AZ

"Taksi şirkətlərinin qiyməti artırması yeni tələblərlə bağlıdır" - Ekspert

Məlum olduğu kimi, “Bolt” taksi şirkəti sifarişlərin qiymətini 9 faiz qaldırıb. Məsələ ilə bağlı mətbuata açıqlama verən şirkətin səlahiyyətli nümayəndəsi qiymətin qalxması faktını təsdiqləyib.


Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a deyib ki, bu gün taksilərin qiymətini bazar tənzimləyir. Onun sözlərinə görə, dövlətin bu sahədə qiymətə təsir göstərmək imkanı yoxdur:

"Sadəcə taksidə aşağı qiymət həddi müəyyən edilib. Yuxarı qiymətlər isə rəqabət mühitində yaranır".

Elməddin Muradlı onu da əlavə edib ki, taksi şirkətlərinin qiyməti artırması taksilərə qoyulan tələblərlə bağlıdır. Yeni qaydalarla taksi sürücüləri qoyulmuş vaxtdan artıq işləyə bilməyəcək:

“Qeyd edim ki, indiyə kimi taksi sürücüləri istirahətsiz işləyirdilər. Onlar üçün iş rejiminin qoyulması təbii ki qiymətə təsir göstərəcək. Amma taksi şirkətləri qiymət artımına vaxtından tez gediblər. Çünki, taksilərlə bağlı əsas tələblər indi yox, iyunun 1-dən qüvvəyə minəcək".

Ekspertin dediyinə görə, bu gün insanları taksi ilə getməyə vadar edən əsas səbəb avtobus çatışmazlığı, xüsusilə də paytaxtətrafı ərazilərə işləyən avtobuslardakı sərnişin sıxlığıdır. Bundan təngə gələn insanlar məcbur qailb taksi sifariş verir:

" Taksi qiymətləri bahalaşandan sonra sərnişinlər məcbur qalıb abtobusdan istifadə edəcəklər. Sıxlıq olsa da, avtobusa, metroya minəcəklər. Ona görə də əvvəlcə taksilərlə yox, ictimai nəqliyyatla məşğul olub, qayda yaratmaq lazımdır. Avtobusların sayı artırılmalı, ictimai nəqliyyat növləri yaradılmalı idi ki, insanlar taksidən düşüb ictimai nəqliyyata yönəlsinlər. İndiki kimi özlərinə avtomobil almaq məcburiyyətində qalmasınlar”.

Sevinc,
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla