AZ

Ermənistanı silahlandıran ölkələrə xəbərdarlıq -zərbə endiriləcək...

Image

Tural İsmayılov: “Azərbaycanın bu məsələdə prinsipal mövqeyi Fransanın dayanmasına və Ermənistanı silahlandırmaq məsələsində müəyyən geri addımlar atmasına da səbəb ola bilər”

“Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin”. 

Bu sözləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

“Hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz”, - deyə Prezident Əliyev vurğulayıb.

“Fransanın mütəmadi olaraq Ermənistanı silahlandırması bölgəsəl sülh proseslərinə zərbə vurur”

Politoloq Tural İsmayılov baki-xeber.com-a şərhində “Əlbəttə, nəzərə almaq lazımdır ki, Azərbaycanla  Ermənistan arasında sülh müqaviləsinin müzakirə edildiyi bir vaxtda Ermənistanın kütləvi şəkildə silahlandırılması bölgədə gərginlik yaratmağa xidmət edir. Bu gün Ermənistan və Azərbaycan arasında sülhün  mümkünlüyünü sabotaj etmək üçün Fransa və kollektiv Qərb neoimperialist şəbəkələri əllərində olan bütün imkanları ortaya qoyublar və Fransanın mütəmadi olaraq Ermənistanı silahlandırması bölgəsəl sülh proseslərinə zərbə vurur”-deyə bildirdi. 

T.İsmayılovun sözlərinə görə, onlar Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalayıb, dövlət olaraq düşdüyü iqtisadi–siyasi xaosdan çıxmaq meyarlarını əngəlləyir. 

“Təbii, həm də bir məsələ var ki, Fransa kütləvi şəkildə Ermənistan vasitəsilə bölgədə özünün təxribat və nifaq toxumlarını səpməyə çalışır. Əlbəttə, indiki məqamda Azərbaycan buna haqlı olaraq etiraz edir. Amma cənab Prezident Şuşada çıxışında aydın şəkildə bildirdi ki, Fransanın Ermənistanı silahlandırması həddi aşarsa bu, əlbəttə, Azərbaycanın sərt reaksiyasına səbəb olacaq. İndiki məqamda Fransa bu addımlarından geri çəkiləcək kimi görünmür. Çünki Azərbaycan həm də Fransanın neokolonialist siyasətinə qlobal məkanda etiraz edən tək-tük ölkələrdən biridir. Və hətta qlobal neokolonializmə qarşı mübarizənin lideridir. Bu da Fransanın Ermənistanı müxtəlif formalarda təxribata çəkmək məsələsində dayanmayacağını göstərir. Bundan əlavə, onsuz da Fransa daim Ermənistana dəstək olub və Makron hakimiyyəti dövründə də Azərbaycan-Fransa münasibətləri köklü surətdə Fransanın təxribatları ucbatından zədələnib. Amma bununla belə, güman edirəm ki, Azərbaycanın bu məsələdə prinsipal mövqeyi Fransanın dayanmasına və Ermənistanı silahlandırmaq məsələsində müəyyən geri addımlar atmasına da səbəb ola bilər”-deyə politoloq bildirdi.

İradə SARIYEVA          

 






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
baki-xeber.com

1Mənbələr