AZ

“Neftçi” – “Sabah” oyununda “Qordi düyünü kəsiləcək”

Ölkəmizi avrokuboklarda təmsil edəcək son üç komandanın adına qalan üç turda aydınlıq gələcək.

Hazırda Avropaya yollanmaq iddiasını qoruyan 4 komanda var: “Zirə”, “Sabah”, “Sumqayıt” və “Neftçi”. Görəsən, bu komandalardan hansılar daha şanslıdı? Əvvəlcə adı çəkilənlərin son 3 tur üçün təqviminə baxaq:
Zirə: Qarabağ (ev), Kəpəz (səfər), Səbail (ev) 
Sabah: Qəbələ (səfər), Sumqayıt (ev), Neftçi (səfər) 
Sumqayıt: Səbail (ev), Sabah (səfər), Qəbələ (ev)
Neftçi: Kəpəz (ev), Səbail (səfər), Sabah (ev)
2-ci yerdəki “Zirə”nin qarşıda 2 ev, 1 səfər oyunu var. “Doğma divarlar” arasında qəbul edəcək rəqib çempionluğu vaxtından əvvəl rəsmiləşdirmiş “Qarabağ”dı. Bu komandalar cari mövsümdə 3 dəfə üz-üzə gəlib, 1 dəfə “Zirə”, 2 dəfə Ağdam təmsilçisi qələbə qazanıb. “Qartallar”da köklənmə ən üst səviyyədə olacaq. İndiki durumda “Qarabağ” üçün premyer-liqada qazanılan xalın heç bir önəmi olmasa da, kubokun finalının baş məşqi sayılan oyunda uduzmaq istəməyəcək. “Qartallar”ın bu oyundan xalsız ayrılacağını düşünmürəm. Onların “Kəpəz”lə səfər və “Səbail”lə ev matçında qələbə qazanmaq şansı da yetərincə yüksəkdi. Rəşad Sadıqovun komandasının bu mövsüm hər iki rəqiblə görüşlərdə aşkar üstünlüyü var.

“Sabah” hazırda avrokuboklara iddialılar arasında ən uğurlu seriyaya malikdi. Krunoslav Renduliçin artıq öz oyun sistemini komandasına yeritdiyini deyə bilərik. Masazır təmsilçisi ardıcıl 4 oyundu qələbə qazanır. Amma “Sabah”ı son üç turda çox çətin oyunlar gözləyir. “Qəbələ” hər oyuna özünüsübut imkanı kimi baxır, son iki turda qarşılaşacaqları “Sumqayıt”la “Neftçi” isə “tələbələr”in birbaşa rəqibləridi. Bununla belə, “Sabah”ın taleyi öz əlində. Turnir cədvəlində “Sumqayıt”dan 1, “Neftçi”dən 2 xal öndə olmaları da önəmli məqamdı.
Avropaya yollanmaq imkanı yüksək olan daha bir komanda “Sumqayıt”dı. Yeni stadiona qovuşmaq “kimyaçılar”ıbir qədər də ruhlandırıb. Təbii ki, Samir Abasovun təcrübəsi də böyük rol oynayır. Sumqayıt təmsilçisinin daha bir üstünlüyü isə qarşıdakı oyunlardan ikisini evdə asan rəqiblərə qarşı keçirəcəyidi. Amma bir çətin rəqib – “Sabah” da var. “Kimyaçılar” cari mövsümdə bu komandaya iki dəfə uduzub, bir dəfə qalib gəlib. Həm bu görüşün səfərdə keçiriləcəyinə,həm də statistikaya baxsaq, “bayquşlar”ın meydandan 3 xalla ayrılmaq potensialı daha yüksəkdi. Elə “Sumqayıt” premyer-liqada sonuncu dəfə də bu rəqibə məğlub olub.

Fikrimcə, Avropaya can atan komandalardan ən şanssızı “Neftçi”di. Artıq Miodraq Bojoviç uzun müddətdi komandaya rəhbərlik edir. Buna baxmayaraq, hələ də bir oyun sistemi formalaşdıra bilməyib. Bu baxımdan Krunoslav Renduliçi alqışlamaq olar. “Ağ-qaralar” üçün yeganə ümidverici məqamı qarşıdakı görüşlərdən ikisinin “doğma divarlar” arasında olacağıdı. Evdə isə “Kəpəz”i də məğlub etmək olar, “Sabah”ı da. “Səbail” də “ağ-qaralar”ın “dişinə görə” rəqibdi. Mənə elə gəlir ki, mövsümün həlledici sualına mayın 26-da keçiriləcək “Neftçi” – “Sabah” oyununda aydınlıq gələcək, bu oyunun qalibi avrokuboklara sonuncu vəsiqəni qazanacaq. Bir sözlə, “Zirə” ilə “Sumqayıt” vəzifənin öhdəsindən gələcək, “Neftçi” ilə “Sabah” son vəsiqənin taleyinə aydınlıq gətirəcək.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq