qorumaq üçün bir qüvvətə, bir dövlətə ehtiyac duymuşdu. Başqa bir ifadə ilə, erməni dövləti fikrini meydana gətirənlər, erməni tarixçisi Başmaçıyana görə “Erməni kilsəsi, erməni millətinin kilsə tərəfindən can verilən ruhunun, yenidən dünyaya gələ bilmək üçün yaşadığı vücuddur "deyir.

Kilsə nəzarəti altında ermənilər özlərinin gerçəkdə olmayan tarixlərini yazmağa başlayıblar. Erməni tarixçiləri erməni dilində izah edilən toponim, oronim, etnonim və saxta tarixi şəxs adları uydurublar. Saxta tarix, onun obrazları və qəhrəmanları erməni siyasi düşüncəsinin birinci dayanağıdır.

Hayların bəşəriyyətə, insanlığa qarşı cinayət hadisəsi törətməsində ən böyük iştirak edənlər ermənilərin “din xadimləri” olublar. Onlar öz çirkin məqsədlərini həyata keçirmək üçün insanların Allah evi kimi tanıdıqları kilsələrdən, məbədlərdən istifadə ediblər. Hələ vaxtilə Qafqazda işləmiş Rus diplomatı, general Mayevski öz qeydlərində yazırdı ki, erməni din xadimlərinin dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti “Allah kəlamını” çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”.


Müəllif: Əsəd Məmmədəliyev
Seçilən
121
5
1

1Mənbələr

Şərh ()
Bağla