AZ

Turistlərin daha çox Bakıda qalmasının səbəbi bəlli oldu

Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər.

Bu, o deməkdir ki, ölkəyə gələn hər 10 turistdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedir. 

Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 8.8 faizi sözügedən rayonda qalıb. Bütövlükdə, xarici turistlərin 3,1 faizi Naftalanda, 2,9 faizi Qubada, 2,5 faizi Qəbələdə, 0,4 faizi Şabranda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb. Bunun səbəbini bölgələrdə xidmət sektorunun zəifliyi ilə əlaqələndirmək olarmı? 

Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bunun əsas səbəblərdən biri ölkəyə gəliş-gedişin hava nəqliyyatı vasitəsilə olmasıdır:

"Azərbaycana gələnlərin əksəriyyəti vaxtlarını daha çox Bakıda keçirirlər. Bunun əsas səbəblərdən biri ölkəyə gəliş-gedişin hava nəqliyyatı vasitəsilə olmasıdır. Uçuşların 90 faizindən çoxu Bakı şəhərinin hava limanından həyata keçirilir. Qonaqlar həm gələrkən, həm ölkədən gedərkən bu hava limanından istifadə edirlər. Bu, o deməkdir ki, ölkəyə gələnlər səfərin həm əvvəli, həm sonrası Bakıda olmaq məcburiyyətindədir. Səfər müddətlərinin də o qədər uzun olmadığını nəzərə alsaq, vaxtlarının 2/3 hissəsindən çoxunu Bakıda keçirirlər". 

Onun sözlərinə görə, regionlara səfər edənlər də var, sadəcə bu səfərlər qısamüddətli olur:

"Birbaşa uçuşlar olarsa, beynəlxalq hava limanlarından istifadə daha səmərəli keçirilərsə, bu zaman mənzərə tam dəyişər. Digər beynəlxalq hava limanları olan regionlara da turistlərin paylaşılması baş verə bilər. Deyə bilmərik ki, regionlar maraq cəlb etmir. Əlbəttə, təbiəti sevənlər üçün regionlar da maraqlıdır. İnsanların istirahəti üçün maraqlı təbii resurslar var. Burada əsas səbəb nəqliyyatla bağlı məsələdir". 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla