AZ

Qərbin maraqlarını «əridən» delimitasiya

Daşnak dili ilə deyilsə Ermənistanda kilsə ilə hakimiyyət arasındakı münasibətlər elə ermənicədir. Hakimiyyət-kilsə-lobbi üçlüyü daşnakların mənfur ideyalarının həyata keçirilməsində birgə hərəkət etdikləri ilə bağlı görüntü yaratsalar da əslində bu fərdlərin heç biri dar məqamda başqasına güzəştə getmir. Ermənistanda fəaliyyət göstərən Eçmiədzin kimi xarici ölkələrdəki kilsələrdən toplanan ianələrin illərlə «böyük Ermənistan» sayıqlamalarına sərf olunması bütün dünya ictimaiyyətinə bəllidir.

Gəncləri belə ermənizm ruhunda tərbiyə edən, türklərə qarşı vandalizmə, qırğınlara hazırlayan keşişlərinin, etnik təmizləmə xəstəliyinə tutulan bu ölkənin bütün rəhbərlərinin, o cümlədən Serjik Sarkisyanın, Robert Koçaryanın son illərə təsadüf edən antitürk təbliğatları, törədilən soyqırımlar, daşnak vəhşiliyinin kökləri ötən əsrlərə qədər belə uzanır. Müxtəlif ölkələrdə 20-dən çox türk diplomatını qətlə yetirən, Azərbaycanda dəfələrlə soyqırımlar, kütləvi qırğınlar törədən şaumyanların, mikoyanların, andraniklərin, amazaspların tör-töküntülərini, müasir separatçıları türkçülüyə qarşı qanlı yürüşlərə hazırlayanların baş ideoloqları kilsələrdə ibadət adı ilə insanlarda antitürk ideyası formalaşdıran katalikoslar, yepiskoplar olub.

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə əli avtomatlı keşişin «sülhə» çağırış əməlinin pərdəarxası üzünü gördük. Dəfələrlə müşahidə olunub ki, erməni ictimaiyyətində Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə yumşalma ruhu duyulan zaman qaragenlər ortaya nifaq salaraq köhnə sandıqları eşələyib türkə nifrət hisslərini alovlandırıblar.

Hazırda bölgədə baş verənlər, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanaması üçün yaranan münbit mühit, sərhədlərin demarkasiyasının və delimitasiyasının başlandığı bir məqamda erməni keşişlərin meydana atılması hayların genlərindəki müalicəsi mümkün olmayan xəstəliklərinin yenidən baş qaldırmasıdır. Tarix boyu başqalarının əmrlərinə tabe olan, kimlərinsə maraqlarına uyğun planların həyata keçirilməsində vasitəyə çevrilən şizofren erməni cəmiyyəti, revanşistləri, ən başda isə keşişlər yenə də meydanlarda görünürlər. Erməni Apastol Kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın yerli əhalini etirazlara səsləməsi də maraqlı tərəflərin planlaşdırdıqları ssenarinin bir motividir. Hadisələrdən əvvəl Tavuşa gələn, yerli sakinlərlə görüşündə bu torpaqların Azərbaycana məxsus olduğunu bildirən Ermənistanın baş naziri Nikol Paşinyan erməniləri bu ərazini tərk etməyə çağırmışdı. Amma sülh sazişinin izalanmasına xəfif imkan yaradan bu çağırış rəsmi İrəvanı yeni müharibəyə hazırlayan Qərbin, ən başlıcası Fransanın, ABŞ-ın ürəyincə olmadığı üçün dəfələrlə sınaqdan keçirilən təcrübə, din xadimlərindən istifadə metodu yenidən aktuallaşmışdır.

Əvvəllər olduğu kimi, insanları qorxutmaq, Paşinyan əleyhinə etirazlara cəlb etmək üçün terroçuları, başıpozuq dəstələri Tavuşa toplayan maraqlı dairələr yenə də fəallaşıblar. Kəndi tərk etməyə hazırlaşan yerli erməniləri qərarlarından çəkindirən, keşiş olsa da terrora dəstəyi bütün əməllərində bəlli olan Baqrat cinayətkarlardan ibarət formalaşan «etirazçıları» ətrafına toplayır. Beynəlxalq səviyyədə ən qaniçən terrorçu təşkilat kimi tanınan «ASALA»nın üzvü Anbik Sasunyanı hadisələrə cəlb etməklə delimtasiya prosesini əngəlləməyə çalışan Baqrat «rabatay» edən bombasının hər an partlamaq təhlükəsini xatırlatmaqla erməni köçünün qarşısını alır. Etirazçılar hökuməti Azərbaycanla sərhədlərin müəyyənləşməsində birtərəfli güzəştə getməkdə ittiham edirlər.

Kirants (Xeyrimli) icmasının rəhbəri Kamo Şahinyan açıqlamasında bildirib ki, kənd sakinləri demarkasiyanın nəticələrindən razıdır və işçi qrupuna təşəkkür edirlər.

Ermənistan parlamentinin sədri Alen Simonyan «Tavuş – Vətən Uğrunda» hərəkatının Paşinyanın istefası ilə bağlı çağırışlara münasibət bildirərək söyləyib ki, xalq 2018-ci ildə seçdiyi hakimiyyətə etimadını 2021-ci ildə yenidən onu dəstəkləməklə ifadə edib. Bu məqamda Qərblə Rusiyanın qlobal qarşıdurmasında erməni xalqı və Ermənistanın növbəti dəfə başqalarının qurbanlığına çevrilməsi bir daha bəlli olur.

Bəzi mənbələrin açıqlamasında Ermənistanda kilsə ilə hökumət arasındakı ziddiyyətin Eçmiədzin dini mərkəzinin Moskva Pravoslav kilsəsi ilə əlaqələrindən qaynaqlandığı da istisna edilmir. Haqlı olaraq bildirilir ki, kilsədə dəyişiklik baş verməzsə, Nikol Paşinyanın islahatlarına çox böyük maneələr olacaq. Əslində isə özünü ictimai, siyasi, dini fiqur hesab edən Eçmiədzinin sahibi Qaragin Ermənistanda «dövlət içində dövlət»in başçısıdır. Qarşıdurma iki «qoçun» başının eyni qazana sığışmamasının təzahürüdür.

Məntiqi nəticə budur ki, din xadimlərinin insanları birliyə, ədalətə çağırmalı olması reallığı Ermənistanda dalana dirənib. Amma reallıq budur ki, Ermənistanla Azərbaycan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri davam edir. 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb. Amma Ermənistanda hakimiyyətin yalnız 2026-cı ildə seçki yolu ilə dəyişə biləcəyi sözləri bəlli dairələr tərəifəndən səsləndirilir.

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə məntəqəsində müqaviləli əsgər Artak Seryojay Avalyanın öldürülməsi ölkədə vəziyyəti daha da gərginləşdirir. Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçiriləcək görüşünün yekunlarını irəliləyişə doğru ümid adlandıranların açıqlamalarından əndişələnən Fransa, digər Qərb ölkələri bölgədə regional əməkdaşlığın yaranmasından da narahatdırlar. Delimitasiya işlərinin davam etdirilməsi göstərir ki, vasitəçilərsiz, ikitərəfli qaydada birgə işləməklə müsbət nəticələrə nail olmaq mümkündür.

Xuraman İsmayılqızı, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
ikisahil.az

1Mənbələr