AZ

Pambıqçıların üzünü güldürən qərar

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda kənd təsərrüfatında mühüm bitkilərdən sayılan pambıq sahələrinin sığortası mövsümü başlayıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə, bu il pambıq əkini ilə məşğul olan fermerlər üçün vacib və sərfəli yenilik edilib. Belə ki, pambıq sahələrinin yağışdan sığortalanması da baza zərfinə aid edilib. Belə ki, indiyədək pambıq əkini ilə məşğul olan fermerlər leysan yağışları üzrə sığortanı ayrıca əldə etməli idilər. Bəzən fermerlər məlumatsızlıqdan və ya bu riskin o qədər də təhlükəli olmadığını düşünərək sahələrini leysan yağışlarından sığortalamağa maraq göstərmirdilər. Bununla yanaşı, ötən il güclü yağışlar pambıq sahələrinə və fermerlərə böyük zərər vurub. Bunu nəzərə alaraq 2024-cü ildən etibarən pambıq əkinləri üçün yağış riski də baza zərfinə əlavə edilib.

Qeyd edək ki, pambıq Azərbaycan iqtisadiyyatında, o cümlədən ölkədən ixracda əhəmiyyətli paya malikdir. Azərbaycanda təqribən 100 min hektara yaxın ərazidə pambıq yetişdirilir, bu sahədə 200 min nəfərdən çox əhali çalışır. Ölkədə pambıq 20-yə yaxın rayonda əkilir, ən çox pambıq becərilən rayonlar Saatlı, Ağcabədi, Sabirabad, Beyləqan və İmişlidir. Eyni zamanda pambıq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ilk beşlikdədir. Sərfəli bitki olması ilə yanaşı, pambıq həm də təbiət hadisələrinə qarşı həssasdır. Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta pambıq sahələrini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-subasma, qasırğa, fırtına, leysan yağışları, ildırım vurması, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkətləri və sair hallar aiddir.

Dövlətin sığorta haqqına göstərdiyi 50 faizlik dəstək sayəsində fermerlər pambıq sahələrini cüzi məbləğ ödəməklə sığorta edə bilərlər. Pambıq əkini ilə məşğul olan fermer və təsərrüfatlar əkinlərini bəyan etdikdən sonra sığorta üçün müraciət etməlidir.

Xatırladaq ki, hər il baş verən təbiət hadisələri pambıq sahələrinə zərər vurur. Belə ki, 2022-2023-cü illərdə Yevlax, Saatlı, İmişli, Ağcabədi, Sabirabad və Bərdə rayonlarında sel-subasma, yağış, Ağdam və Ağcabədi rayonlarında isə dolu hadisələri pambıq sahələrinə böyük zərər vurub. Məsələn, pambığın ən çox yetişdirildiyi Mil-Muğan, Mərkəzi Aran və Salyan-Şirvan iqtisadi rayonlarında 1000 manatlıq pambığın sığortalanması üçün hesablanmış sığorta haqqı 14,2 manatdır, fermer bu məbləğin yarısını - 7,1 manatını ödəməklə öz məhsulunu sığortalayır. Məbləğin qalan yarısını fermerə dəstək üçün dövlət özü ödəyir.

Pambığın sığorta qiymətini fermerlər “Sığorta kalkulyatorları” bölməsindən bölgəni, məhsuldarlığı, ərazini qeyd edərək hesablaya bilərlər.

Qeyd edək ki, pambıq sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinin yaxın günlərdə başlanacağı gözlənilir. Bu addımlar çərçivəsində yüzlərlə fermerə aqrar sığorta ödənişi veriləcək.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Akif Nəsirli qeyd edib ki, aqrar sahədə sığorta zərfinin genişləndirilməsi təqdirəlayiq addımdır: “Bu o deməkdir ki, gələcəkdə fermerlərin riski daha da azalacaq. O ki qaldı pambığa yağışın ziyanına bu iki halda baş verir. İlkin mərhələdə pambıq yeni əkilən zaman uzun müddət yağış, dolu düşərsə, pambıq kökləri sıradan çıxırlar. Fermerlər məcbur olurlar ki, yenidən çiyid səpini həyata keçirsinlər. Bu da əlavə xərc deməkdir. Artıq bu riskin xidmətlər zərfinə daxil edilməsi fermerlərə dəymiş ziyanı qarşılayacaq. Digər tərəfdən, əgər yağış məhsul yığılan ərəfədə yağırsa bu da fermerlər üçün ziyandır. Çünki yağış vuran pambığın keyfiyyəti istər-istəməz aşağı düşür. Əgər yağış vurmadan əvvəl fermer məhsulu qəbul məntəqələrinə birinci sort kimi təqdim edirdisə, artıq həmin məhsul ikinci, üçüncü, dördüncü sort olaraq qəbul edilir. Deməli, fermerlərin bu itkiləri də qarşılanacaq. Bu təbii ki, müsbət dəyərləndirilməlidir”.

A.Nəsirli vurğulayıb ki, aqrar sektorda risklər sığortalandıqca, sahibkarların bu istiqamətdə fəaliyyətə marağı artır: “Aqrar sığorta sahibkarın  müflisləşməsinə, fermer kimi sıradan çıxmasının qarşısını alır. Bu sahədə maarifləndirmənin genişləndirilməsi və təbliğatın düzgün qurulması hesabına sahibkarların sığortalanmaya meyli daha da artıb. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı və toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi artır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
hafta.az

1Mənbələr