AZ

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Bakı, 10 may, AZƏRTAC

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar şahmat turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, uzun illər Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu "Chess Father" şirkətinin təşkilatçılığı və Komitənin dəstəyi ilə keçirilən turnirin açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Turnirin açılışında çıxış edən Elvin Bağır-Pour Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafında əvəzsiz rolundan danışıb. Bildirib ki, Ulu Öndər şahmatın inkişafını daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk dəfə şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb.

Turnirdə 5-60 yaş arasında 70 idmançı iştirak edib. İsveçrə sistemi üzrə keçirilən turnirdə idmançılar hər biri 15 dəqiqə olmaqla 6 görüşdə mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda məşhur qrossmeysterlər Maksim Dluqi və Mark Paraqua da iştirak ediblər.

Yekun nəticələrə əsasən, Mikola Bortnik turnirin qalibi olub. Odafe Benedikt 2-ci, Uilyam Del Kastiliyo isə 3-cü yerləri tutublar. Qaliblər kubok və pul mükafatı ilə təltif olunub. Digər iştirakçılara isə sertifikatlar verilib.

Qeyd edək ki, şahmat turniri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündən başlayaraq artıq ikinci dəfədir keçirilir. Turnir ABŞ Şahmat Federasiyası tərəfindən qeydə alınıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla

Reytinq