AZ

Çərşənbə günü Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Real” olduqca gərgin mübarizə şəraitində keçən oyunun sonunda iki qol vurmaqla “Bavariya”nın müqavimətini qırdı.

Xüsusən də uzatma dəqiqələrindəki mübahisəli hakim qərarı üzündən bu oyun uzun illər xatırlanacaq.
Xilaskar Xoselu və Marçinyakdan inanılmaz səhv…
yarımfinal, cavab oyunu

Real – Bavariya 2:1 (0:0)
Real (Madrid, İspaniya): Lunin, Karvaxal, Rüdiger, Naço, Mendi, Çuameni (Kamavinqa, 70), Valverde (Xoselu, 81), Kroos (Modriç, 69), Bellingem (Militao, 90+10), Rodriqo (Dias, 81), Vinisius.
Borussiya (Dortmund, Almaniya): Noyer, Kimmix, De Liqt, Dayer, Mazraui, Laymer, Pavloviç, Sane (Kim Min Ce, 76), Musiala (Müller, 84), Qnabri (Devis, 27), Keyn (Çupo-Motinq, 84).
Qollar: Devis, 68 (0:1). Xoselu, 88 (1:1). Xoselu, 90+1 (2:1).
Vərəqə: Kamavinqa, 90+11 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
8 may. Madrid. 76579 tamaşaçı.
İlk oyun – 2:2.
oyunun statistikası
19 (7) qapıya (“çərçivə”yə) zərbə 8 (5)
8 künc zərbəsi 4
0 ofsayd 2
12 qayda pozuntusu 10
1 (0) sarı (qırmızı) vərəqə 0 (0)
55 topa sahibolma (faizlə) 45

Axı biz “Real”ın ÇL-in pley-offlarındakı belə geridönüşlərini nə qədər görəcəyik?! Avropanın əsas klub turnirinin tarixi madridlilərin növbəti dəfə qeyri-adi şəkildə finala vəsiqə qazanması ilə zənginləşdi. Ançelottinin komandası ilk dəqiqələrdən ərazi üstünlüyünə yiyələndi, “Bavariya” isə əks-hücum taktikası seçdi. Artıq ilk yarının gedişində “ağ şimşəklər” dəfələrlə hesabı aça bilərdi, ancaq imkanlar boşa verildi. İlk növbədə Vinisiusun dirəkdən dönən zərbəsi, həmçinin Rodriqonun təkrar zərbəsindən sonra Noyerin möhtəşəm seyvi yadda qaldı. Münhenlilər də öz növbəsində bəzən təhlükəli əks-hücumlar qurur, Luninu oyuna qoşulmağa məcbur edirdi. Hər halda, “Real” qola daha yaxın idi.
Meydan sahibləri 2-ci hissənin əvvəlində daha bir neçə gözəl şansdan yararlana bilmədi. Noyer möcüzəli davam etdirməklə komandasını oyunda saxladı. 2-ci hissənin ortalarında isə münhenlilər gözlənilmədən hesabı açdı. İlk yarının gedişində zədələnən Qnabrinin əvəzinə oyuna qoşulan Devis sağ ayaqla möhtəşəm zərbə ilə Lunini təslim olmağa məcbur etdi. Əlbəttə, meydan sahibləri məğlubiyyətdən qurtulmaq üçün dərhal irəli atıldı.

Ancaq münhenlilər rəqibin inanılmaz hücum dalğasının qarşısını ala bilirdi. Əsas vaxtın sonuna az qalmış Noyerin əsəbləri dözmədi. Ən çətin vəziyyətlərdə komandasının köməyinə çatan qapıçı Vinisiusun zərbəsindən sonra uğursuz şəkildə topu önünə qaytardı ki, fürsətcil Xoselu belə hədiyyədən yararlanmaya bilməzdi. Uzatma dəqiqələrində isə “Real” özünəxas klassik üslubda rəqibin müqavimətini qırdı, əzmkar qələbə qazandı. Rüdigerin ötürməsindən sonra dublunu rəsmiləşdirən Xoselu matçın qəhrəmanı oldu. Hakimlər briqadası əvvəlcə qolu hesaba almasa da, videoyardımçıların müdaxiləsindən sonra Marçinyak mərkəzi göstərdi.

