AZ

Paulo Dibala - A Seriyasında aprelin ən yaxşı oyunçusu!

“Roma”nın argentinalı hücumçusu Paulo Dibala İtaliya A Seriyasında aprel ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Azarkeşlərin əksəriyyəti xüsusi sorğuda “canavarlar”ın hücumçusuna səs veriblər. Nəticədə argentinalı hücumçu Hakan Çalhanoğlunu (“İnter”), Albert Qudmundssonu (“Cenoa”), Ademola Lukmanı (“Atalanta”), Luis Albertonu (“Latsio”) və Matteo Politanonu (“Napoli”) geridə qoyub.

Dibala aprel ayında “Roma”nın heyətində A Seriyasında 4 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Hazırda “Roma” A Seriyasının yarış cədvəlində 35 oyundan 60 xalla 6-cı pillədə qərarlaşıb. “Canavarlar” növbəti oyununu mayın 12-də “Atalanta”ya qarşı səfərdə keçirəcəklər.

Paulo Dibala Argentinanın “İnstituto” klubunun yetirməsidir. Avropa karyerasına “Palermo” ilə başlayan Dibala buradan “Yuventus”a keçib. 2022-ci ilin iyulunda isə “Roma” Dibalanı “qoca sinyora”nın düşərgəsindən azad agent qismində heyətinə qatıb. Argentinalı hücumçunun “Roma” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dibala “canavarlar”ın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 16 qol vurub, 10 məhsuldar ötürmə verib.

Paulo Dibalanın qənimətlər muzeyində “Palermo” ilə B Seriyası çempionluğu, “Yuventus”la İtaliya çempionluğu (5 dəfə), İtaliya Kuboku (4 dəfə), İtaliya Super Kuboku (3 dəfə) var.

Dibala 2015-ci ilin oktyabrında debüt etdiyi Argentina yığmasının heytində 38 oyuna 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Dibala “albiseleste” ilə DÇ-2022-nin və 2021/2022 Çempionların CONMEBOL-UEFA Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı argentinalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Dibala bu mövsüm ikinci dəfə A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib. O, 2023-cü ilin noyabr və 2024-cü ilin fevral aylarında da oxşar uğura imza atmışdı. Bütövlükdə, bu mövsüm A Seriyasında ayın ən yaxşısı seçilmiş futbolçuların siyahısı belədir:

Sentyabr 2023 – Rafael Leao (“Milan”)
Oktyabr 2023 – Luataro Martines (“İnter”)
Noyabr 2023 – Paulo Dibala (“Roma”)
Dekabr 2023 – Kristian Pulişiç (“Milan”)
Yanvar 2024 – Duşan Vlahoviç (“Yuventus”)
Fevral 2024 – Paulo Dibala (“Roma”)
Mart 2024 – Alessandro Bastoni (“İnter”)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
165
1
arena.az

10Mənbələr