AZ

Həsən Əliyevdən "Koroğlu" metrosuna birbaşa marşrut- Bakıda yeni yol...

Image

Bakıda tıxacları azaltmaq üçün yeni yol salınacaq. Layihəyə əsasən, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolu inşa olunacaq.

Yeni yolun tikintisində məqsəd ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsidir. 

Məlumat üçün bildirək ki, yeni yolda 3 yeraltı piyada keçidi və 4 tunel də inşa olunacaq.   

Maraqlıdır, Həsən Əliyev prospektindən Ziya Bünyadov prospektinə çəkiləcək alternativ yol tıxac probleminin müəyyən qədər aradan qaldırılmasına kömək edəcək? Ümumiyyətlə, yeni layihə nəqliyyat sıxlığının qarşısını ala biləcəkmi? 

Ərşad Hüseynov: “Yeni yol Nərimanov rayonunda müəyyən küçələrdə  vəziyyəti  yaxşılaşdıracaq” 

Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yeni yolun çəkilməsi ilə şəhərdə tıxacların qarşısı tam alınmayacaq: “Bakıda yaşanan tıxac probleminin başqa səbəbləri var. Bəli, yeni yol Nərimanov rayonunda müəyyən küçələrdə  vəziyyəti   yaxşılaşdıracaq. Heydər Əliyev prospektinin Koroğlu qovşağından mərkəzə doğru sağ hərəkət hissəsində nisbətən yük azalacaq, Ziya Bünyadov prospektində, Əliyar Əliyev, Ağa Nemətulla, Əhməd Rəcəbli küçələrində gərginlik azalacaq”. 

Ekspert hesab edir ki, paytaxt ərazisində tıxacın azalması üçün ictimai nəqliyyat inkişaf etməlidir. Bunun üçün də infrastruktur yaradılmalıdır. Bunun alternativi yoxdur: “Səkilər, yaşıllıqlar elə olmalıdır ki, insanlar piyada hərəkət etməkdən zövq alsınlar. Eyni zamanda velosiped yolları, yaxud da zolaqları mütləq olmalıdır. İctimai nəqliyyata, mikro mobilliyə, insanların piyada hərəkətinə üstünlük verilən mühit yaradılmalıdır. Əks təqdirdə, yeni salınan yol istifadəyə veriləndən bir neçə il sonra dolacaq”.

Elməddin Muradlı: “Hazırda yeni yol və körpünün inşa edilməsinə əsas zərurət Bakı-Xırdalan istiqamətidir” 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı hesab edir ki, hazırda yeni yol və körpünün inşa edilməsinə əsas zərurət Bakı-Xırdalan istiqamətidir: “Bakı-Xırdalan istiqamətində günün bütün saatlarında, xüsusilə pik vaxtlarda uzun tıxaclar yaranır. Hazırda  bu yolda yeni körpünün salınmasına ciddi ehtiyac var. Sabunçu rayonu ərazisində Zabratdan şəhər və əks istiqamətdə sıxlığı azaltmaq üçün Böyükşor gölünün yanından çəkilən yolun böyük əhəmiyyəti olacaq. Bununla hərəkət intensivliyi yaranacaq və nəticədə yollarda sıxlıq azalacaq”. 

Ekspert onu da əlavə etdi ki, bir çox yollarda hərəkətin intensivliyini artırmaq da çox vacibdir: "Bəzi ərazilərdə yolötürüclərinin körpü tipli olması çox vacibdir. Məsələn, dörd yol ayrıclarında problemlər yaranır. Səbəb hərəkət intensivliyini təmin edəcək vasitələrin olmamasıdır".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla