AZ

Məcburi addım, barışmadığımız atəşkəs -ŞƏRH

Ermənistan və Azərbaycan arasında atəşkəsin əldə edilməsini nəzərdə tutan Bişkek protokolunun imzalanmasından 30 il keçir. 1994-cü ilin 12 mayında qüvvəyə minən həmin sazişdən sonra cəbhə xəttində aktiv hərbi əməliyyatlar dayandırılsa da, təcavüzka ölkənin silahlı qüvvələri atəşkəs rejimini müntəzəm pozub və hər dəfə də layiqli cavabını alıb.

1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi

Xatırladaq ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ilin oktyabrında Prezident seçildikdən sonra Azərbaycan ictimaiyyətinə müraciətində düşmənə qarşı güclü cəbhə yaratmaq təklifi ilə çıxış etdi. Nəticədə 1993-cü ilin sonları və 1994-cü ilin əvvəllərində bütün cəbhə boyu Ermənistana qarşı genişmiqyaslı hücum əməliyyatlarına başlanıldı. Belə əməliyyatlardan biri Füzuli rayonunda baş tutdu və  rayonun iri qəsəbəsi Horadiz, eləcə də 20-yə qədər kəndi düşmən tapdağından xilas olundu. Digər cəbhələrdə də hücum əməliyyatları uğurla keçirildi. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə döyüşən tərəflər arasında atəşkəsin imzalanmasına dair danışıqlara başlandı. Nəticədə 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə mindikdən sonra cəbhə xəttində hərbi əməliyyatlar dayandırıldı. Buna rəğmən, işğal olunmuş ərazilərimizlə sərhəddə düşmən tərəfindən dəfələrlə atəşkəs pozuldu, hər dəfə düşmən cavab atəşi ilə susduruldu. 2016-cı ildə təcavüzkar ölkə daha da azğınlaşdı. Həmin ilin dördgünlük Aprel döyüşlərində Azərbaycan yenidən düşmənə öz gücünü göstərmək məcburiyyətində qaldı və strateji əhəmiyyətli məntəqələri, o cümlədən, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2 min hektara yaxın torpağımızı azad etdi.  Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də ordumuzun nəzarəti altına keçdi. Aprel döyüşlərindəki parlaq qələbə işğaldan azad edilmiş ərazilərin, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də gücləndirdi. Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlı kəndi qısa zamanda bərpa olundu və sakinlər kəndə qayıtdılar. Bununla da doğma torpaqlara böyük qayıdışın əsası qoyulmuş oldu. 

Biz heç vaxt o atəşkəslə barışa bilməzdik...

2020-ci ilin iyul ayında Qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri ölkəmizin uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı. Ermənistanın ölkəmizə qarşı 2020-ci il 27 sentyabrdan başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başladı. 44 günlük şanlı Vətən müharibəsi nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın Azərbaycana qaytarıldı. 23 saat davam edən lokal aniterror əməliyyatı nəticəsində isə ərazilərimizdək separatçıların fəaliyyətlərinə birdəfəlik son qoyuldu. Nəticədə suverenliyimiz tam bərpa olundu.
Mayın 10-da Prezident İlham Əliyev  Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərkən və şəhərə köçmüş ilk sakinlərlə görüşərkən deyib ki, o vaxt - 1994-cü ildə əldə edilmiş atəşkəs məcburi bir addım idi və biz heç vaxt o atəşkəslə barışa bilməzdik, nə mənim atam, nə də mən: “Onun ömrü bu günü görməyə çatmadı. Biz - onun davamçıları, onun və Azərbaycan xalqının arzularını çin etdik və tarixi Zəfər əldə etdik. Düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir”.

Zəfərlə yaradılan yeni reallıq

Bu isə o deməkdir ki, həmin  atəşkəsdən sonra Azərbaycan  1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ilə  iqtisadiyyatını  dirçəltdi, ordusunu gücləndirdi. Ümumilikdə, atəşkəsin əldə olunması Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi və ordu quruculuğu prosesinin uğurla aparılması baxımından mühüm bir mərhələ oldu. Belə ki, Ulu Öndər Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılmasını həyata keçirdi. Eyni kursu Prezident, Ali Baş Komandan  İlham Əliyev də inamla, həm də davam etdirdi.  Nəticədə Azərbaycan 4 günlük Aprel döyüşlərindən, 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal antiterror əməliyyatından sonra ərazilərimizi erməni vandallarından azad etməklə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Üstəlik, beynəlxalq hüquq çərçivəsində Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Artıq bu gün ölkəmiz dünyada söz sahibidir. Bu bölgəyə sülhü də elə Azərbaycan gətirdi. Hazırda Ermənistanla sülh müqaviləsi imzalamaq istiqamətində əməli addımlar atmaqda davam edir.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycan həmin atəşkəsdən yararlanıb. Ona görə də 30 il bundan öncə imzalanmış atəşkəsi Azərbaycanın Ulu Öndərin müdrik siyasətinin uğuru kimi xarakterizə etmək olar.

Qvami Məhəbbətoğlu, “İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
206
ikisahil.az

1Mənbələr