AZ

Strateji yaxınlaşma davam edir



Bu gün Azərbaycanla sıx əməkdaşlıq edən Avropa ölkələrindən biri də Bolqarıstandır. Bolqarıstan Prezidenti Rumen Radevin may ayının 8-də ölkəmizə etdiyi səfər də ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha dinamik inkişafına növbəti güclü təkan olacaq. Məlum olduğu kimi, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Məhz bu Bəyannamə bu gün iki ölkənin dost və strateji tərəfdaş ölkələr kimi çıxış etmələrinə əsaslı zəmin yaratmışdır. Diqqətəlayiq haldır ki, hazırda Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.

Cənab Prezident İlham Əliyev Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda xüsusi olaraq vurğuladı ki, iki ölkənin dövlət başçılarının görüşləri müntəzəm xarakter daşıyır. O cümlədən keçən il də bu cür qarşılıqlı səfərlər olmuşdur. Yüksək səviyyədə fəal siyasi dialoq imkan verir ki, Azərbaycan-Bolqarıstan əlaqələri bütün istiqamətlər üzrə genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Son vaxtlar ölkələrimiz arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Dövlət başçımız belə bir maraqlı məqamı da diqqətə çatdırdı ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək və bu da dost ölkənin qaz istehlakının təqribən 50 faizini təşkil edir. Beləliklə, Azərbaycan bu gün Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.

Aydındır ki, dövlət başçılarının apardıqları müzakirələrdə enerji sahəsi əsas rol oynayır. Lakin bu, qətiyyən əməkdaşlığı məhdudlaşdıran bir amil deyil. Müzakirə olunan mövzular sırasında həm də nəqliyyat, rəqəmsallaşma aspektləri, yaşıl enerji layihələri, təhsil, mədəniyyət və turizm sahələri də kifayət qədər geniş yer tutur. Qeyd olunmalıdır ki, Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamənin imzalanması da məhz bu istiqamətlərdə əməkdaşlıq əlaqələrinin şaxələndirilməsi və dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Əlbəttə ki, bu əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Bu məsələyə dair verdiyi açıqlamasında cənab Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması Azərbaycan-Bolqarıstan münasibətlərinin güclənməsinə də önəmli töhfə olacaq.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
Mənbələr
Şərh ()
Bağla