AZ

Slovakiya Azərbaycan əlaqələrində mühüm sənəd

Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri və səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması xüsusi əhəmiyyət daşıyır. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimindən sonra mətbuata Slovakiyanın Baş naziri ilə birgə verdiyi bəyanatında xüsusi olaraq vurğuladı ki, “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” çox ciddi və ölkələrimiz arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran siyasi sənəddir. Bəyannamədə əks olunan maddələr tərəflərin niyyətini əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir. Həmçinin iki ölkənin dövlət və hökumət başçıları arasında keçirilmiş həm təkbətək görüş əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir çox mühüm məsələlər müzakirə edilib və siyasi əlaqələrin yüksək səviyyədə olması bir daha təsdiqlənib”.

Slovakiya-Azərbaycan əməkdaşlıq əlaqələrinin əsas istiqaməti energetika sahəsidir. Öz çıxışında cənab Prezident İlham Əliyev bildirdi ki, Slovakiya Azərbaycan qazını alan doqquzuncu ölkə ola bilər. Bunun üçün hazırda yaxşı imkanlar mövcuddur. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.

 

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Slovakiyanın ölkəmizdə Səfirliyi 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycanın Slovakiya Respublikasında Səfirliyi isə 2023-cü ildə təsis edilib. 18 mart 2004-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Məhz bu tarixi səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişlənməsində böyük rol oynayıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən Slovakiya şirkətləri əsasən yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Həmçinin Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
4
sabahinfo.az

10Mənbələr