AZ

"BƏZİLƏRİ MƏNƏ HƏDƏ-QORXU GƏLMƏYƏ ÇALIŞIRDI..." - Prezidentdən sensasiyalı açıqlamalar + VİDEO

"Bugünkü günə görə biz şanlı Ordumuza borcluyuq, Şəhidlərimizə, qazilərimizə borcluyuq"

"Heç kim bizim qabağımızda dura bilməz, nəyi lazım biliriksə, onu da edəcəyik"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

"AzPolitika" AZƏRTAC - a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşüblər.

Dövlətimizin başçısı görüşdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

“Əziz şuşalılar, Şuşaya xoş gəlmisiniz.

Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim.

Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.

Mənfur düşmən düzgün hesablamalar aparmamışdır. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər. Onların arxasında duran havadarları - böyük dövlətlər onlarda bu əminliyi daha da gücləndirmişdilər. Ancaq biz əmin idik bilirdik ki, gün gələcək və biz öz doğma torpaqlarımıza qayıdacağıq.

Uzun illər mən prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.

44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atmışdır, faktiki olaraq təslim olmuşdur. Biz də o vaxt müharibəni dayandırdıq. Çünki müharibənin ilk günlərindən mən bəyan edirdim ki, düşmən bizə tarix versin, torpaqlarımızdan nə vaxt çıxacaq və o təqdirdə biz müharibəni dayandırmağa hazırıq.

O günlər ərzində dəfələrlə mənə müxtəlif paytaxtlardan zənglər gəlirdi, təkliflər irəli sürülürdü, bəziləri isə hədə-qorxu gəlməyə çalışırdı. Ancaq mən öz mövqeyimdə qəti idim və onu həm telefon təmasları əsnasında, eyni zamanda, Azərbaycan xalqına verdiyim bəyanatlarda da demişdim: tarix verilməlidir nə vaxt düşmən torpağımızdan rədd olur, onda biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.

Bildiyiniz kimi, müharibə zamanı bir çox xarici media nümayəndələrinə mənim müsahibələrim olub və təbii ki, suallar da müxtəlif olmuşdur. Ancaq müharibədəki planlarımızla bağlı mən təbii ki, heç bir şey deyə bilməzdim. Sadəcə olaraq, bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi.

Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bir daha dövlətimizin gücünü göstərdik, güclü siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik. Beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
30
Mənbələr
Şərh ()
Bağla