AZ

Daşkəsəndə Ümummilli Liderə həsr olunmuş elmi-praktik konfrans keçirilibFOTO

Mayın 10-da  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı birgə “Zaman və şəxsiyyət” mövzusunda elmi-praktik konfrans keçirib.

“İki sahil” xəbər verir ki,  konfransda Daşkəsən RİH-nin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və məsul işçiləri,  ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən elmi-praktik konfransda dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədli film nümayiş etdirilib.

Konfransı giriş nitqi ilə açan Daşkəsən RİH başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov məruzəsində deyib ki,
bu gün xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin 101 illiyini qeyd edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəmizin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli şəxsiyyətdir. Heydər Əliyevdə tarixi şəxsiyyətlər üçün zəruri olan bütün müsbət keyfiyyətlər cəmləşmişdir. Möhkəm siyasi iradə, aydın dövlətçilik mövqeyi və ümummilli mənafe bu böyük tarixi şəxsiyyətin həyatının və mübarizəsinin əsas istiqamətlərini müəyyən etmişdir.
V.Məmmədov qeyd edib ki, həyat fəaliyyətinin bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olub. Bu düşünülmüş əqidə, ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən siyasi ustalıqla həyata keçirilib. Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz Ümummilli Liderin üzərinə düşüb. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiklərini gerçəkləşdirib, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaradıb. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın böyük və heyrətamiz inkişaf yolunda inamla irəliləməsini şərtləndirdi.
Çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib. Dahi Lider Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, çoxlarına əlçatmaz görünən arzuları belə gerçəkləşdirib.
Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri Vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır. Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, müstəqil Azərbaycanın tərəqqisinə gedən yol Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəmizə rəhbərlik etdiyi dönəmdə həyata keçirilən məqsədyönlü siyasətlə başlayıb.

M.Yolçiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev fenomeninin titanik zəhməti, böyük təşkilatçılığı, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı Azərbaycan hüdudları aşaraq hətta keçmiş Sovetlər Birliyinə daxil olan müttəfiq respublikalarda belə bu gün xatırlanır. Azərbaycan xalqının böyük oğlu və Ümummilli Lideri Heydər Əliyev dühasının bəhrələrini təkcə öz ölkəsi və xalqı deyil, digər dövlətlər də, yeni-yeni nəsillər də görür. Bu günlərdə Rusiyada nəhəng Baykal-Amur Magistralının 50 illik yubileyi dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə qeyd edildi. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı keçirilən tədbirdə Rusiya Prezidenti Vladimir Putinin Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi xoş fikirlər bunun əyani təzahürüdür. Bu gün qürur duyuruq ki, Ümummilli Liderin cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var.
Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, Azərbaycan Dövlət Aqrar Universitetinin siyasi elmlər kafedrasının müdiri Azad Bayramov çıxışlarında vurğulayıblar ki, illər ötdükcə Ümummilli Liderin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Məhz bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin milli-ideoloji əsasları möhkəmlənib, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmlənib. Hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri onun ərazi bütövlüyüdür. Bu baxımdan möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və müdrik siyasəti ilə Azərbaycan dünyada qalib, azad, güclü, milli maraqlarını ən yüksək səviyyədə qoruyan ölkə kimi tanınır.

Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə rayonun ictimai-siyasi həyatında və keçirilən mədəni-kütləvi tədbirlərdə fəallığı ilə seçilən bir qrup şəxsə Daşkəsən RİH-nin Fəxri Fərmanları təqdim olunub, habelə YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla