AZ

Xaricdəki mühacir müxaliflər də sülh prosesinə qarşı fəallaşır...

Image

Afsəddin Nəbiyev: “Çünki ipləri öz əllərində deyil və xaricdəki ağaları belə sifariş verib”

Ölkə xaricindəki radikal müxalifət kəsimi yenidən fəallaşır. Onlar əsasən sosial şəbəkələrdəki platformalarda fəallıq göstərirlər. Bununla yanaşı, müxtəlif düşərgə “YouTube” kanallarında fəaliyyətini genişləndirir.

Düzdür, ümumən xaricdəki radikalların sözügedən platformalardan istifadə etməsi yeni bir şey deyil. Ancaq onlar müxtəlif vaxtlarda – seçki dönəmində, ölkə əhəmiyyətli mühüm tədbirlər ərəfəsində və digər bu kimi məsələlərdə xüsusi canfəşanlıq edirlər. Son aylar Azərbaycan ciddi uğurlara nail olub. Sərhədlərin delimitasiyası, sülh prosesi ilə bağlı ciddi müsbət proseslər gedir. Heç kəsin gözləmədiyi halda Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinə qərar verildi. Bütün bunlara baxmayaraq, xaricindəki radikal müxalif kəsim bütün uğurları qaralamaqdadır.

Maraqlıdır, sülh prosesində hazırkı canlanmanın onların neqativ fəallaşmasında təsiri nə qədərdi?

“Biz də cəmiyyət olaraq toparlanıb, radikal xəttin inkişaf   etməsinə imkan verməməliyik” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, harada yaşamasından asılı olmayaraq, hər bir şəxs cəmiyyət və dövlətlə münasibətdə  etik davranış qaydalarına  riayət etməlidir: “Daha çox ictimai-siyasi fəaliyyətlə məşğul olanlar mədəni davranış nümunəsi  sərgiləməlidilər. Hər bir şəxsin, ictimai-siyasi fəalın indiki   sosial media əlaqə vasitələrinin inkişaf etdiyi bir vaxtda  geniş imkanları var ki, mədəni şəkildə siyasi mübarizə aparsın. Söyüş ritorikası tamamilə xalqımızın minilliklər boyu formalaşdırdığı adət-ənənələrimizə, əxlaqımıza tamamilə yad olan zərərli, həm də dağıdıcı bir tendensiyadır.  Söyüş müxalifətinin əvvəlki bəhanəsi torpaqlarımızın işğalda olması bəhanəsiydi. Xalqımz birləşərək Ali Baş Komandan, Prezident İlham Əliyevlə bərabər bu bəhanəni də aradan qaldırdı. Bəs indi niyə bu yaramaz zərərli prosesi davam etdirirlər? Çünki ipləri öz əllərində deyil və xaricdəki ağaları belə sifariş verib. Niyə? Ona görə ki, Azərbaycanın Ermənistanla bağlı uğurlarını həzm edə bilmirlər. Məqsəd sülh proseini pozmaqdır. Bir çoxu təhsil almadan, gedib hansısa Qərb ölkəsində yaşamaqla bir “YouTube” kanalı açdı və istənilən adamı söyməklə məşğul olmaqla özlərinə "peşə" seçdi. Belə anormal fəaliyyətin heç bir faydası ola bilməz. Onlar düşünməli, başa düşməlidilər ki, bu xətti seçməklə cəmiyyətimizi mənəvi aşınmaya məruz qoyan dövlətlərin sifarişini yerinə yetirirlər. Bizim üzərimizə də böyük məsuliyyət düşür. Mühafizəkar partiyanınn təmsilçiləri olaraq xalqımıza yad olan zərərli  davranışların ölkəmizə "ixrac" olunmasına qarşı ciddi tədbirlərin həyata keçirilməsinin hər zaman tərəfdarıyıq. Ona görə də bütövlükdə ziyalılarımız, ağsaqqallarımızla,   birlikdə çox ciddi təbliğati işlər aparmalıyıq. Siyasi mühitdən söyüşü, təhqiramiz ifadələri birdəfəlik çıxarmaq üçün səfərbər olunmalı, hüquqi, praktiki addımlar atılmalıdır. Bir çox ölkələrdə münasibətlər sistemində müxtəlif vasitələrdən istifadə olunur. Uzun əsrlər formalaşmış müsbət əxlaqi dəyərləri qorumaq baxımından Yaponya dövləti müsbət mənada daha çox fərqlənir. Bəzi hallarda bunu bu dövlətin ada dövləti olmasıyla izah edirlər. Bəlkə də bu izahda bir həqiqət payı var. Biz də cəmiyyət olaraq toparlanıb, radikal xəttin inkişaf  etməsinə imkan verməməliyik. Artıq bu formada amansız, barışmaz və aqressiv münasibət sərgiləməni tənzimləmək məcburiyyətindəyik. Başqa yolumuz yoxdur. Biz xalqımızın minilliklər boyu formalaşan nümunəvi dəyərlər sistemini qoruyub gələcək nəsillərimizə ötürməliyik. Ən ümdə işimiz bundan ibarət olmalıdır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla