AZ

İrəvandakı Fransa səfiri ABŞ səfirinin Şuşa səfərinə kinayəli yanaşdı...

Image

İbrahim Rüstəmli: “Səslənən böhtanların bizim siyasi və hərbi gücümüzə zərrə qədər də olsun mənfi  təsirini görməyəcəyik”

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini müsahibəsində bildirib ki, demarkasiyanın Almatı Bəyannaməsi əsasında başlaması daha yaxşıdır: “Bu, əlbəttə ki, davam etdirilməli olan müsbət bir inkişafdır. Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirib və biz Azərbaycanın da güzəştə gedəcəyini gözləyirik. Hazırda Azərbaycan Ermənistan ərazisinin böyük hissəsini işğal edib (?) və o, həmin əraziləri tərk etməlidir. Fransanın baş naziri bu yaxınlarda bunu xatırladıb. Beləliklə, biz hesab edirik ki, bu, davam etdirilməli olan yaxşı inkişafdır”.

Qeyd edək ki, Fransa səfirinin “Ermənistan güzəşt edib” sözləri ənənəvi olaraq Parisin bu nizamlamada tutduğu qərəzli və birtərəfli mövqeyin təzahürüdür. Ermənistan heç nəyi  güzəştə getməyib, əksinə,  Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən 4-nü qaytarmağa razılaşıb.

Dekottini Fransanın Bakıdakı səfirinin “harada olması” sualına cavabında da “Şuşidə deyil” deyib. Şuşanı “Şuşi” adlandıran səfir bu açıqlaması ilə həm də bu yaxınlarda Şuşaya səfər etmiş ABŞ-ın Azərbaycandakı səfirinin hərəkətini öz aləmində tənqid etmiş olub. 

 “Azərbaycan Ermənistanın ərazisini  işğal edib” kimi böhtanı atmaqla Fransa mahiyyəti  tam bəlli etmiş oldu.

Səfirin bu sərsəm açıqlaması ilə bağlı ekspertlər nə düşünür?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 

Ermənistanda yerləşən Fransa səfirliyinin ərazisi Fransa sayılır: “Orada səslənən bütün bəyanatlar da Fransanın rəsmi mövqeyini ifadə edir. Biz Fransanın çox neqativ mövqeyinə şahidlik etmişik. Onların Türkiyəyə qarşı da daim qərəzi olub. Vəziyyət o yerə çatdı ki, Ərdoğan Makronla əl-ələ görüşməkdən imtina etdi. Fransanın bu addımları nə siyasi  mədəniyyətə, nə də etikaya uyğundur. Bütün bunların arxasında erməni lobbisi dayanır. Fransanın Ermənistandakı səfiri Makronun dili ilə danışır. Hətta o qədər eyforiyaya uyurlar ki, deyir güya Azərbaycan Ermənistanın ərazilərini işğal edib. Bu çox biabırçı və açıq yalandır. Bu, kör-köranə şəkildə bizə bəslənən nifrətin nümunəsidir. Çılpaqcasına öz nifrətlərini üzə çıxarırlar. Biz Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaratmışıq. Bu, daha çox Fransanı narahat edir. ABŞ səfiri harasa səfər edirsə, bunun Fransaya nə aidiiyyəti ola bilər? Fransa vəziyyəti dəyişmək üçün dəridən-qabıqdan çıxır. Bütün bunların heç bir nəticəsi olmayacaq. Mən inanmıram ki, konkret siyasi kursu olan bir ölkə belə cılızlıqlara əl atsın. Azərbaycan bütün dünyaya öz sözünü dedi. Biz heç kimin ərazisini işğal etməmişik. Əksinə, işğala qarşı vuruşmuşuq. Fransa bundan sonra da nə etsə faydası yoxdur. ABŞ kimi ölkəyə ağıl öyrətmək istəyir. Yaxşı olardı ki, səhvini etiraf edib, ABŞ kimi addımlar atardı, amma biz tərsini görürük. Qalib olmaq həm də yeni rəqiblərin yaranması anlamına gəlir. Bir çox ölkələr, o cümlədən Fransa güclü Azərbaycan görmək istəmir. Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib. Biz öz gücümüzə  işğalı aradan qaldırmışıq. Fransa səfirinin dedikləri növbəti şoudur. Azərbaycan haqq yolunda  inamla addımlayır. Səslənən böhtanların bizim siyasi və hərbi gücümüzə zərrə qədər də olsun mənfi  təsirini görməyəcəyik. Əllərindən konkret addımlar atmaq  gəlmədiyi üçün, üstünlüyü belə ritorikalara verirlər”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla