AZ

"Araz-Naxçıvan" gələn ay Vitali Borisov və Rövşən Hüseynli ilə anlaşa bilər

Rövşən Hüseynlinin Qazaxıstan klubu "Atırau"dan ayrıldığını xəbər vermişdik. Bilindiyi kimi, futzal üzrə yüksək liqanın çempionu "Araz-Naxçıvan" ötən ilin mayında onu komandaya cəlb etmək istəsə də, sövdələşmə alınmadı.

Görəsən, indiki durum klubun futzalçı üçün yenidən hərəkətə keçməsinə səbəb olacaqmı? Muxtar Respublika təmsilçisi hələ də Rövşənin xidmətində maraqlıdı?

Bu suallarla "Araz-Naxçıvan"ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik:

"Rövşənin klubundan ayrılmasından xəbərdaram. Hətta bu gün ölkə kubokunun "Araz-Naxçıvan" - "Baku Fire" final matçından əvvəl görüşümüz baş tutdu. Köhnədən qalan dostluq münasibətlərimiz hələ də davam edir. Lakin bu barədə danışmaq tezdi. Çünki futzalçılarımızın çoxunun klubla müqaviləsi davam edir. Rövşən mənə təkliflərinin olduğunu dedi. Bildirdi ki, düşünməli olduğu məsələlər var. Qısası, bu haqda dəqiq danışmaq üçün zamana ehtiyac var. Mayda yox, ola bilər ki, gələn ay Rövşənlə görüşüb sabiq komandasına qayıtması haqda mövzunu müzakirə edək".

Yeri gəlmişkən, Mahmud bəydən “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisovun cari mövsümün sonunda müddəti bitəcək müqaviləsinin yenilənib-yenilənməyəcəyini də soruşduq:

"Dekabrda Vitali Borisovla görüş zamanı bildirmişdi ki, mövsümü "qızıl dubl"la bitirmək lazımdı. 15 il idi kuboka yiyələnə bilmirdik. Qeyd edim ki, "Baku Fire" da qələbəyə layiq çıxış etdi. Çətin oyun oldu. Rəqib çox yaxşı oynadı. Müqavilə müddətinin artırılmasıyla bağlı baş məşqçimizlə hələ danışmamışıq. O, həm də millimizi çalışdırdığından əvvəl  federasiya rəhbərliyi ilə görüşəcək. İyunun ortalarına qədər isə bizimlə Vitali Borisov arasında müzakirə aparılacaq".

KƏNAN BAHADIR 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
football-plus.az

1Mənbələr