AZ

Ağ libaslı qara keşişin xaç yürüşü – Baqratçılar revanşla bir nəlbəki halva yeməyi səhv salırlar

Əvvəlki illərdə hansı ölkədə iqtidar-müxalifət qarşıdurması olurdusa, ölkəmizin siyasi arenasının fiqurantları da mövqelərini statuslarına uyğun bəlli edirdilər: iqtidar komandasının təbliğatçı və funksionerləri həmin ölkənin iqtidarına rəğbətli olurdu, müxalifətçlərimiz isə o ölkənin müxalifətçilərini dəstəkləyirdi.

Hətta düşmənçilik münasibətində olduğumuz Ermənistan da istisna deyildi. Məsələn, 2018-ci ildə hazırkı baş nazir Nikol Paşinyan əynində hərbi komuflyaj, kürəyində bel çantası, əlində meqafon, İrəvanın küçələrinə düşərək, xalqı Sarkisyan-Köçəryan tandeminin, “Qarabağ klanı”nın üzərinə qaldıranda bizim ölkəmizdə iqtidar komandasının adamları Serj Sarkisyandan nə qədər zəhlələri getsə də, Paşinyanın qalib gəlməsini istəmirdilər. Müxalifətçilər isə Paşinyana azarkeşlik edirdilər.

Birincilər Sarkisyanın devrilməsini ona görə istəmirdilər ki, küçə inqilabıyla baş tutan siyasi dəyişikliyin yoluxucu olacağını, “yıxılan domino daşları” effekti verə biləcəyini düşünürdülər.

İkincilər də əslində buna görə Paşinyanın qalib gəlməsini istəyirdilər, düşünürdülər ki, qonşu ölkədəki bu hərəkat öz ölkəmizdə də “yatmış kütlələri oyada” bilər.

Yoxsa Sarkisyan gedəcək, Paşinyan gələcək, Ermənistanda siyasi konyuktura dəyişəcək, İrəvanın Moskva ilə münasibətləri pozulacaq, bundan bizim Qarabağ cəbhəsində hərbi uğurlar əldə etməyimizə şans yaranacaq – ilk başlarda bunları düşünən yox idi.

Əksinə, ümumi fikir bu idi ki, erməni liderlərin bir-birindən fərqi yoxdur, hamısı öz xalqının mənafeyi üçüb əlləşir, hamısı Qarabağ məsələsində maksimalistdir, heç biri qalıcı sülh əldə edilməsi üçün bir kəndi belə güzəştə getmək fikrində deyil və sair və ilaxır.

Sonrakı illərin hadisələri göstərdi ki, bu məsələdə iqtidar düşərgəsi də, müxalifət cəbhəsi də, neytral ictimaiyyət də çox yanılıb. Xeyir ondaymış – Ermənistandakı siyasi dəyişiklikdə. Sarkisyan-Köçəryan tandeminin hakimiyyəti davam etsəydi, bəlkə də biz bugünkü nailiyyətlərimizin yarısını əldə edə bilməyəcəkdik.

Hazırda Paşinyanın devrilməsi prosesi gedir, amma bizdə heç bir ictimai-siyasi qüvvə hissə və illüziyaya qapılmayıb. Keşiş Baqrata azarkeşlik edən, onun ətrafında sıx birləşən qüvvələrin Paşinyanı devirməsini istəyən yoxdur.

Bu, bizimkilərin məsələyə praqmatik yanaşmasının göstəricisidir. Hər kəs bilir ki, döyüş meydanında məğlub edilmiş Paşinyan iqtidarı ilə sülhə gəlmək xeyli dərəcədə rahatlaşıb. O, öz gücünü də, bizimkini də, öz haqqını da, bizimkini də bilir və şansını zorlamağı düşünmür.

Baqratçılar isə revanşist qüvvələrdir. Onlar Qarabağda müharibəni uduzduqlarını qəbul edə, məğlubiyyət acısını sinirə bilmirlər, hesab edirlər ki, Ermənistanın məğlubiyyəti böyük ölçüdə Paşinyanın günahı, xarici qüvvələrlə işləyə bilməməsi üzündən olub və toparlanıb onu devirməklə revanş şansı əldə etmək olar.

Paşinyan iqtidarının üzərinə “xaç yürüşü”nə çıxan adamlar revanş dedikdə yenidən Rusiyanın maşasına çevrilməyi, Qarabağda yeni hərbi nailiyyətlərə RF-nin əliyə çatmağı düşünürlər. Yox, əgər kimsə “öz qəhrəman zinvorlarımızla Qarabağı yenidən azad etməliyik” deyirsə, bu cür düşünürsə, demək, ağzı isti yerdədir və müharibənin faciəvi dəhşətlərini anlamır, öz gücləri haqqında yanlış fikirdədir. Müşahirəbədə revanş etmək bir nəlbəki halvanı yeməklə eyni şey deyil.

44 günün içində 7 minə yaxın itki verən, 10 mindən çox hərrbçisi fərarilik edən, yüzlərlə əsgəri əlini qaldırıb əsir düşən ordunu yaşı 18-ə çatmış gənclərin hesabına yenidən formalaşdırmaq olar, amma döyüş ruhu, mübarizə əzmi, peşəkarlıq məsələsi necə olacaq bəs?

Baqratçılar meydanda gəncləri çox görür, elə bilirlər, onların hamısı “aslan parçası”dır, vətən yolunda ölümə getməyə hazırdırlar. İş səfərbərliyə gələndə isə onların çoxu hərbi xidmətdən, müharibəyə getməkdən yayınacaq. Burası dəqiqdir ki, meydanlara toplaşıb Paşinyanı devirənlər məqsədlərinə çatsalar, sabah bərpa olunan hərbi əməliyyatlarda səngərə girməyəcəklər, yenə Ermənistanın əyalətlərindən yetim-yesiri səfərbər edib güllə qabağına göndərəcəklər.

İki ölkənin öz aralarındakı münaqişəni savaşaraq həll edib bir yerə gəldikləri vaxtda Ermənistanda “müharibə partiyası”nın qələbə qazanması nə Azərbaycana sərf edir, nə də Ermənistana.

Orta əsrlər olsaydı, bu məsələ çoxdan güclü tərəfin zəif tərəfi tamamilə məhv etməsi ilə yekunlaşardı. İndi ortalıqda harayçı çoxdur və onlar boksda olduğu kimi zərbə yeyənlərdən birini küncdə oturdub, özünə gəlməsi üçün üzünə yaş dəsmalla su çiləyirlər, ürək-dirək və taktik tövsiyələr verirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
musavat.com

2Mənbələr