Tuxelin komandası qalan vaxt ərzində məğlubiyyətdən qaça bilmədi. Hərçənd 13-cü uzatma dəqiqəsində De Liqt Luninin qapısına yol tapdı. Ancaq bir an əvvəl Marçinyak fitini səsləndirmişdi. Ona görə ki, laysman “Bavariya”nın oyunçularından birinin ofsaydda olduğuna işarə etmişdi. Laysman belə qərar verməklə açıq-aşkar tələsdi, halbuki qonaqların hücumu başa çatdırmasına imkan verməliydi. Teletəkrarda açıq-aydın görünür ki, De Liqt hətta ofsaydda olsa da belə, mikroskopik səviyyədədi. Ancaq VAR protokola görə bu vəziyyətə müdaxilə edə bilməzdi, ona görə ki, Marçinyak artıq oyunu dayandırmışdı. Beləliklə, “Bavariya”nın acınacaqlı məğlubiyyəti rəsmiləşdi. “Real” isə növbəti də ÇL-də inanılmaz sehrə malik olduğunu göstərdi. Madridlilərlə Dortmund “Borussiya”sı arasındakı final oyununun iyunun 1-də “Uembli”də keçiriləcəyini də xatırladaq.

Oyundan sonra...
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi:

“Bu ana qədər dəfələrlə bizi xilas edən oyunçumuz səhvə yol verdi. Fərdi səhv oyunun axarını dəyişdi, ardından bizə hesabı 2:2 etməyə imkan vermədilər. “Bernabeu” haqda nə düşünürəm? Onu düşünürəm ki, stadion hakimlərə təzyiq göstərir. Demək olar ki, finala çıxmışdıq, hədəfimizə çatmışdıq. İkinci qolu uzatma dəqiqələrində buraxdıq. Ardından qol vurduq, ancaq laysman və baş hakim faciəvi səhvə yol verdi. Bu, xəyanət kimi göründü. Qeyri-adi döyüşdə hər şeyimizi meydanda qoyduq. İndi isə “Real”ı təbrik edirik. Laysman üzr istədi, ancaq bunun nə faydası?! Belə məqamda bayrağı qaldırmaq... Hakim topu ələ keçirdiyimizi, zərbə vurduğumuzu gördü. Çox-çox pis qərardı. Bu, qaydalara ziddi, faciədi. Bunu qəbul etmək çətindi, ancaq reallıqdı”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Bavariya” qol vurandan sonra geridönüş üçün gücümüz var idi. Bu hadisə burda – “Bernabeu”da baş verdi. Öz azarkeşlərimizin önündə adi işdi. Onlarla birgə hər şey edə bilirik. Xoselu fantastik hücumçudu. Futbolçular çox minnətdaram, onlar çox işləyirlər. Düşünürəm ki, karyeramdakı ən yaxşı komanda budu”.


Manuel Noyer, “Bavariya”nın qapıçısı:

“Nə vaxtsa futbol oynayan istənilən şəxs indi hansı hisslər keçirdiyimi bilir. Belə məğlubiyyətlə barışmaq çətindi. Londona doğru addım atmışdıq, özümüzü finalda görürdük. İndi isə sadəcə, deməyə sözüm yoxdu”.


Xoselu, “Real”ın hücumçusu:

“Mən qəhrəmanam? Bu haqda heç nə bilmirəm. Yalnız onu dəqiq deyə bilərəm ki, çox xoşbəxt adamam. “Real”da oynayırsansa və hesabı bərabərləşdirirsənsə, anlayırsan ki, qələbə qazanmaq üçün hamı irəli atılacaq. Ona görə ki, biz burda qələbə qazanmalıydıq. Əlbəttə, hər kəs belə gecəni arzulayır. Düşünürəm ki, ilk qol rəqibin yorğunluğunun nəticəsi oldu. Reallıq ən cəsur gözləntilərimi belə üstələdi”.


Maks Eberl, “Bavariya”nın idman direktoru:

“VAR neçə ildi mövcuddu? Bəs ofsayd qaydasının neçə yaşı var? Mənim üçün bütün bunlar hədsiz qəribə və şübhəlidi. Baş hakim fitini səsləndirdiyinə görə videoyardımçılıq müdaxilə edə bilmədi. Hakim mənə səhvə yol verdiklərini dedi. Amma nə olsun… Bizə futbol qaydaları lazım deyil, onsuz da nəyin baş verdiyini görürük. Epizod başa çatdırılmadı, əvvəlcə epizod bitməli, ardından yoxlanmalıydı”.


