AZ

“Taliban” Pakistanın iddialarını rədd edir – "Əfqanlar belə işlərə qarışmır”

Əfqanıstanın Müdafiə Nazirliyi Pakistanın Bişam hücumunda beş çinli mühəndisi öldürmək planının Əfqanıstanda hazırlandığına dair iddiasını rədd edib.

“AzPolitika” “Dawn”a istinadla xəbər verir ki, bəyanat Pakistan ordusunun media qanadı olan ISPR-ın Baş direktoru general-mayor Əhməd Şərif hücumun Əfqanıstanda planlaşdırıldığını və kamikadzenin də bu ölkənin vətəndaşı olduğunu söylədikdən sonra verilib. Əhməd Şərif deyib ki, terrorçular və onların köməkçiləri də Əfqanıstandan idarə olunurdu, kamikadze də Əfqanıstan vətəndaşıdır.

Xatırladaq ki, martın 26-da Hayber Paxtunxvanın Şanqla bölgəsinin Bişam şəhərində avtobusa hücum zamanı beş çinli mühəndis və onların pakistanlı sürücüsü həlak olub. Çin vətəndaşlarına qarşı ölümcül hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xorazmi açıqlamasında qarşı tərəfin iddialarını "məsuliyyətsiz və reallıqdan uzaq" adlandırıb: "Əfqanlar belə işlərə qarışmır. Əfqanıstanı bu cür hadisələrə görə günahlandırmaq diqqəti həqiqətdən yayındırmaq üçün uğursuz cəhddir. Pakistan ordusunun ciddi təhlükəsizlik mühafizəsi altında olan bölgədə Çin vətəndaşlarının öldürülməsi Pakistan təhlükəsizlik orqanlarının zəifliyini göstərir”.

O, yaraqlı İslam Dövləti qruplaşmasının üzvlərinin Pakistandan Əfqanıstana daxil olduğunu iddia edib: "Əfqanıstana Pakistan ərazisindən gələn İslam Dövləti (İD) və Pakistan ərazisinin bizə qarşı istifadə edilməsinə dair əlimizdə çoxlu dəlillər var ki, Pakistan buna cavab verməlidir".

O əlavə edib ki, Kabil Pakistanın sabitliyi və təhlükəsizliyini Əfqanıstanın və regionun maraqlarına uyğun hesab edir və iki xalq arasında qardaşlıq və yaxşı münasibətlərə inanır.

AzPolitika.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla