AZ

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov Ulu Öndər Heydər Əliyevin ictimai-siyası, sosial, iqtisadi, elmi-mədəni sahələrdəki fəaliyyətindən, zəngin və şərəfli həyat yolundan, xilaskarlıq missiyasından, eləcə də dövlətçiliyimiz tarixində müstəsna xidmətlərindən söz açıb. O vurğulayıb ki, dahi şəxsiyyət xalqımızı tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycanın işıqlı sabahının etibarlı təməlini qoyub. Dosent Vazeh Əskərov diqqətə çatdırıb ki, ölkəmizlə yanaşı, dünyanın ayrı-ayrı yerlərində yaşayan soydaşlarımız da bu gün Ulu Öndərin əziz xatirəsini böyük sevgi ilə yad edirlər və bu, dahi şəxsiyyətin xalqı, Vətəni üçün etdiyi əvəzsiz fədakarlığın nəticəsidir.

Tədbirdə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki xidmətlərini mərhələlərə bölərək təsnifatlaşdırıb. O, Ümummilli Lider Heydər Əliyevin istər 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi, istərsə də 1982-1987-ci illərdə SSRİ rəhbərliyində olduğu dövrdə Azərbaycan və azərbaycançılıq üçün misilsiz xidmətlərindən bəhs edib. Deputat həmin illərdə Ulu Öndərin təhsil, mədəniyyətlə yanaşı, sənaye və iqtisadi sahədə apardığı islahatların müstəqil Azərbaycan Respublikasının gələcək inkişafı üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlətin yenidən qurulmasından, əsaslı inkişaf strategiyasının müəyyən olunmasından və uğurlu gələcəyindən danışıb. O diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında mərhum Xalq şairi Zəlimxan Yaqubun poemasının motivləri əsasında “Əbədiyyət dastanı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
2
Mənbələr
Şərh ()
Bağla