Toni Kroos, “Real”ın yarımmüdafiəçisi:

“Finalın yolu tikanlı oldu. 1/8 finalda “Leyptsiq”lə qarşılaşdıq, ardından “Mançester Siti”, daha sonra “Bavariya”. Bütün bu duellərdə inadkar mübarizə getdi, ancaq biz qalib gəldik. Finala vəsiqəni haqq etdik. Bu gün birmənalı şəkildə rəqibdən yaxşı oynadıq. İlk görümdü “Bavariya”nın minimal üstünlüyü ilə yetərincə bərabər oyun getdi”.

Matteys de Liqt, “Bavariya”nın müdafiəçisi:

“Yaxşı emosiyalar yaşamırıq, finala çox yaxındıq. 10 dəqiqə ərzində qələbədən məğlubiyyətə yol aldıq, çox pis gecədi. Rəqib daim təzyiq etdi, etdi... Bu “Real”dı, sonunun çatdığını düşündüyün anda da sonuncu nəfəsi qalır. Məhz buna görə Çempionlar Liqasını 14 dəfə qazanıb. Düşünürəm ki, qaydalar hamımıza məlumdu. Aşkar ofsayd yoxsusa, sona qədər oynamaq imkanı yaratmaq lazımdı. Biabırçılıqdı. Xoselunun qolu ilə bağlı epizodda ofsayd var idi, ancaq hakim sona qədər oynamağa imkan verdi. Bəz bizə niyə eyni imkanı yaratmadı?”


Vinisius Junior, “Real”ın yarımmüdafiəçisi:

“Bu “Real”dı! Biz həmişə, həmişə özümüzə inanırıq. Bu, sadəcə, sehrdi – bu komandada, bu stadionda oynamaq, dəfələrlə eyni qəhrəmanlığı təkrarlamaq. Şəraitdən asılı olmayaraq, uğur qazanacağımızı bilirik. Arxaya qayıtmaq, müdafiəyə kömək etmək lazımdısa, mən bunu problemsiz edirəm. Bu böyük formanı daşıya bildiyimə görə xoşbəxt və qürurluyam. “Real”da oynamaq arzudu. Mən San-Qonsalodan gəlmişəm, adətən, adamlar ordan çıxa bilmirlər. Mən isə burdayam, bu böyük kluba, bu möhtəşəm azarkeşlərə yardım edirəm. Onların məni sevdiyi qədər mən də onları sevirəm”.


Cud Bellingem, “Real”ın yarımmüdafiəçisi:

“Bu oyunun taleyini xarakterimiz müəyyənləşdirdi. Bu mövsüm xarakterimiz tez-tez ön plana çıxır. Bizdə çoxlu bacarıqlı və istedadlı futbolçu var. Ancaq məğlubiyyət, mübarizəni dayandırmaq qorxusu ilə üzləşdiyimiz belə oyunlarda ehtiyatda oturanlar da özlərini yaxşı göstərirlər. Sonradan meydana çıxır, layiqincə işlərini görürlər, biz də bunun sayəsində qələbə qazanırıq”.


Faktlar
* Kroos Çempionlar Liqasında 150-ci, Müller isə 151-ci oyununu keçirdi. Kroos 150 oyundan 41-nə “Bavariya”, 109-na isə “Real” formasında çıxıb. ÇL-də oyun sayına görə ilk 5 pillədə qərarlaşan futbolçuların siyahısı: K.Ronaldo (183), Kasilyas (177), Messi (163), Benzema (152), Xavi, Müllür (151).
* Xoselu ÇL-in pley-offunda sonradan meydana çıxaraq dubl edən ən yaşlı oyunçudu. O, “Bavariya”nın qapısına 34 yaş 42 günlüyündə yol tapdı.
* “Real” cari mövsümdə 12-ci dəfə geridönüş etdi. Madridlilər “Bavariya” ilə oyunun 88-ci dəqiqəsinə qədər uduzurdu. “Kral klubu” buna qədər İspaniya çempionatının 7, ÇL-in 3, İspaniya Superkubokunun 1 oyununda da eyni qəhrəmanlığı bacarmışdı. “Real” 2016/17 mövsümündə müəyyənləşdirdiyi əzmkar qələbələrin sayına görə klub rekordunu təkrarladı.
* Heç bir başqa komanda ÇL-in finalında “Real” qədər oynamayıb. Madridlilər tarixində 18-ci dəfə finala adladı. Onların 14 qələbəsi və 3 məğlubiyyəti var. “Real”ın bu göstəricidə ən yaxın izləyiciləri hərəyə 11 dəfə finala çıxan “Milan”la “Bavariya”dı.
* Ançelotti ÇL-də oyun sayına görə ser Aleks Ferqyusonu arxada qoydu. 64 yaşlı mütəxəssis baş məşqçi kimi 203-cü dəfə meydana komanda çıxardı. “Mançester Yunayted”in sabiq baş məşqçisi Ferqyusonun hesabında 202 belə oyun var (190-ı Çempionlar Liqasında, 12-si Çempionlar Kubokunda). Bu göstəricidə ilk “10-luğ”a Arsen Venger (190), Pep Qvardiola (171), Joze Mourinyo (151), Mirça Luçesku (115), Dieqo Simeone (105), Yürgen Klopp (102), Massimiliano Alleqri (100) və Ottmar Hitsfeld (97) də daxildi.
* Ançelotti ÇL-də final sayına görə yeni rekord müəyyənləşdirdi. Bu, italiyalı mütəxəssis üçün 6-cı final olacaq. Ançelotti iki dəfə “Real” (2014, 2022), iki dəfə “Milan” (2003, 2007) ilə qitənin ən nüfuzlu klub turnirini qazanıb. Yeganə məğlubiyyəti isə 2005-ci ildə “rossonyerlər”in baş məşqçisi kimi “Liverpul”dan alıb.
* Ançelotti baş məşqçi kimi “Bavariya”ya qarşı keçirdiyi 10 oyunun heç birində uduzmayıb. Onun çalışdırdığı “Real” və “Milan” 10 oyunun 7-də münhenlilərə qalib gəlib, daha 3 oyun heç-heçə bitib. Qeyd etməyə dəyər ki, Ançelotti 2016-17-ci illərdə “Bavariya”nın da “sükanı arxasına” olub.
* “Bavariya” 2012-ci ildən bəri ilk dəfə mövsümü titulsuz bitirəcək. Münhen nəhəngi ölkə kubokunun 2-ci mərhələsində 3-cü bundesliqa təmsilçisi “Saarbrüken”ə uduzmaqla mübarizəni dayandırıb. Komanda bundesliqada çempionluq şansını itirib və Almaniya Superkubokunu da qazana bilməyib. Beləcə “Bavariya” 2011/12 mövsümündən bəri ilk dəfə titulsuz qaldı. Onda münhenlilər çempionatda 2-ci yeri tutmuş, ölkə kubokunun finalında “Borussiya”ya (2:5), ÇL-in finalında isə penalti seriyasında “Çelsi”yə uduzmuşdular.
* Keyn “Bavariya”dakı ilk mövsümündə bir titul da qazana bilmədi. Bir neçə gün əvvəl “Bayer-04” vaxtından əvvəl çempion olaraq “Bavariya”nın 11 illik hegemonluğuna son qoyub. “Saarbrüken”ə məğlubiyyəti yuxarıda xatırlatdıq – Keyn həmin oyunda ehtiyatda qalıb. Forvardın “Bavariya”nın heyətində debüt etdiyi Superkubok uğrunda oyuna gəlincə, onda münhenlilər “Leyptsiq”ə 0:3 hesabıyla uduzub. Onu da xatırladaq ki, ingiltərəli ulduz karyerası boyunca heç bir titul qazanmayıb. O, “Tottenhem”dən “Bavariya”ya ötən ilin avqustunda keçib.
* “Real”la “Borussiya” ÇL-də 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 oyunun 6-da “Real”, 3-də “Borussiya” qələbə qazanıb, 5-də komandalar heç-heçə edib. Almanlar bu oyunlarda 19, ispanlar isə 24 qol vurub.
Maraqlıdı...
Fransa yığmasının sabiq hücumçusu Tyerri Anri bu oyunun nəticəsinə belə münasibət bildirib: “Oyun 90 dəqiqə davam edir. 90 dəqiqə oynamaq lazımdı, hər şey bu qədər sadədi. Xüsusən də “Real”la oyunlarda bu daha çox hiss olunur. Belə oyunda Keyni əvəz etmək olmaz, çünki siz “Real”a qarşı oynayırsız, bağışlayın məni, Mikki Mausun komandasına qarşı yox. “Real” belə qələbələr qazanmağı bacarır. Burda heç bir bəxt söhbəti yoxdu, bu “Real”dı. Nöqtə”.
Seçilən
125
1

1Mənbələr

Şərh ()
Bağla