AZ

Dünyaya səs salan "Xarıbülbül" musiqi festivalı

Qarabağın tacı, musiqimizin beşiyi olan Şuşamız illər sonra ən gözəl dövrünü yaşayır. Əsirlikdən qurtulmuş bu şəhər əzəli sakinlərin torpağına ayağını basandan sonra rahatlığına qovuşub. Hər fəslin gözəlliyini duyaraq rahat nəfəs alır. Təbiət Şuşamızla başqa bir tərzdə həmahəngdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərən oğullarımız Şuşa həsrətinə son qoydular. İşğal altında olan əsir torpaqlar azad olundu.

Bu gün bu Şusamız yeni dövrünü yaşayır. Şuşamızdan "Xarıbülbül" yenidən dünyaya səs salacaq. Şuşamız işğaldan azad olunandan sonra öz baharına qovuşdu. Uzun illərdən sonra yenidən Şuşada, Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının keçirilməsi bir daha dünyaya göstərmiş oldu ki, işğaldan azad olunan torpaqlarımızda yeni, qaynar həyat başlanıb. Əlbəttə ki, "Xarıbülbül" musiqi festivalı hər bir azərbaycanlı üçün böyük qürurdur. Musiqi beşiyi, musiqi məbədi olan Şuşada belə bir tədbirin keçirilməsi hər birimizin müqəddəs arzusu, istəyi idi ki, bu gerçəkliyə çevrildi.

35 YAŞINI QEYD EDƏN FESTIVAL ŞUŞA VƏ LAÇIN ŞƏHƏRLƏRINDƏ BAŞ TUTACAQ

Bildiyimiz kimi, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq status alıb. Müxtəlif ölkələrdən olan musiqi qruplarının iştirakı bu günədək yaddaşlarda xoş xatirələrlə iz qoyub. Nəhayət, 12 may 2021-ci il tarixində doğma Şuşanın səmasında illər əvvəl olduğu kimi Qarabağ şikəstəsi eşidildi və “Xarıbülbül” festivalına start verildi.

Mayın 11-13-də yenidən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Bu il 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq.

Öz növbəsində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alacaq.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılış konserti keçiriləcək. Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olunacaq. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.

“ƏZIZ ŞUŞA, BIZ QAYITMIŞIQ!”

Bu gün işğaldan azad olunan torpağımızda bu festivalın keçirilməsinin başqa bir a-havası var. 2020-ci il noyabrın 8-də Azərbaycan Şuşa şəhərini erməni işğalçılarından azad etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu Sərəncamla Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev fondunun təşkilatçılığı ilə festival baş tutmuşdur. Xarıbülbül festivalı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı ilə başlamışdır.

Dünyanın nəzər nöqtəsində olan Azərbaycanın reallıqları Prezident İlham Əliyevin müdrik siyasətindən qaynaqlanır. 44 günlük Vətən müharibəsi bir daha dünyanı Azərbaycanın gücü, reallıqları ilə təəccübləndirdi. Dünyanın heç bir nöqtəsində 44 günlük zaman məsafəsində hansısa müharibəni qalibiyyətlə başa vurmaq görünməmiş hal idi. Bunu tarixə Azərbaycan yazdı. 44 gün və qalib, müzəffər Azərbaycan xalqı. Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktikanın döyüş meydanında Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı XXI əsrin müharibəsi olaraq dünya tarixində yer aldı.

Azərbaycan hərbi, iqtisadi gücü ilə dünyanın diqqətini özünə cəlb etdiyi kimi, bu gün işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən abadlıq-quruculuq işləri ilə də dünya dövlətlərinin diqqətindədir. 2020-ci ilin noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri işğaldan azad edildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyərək xoş müjdəni verdi. Cənab İlham Əliyev bütün dünyaya Azərbaycanın gücünü, tarixi ədaləti diplomatik yol ilə bərpa etdiyini göstərdi. Şuşa şəhərində keçirilən tədbirlər də bir daha dünyanın diqqətəni ölkəmizə – tarixi Şuşa şəhərimizə cəlb edir.

ŞUŞANIN DAŞ YADDAŞI

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən və dövlət başçısının bilavasitə nəzarəti altında qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şuşada Gövhərağa məscidinin bərpası Azərbaycanın öz dərəylərinə milli-mənəvi islami dəyərərinə olan ehtiramın nümunəsidir. Dövlət başçısının bildirdiyi kimi, "Bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Verilən göstərişlər yerinə yetirilir".

Qədim mədəniyyət beşiyi olan Şuşanın daş yaddaşı tarixin keçməşeşli yollarının hər bir ilini silinməz səhifəsinə yazmışdır. Nə qədər hücümlara məruz qalsa da, öz məğrurluğunu qoruyub saxlamışdır. Artıq hər kəs rahatlığa qovuşub. Üzeyirin, Nətəvanın, Bülbülün güllələnmiş heykəlləri də Şuşada rahat nəfəs alır. Uzun illər R.Mustafayev adına Azərbaycan Dövlət Muzeyində saxlanılan heykəllər rahatlıq tapıb. Şuşa, "Cıdır düzü", "İsa bulağı" həsrətində olduğu sakinlərinə, Azərbaycan musiqisinə qovuşub.

İdeoloji, ictimai-siyasi tədbirlərin artıq məkanına çevrilən, Şuşamızdan boy atan Xarıbülbülümüzün ətri dünyaya öz ətrində yayılır. Bu qoxu ondan duyulan VƏTƏN qoxusudur. Şuşamızın qoxusudur. Bu ətri duya biləcək insanlar Vətən anlayışının nə demək olduğunu anlayanlardır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət alıb. Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı görülən işlərin davamıdır. Mehmandarovların malikanə kompleksi Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Yaşayış kompleksinə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. 2021-ci ilin oktyabr ayından etibarən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Şuşada Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. İndi nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Otel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.

Qeyd edək ki, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.

Görülən və görüləcək bütün işlər bunlarla bitmir. Azad Şuşamız müasir bir məkana çevrilir. Şuşada Yuxarı Gövhər Ağa məscidinin yenidənqurma və bərpa işlərindən sonra açılışı, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. Şuşanın yenidən qurulmasının təzahürüdür. Şuşa yaşayır və qaynar, yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı yenidən dünyaya səs salacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla