AZ

Ekspertdən PROQNOZ: "İşçilər saatı minimum 3- 4 manata İŞLƏYƏCƏKLƏR"

Azərbaycanda aylıq minimum əmək haqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər.

Bu Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əmək haqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Mövzu ilə bağlı Rəferans.az-a iqtisadçı-ekspert Natiq Cəfərli danışıb:

"Saatlıq minimum ödəniş vasitəsi dünyanın bir çox ölkələrində tətbiq olunan qaydadır. Azərbaycanda bunun tətbiq olunmasının mexanizminə baxmaq lazımdır. Elə qaydalar işlənib hazırlanmalıdır ki, işçilərin hüquqlarına mənfi təsir göstərməsin. İndi bilirik ki, minumum əmək haqqından aşağı nə özəl, nə də dövlət sektoru verə bilməz. Bu qadağandır qanunvericilikdə. Amma saat hesabı olsa, qanunu pozmadan, işçini müqavilə bağlayıb, 2 -3 saat işlədəcək".

Ekspertin fikrində, əslində əmək haqqının saat hesabına verilməsi qaydası qara maaşın artmasına səbəb ola bilər:

"Yaxşı bilirik ki, işçilər və işəgötürənlər vergini az ödəməkdə maraqlıdırlar. Əgər saat hesabına keçsələr və orda saatın minimum ödənişi təsdiq olunsa, bu zaman rəsmi müqaviləni elə bağlayacaqlar ki, hər iki tərəf az ödəsin və qara mühasibatlıqla ödənişlər olsun. Belə şeylər ola bilər. Ona görə də bu işin mexanizmi elə şəkildə hazırlanmalıdır ki, işəgötürən və işçilərçün də əlavə problemlər yaşanmasın. Dünya praktikasına uyğun mexanizmdir. Dünyanın bir çox ölkələrində belə mexanizm var. İdeya maraqlıdır, amma, bunun tətbiqindən çox şey asılıdır. Məsələn, 300 manatı minimum əmək haqqı götürsək, bunu 4 həftəyə bölsək 75 manat, 5 iş gününə bölsək 15 manat, iş saatı təxminən 1 manat 90 qəpiyə düşəcək".

Ekspert sonda proqnoz edib ki, Azərbaycanda işçilərin minimum ödənişi saatı təxminən 3-4 manat ola bilər.


Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
2
Mənbələr
Şərh ()
Bağla