AZ

Heydər Əliyev qüdrətliAzərbaycan inşa etməyi bacardı- ÖZƏL

Heydər Əliyev XX yüzillikdə Azərbaycanın yetişdirdiyi ən böyük dövlət xadimidir

"Müasir Azərbaycan Respublikasının inkişafı,  iqtisadi islahatlardan tutmuş Qarabağın işğaldan azad olunmasına qədər əldə edilən uğurlar birmənalı şəkildə ümummilli lider, böyük şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır". 
Bu sözləri Olaylar.az-a açıqlamasında əməkdar jurnalist Mətanət Ağamirli deyib.
"Əminliklə demək olar ki, onun yürütdüyü siyasi kurs Azərbaycanı bu gün qüdrətli bir dövlətə çevirib. Həyatını Vətənə xidmətə həsr etmiş Ulu Öndərin  uzaqgörən siyasəti  nəticəsində inkişafın Azərbaycan modeli yaranıb. Şanslıyam ki, sağlığında Ulu Öndəri yaxından görmək, tanımaq mənə də qismət olub. Heydər Əliyevi xarici səfərlərdə təqib edən, prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olmuşam. Düşünürəm ki, Heydər Əliyev kimi nəhəng siyasi xadimi tanımaq hər bir insanın həyata baxışını kökündən dəyişəcək qədər təsirlidir.  Heydər Əliyev o şəxsiyyətlərəndir ki, bütün həyatını, sağlamlığını xalqımızın rifahı naminə həsr edib.  Xarici səfərlərində  sıx iş, görüş qrafikinə rəğmən məqam düşən kimi, biz jurnalistləri başına toplayıb, müsahibələr verməsi, suallarımızı cavablandlrması, tövsiyyələri unudulmayacaq məqamlardandır.   "Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi necə olardı" sualını düşünəndə belə sonsuz qeyri-müəyyənlik yaranır.  Heydər Əliyev o zaman hakimiyyəti təhvil aldı ki, Azərbaycan separatçıların oylağına çevrilmiş, ölkəmiz parçalanmaq təhlükəsi ilə üzbəüz qalmış, Qarabağda düşmən tam üstünlük qazanmışdı. Belə bir gərgin şəraitdə qüdrətli, regionun lider, dünyanın isə önəmli bir dövlətini inşa etməyi yalnız Heydər Əliyev kimi dahi siyasətçi bacara bilərdi. Və bacardı da.  Ona görə də Azərbaycan var olduqca Heydər Əliyevin  xatirəsi və ideyaları həmişə yaşayacaq, onun tarixi xidmətləri heç vaxt unudulmayacaq. 
Heydər Əliyevin inamla, israrla söylədiyi  "Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir" ifadəsi zamanında, yetişən tarixi anda gerçəkləşdi.  44 günlük vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. Əlbəttə, bütün bu uğular məhz vaxtilə ulu öndərin, daha sonra isə  cənab Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, praqmatik, rasional siyasətin məntiqi nəticəsidir".

Siyasi ekspert Azər Həsrət  bildirib  ki, Heydər Əliyev XX yüzillikdə Azərbaycanın yetişdirdiyi ən böyük dövlət xadimidir:
"İstər SSRİ dönəmində, istərsə də müstəqillik dönəmində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda bizim respublikamızı mümkün mərtəbədə, yüksək səviyyədə təmsil etməyi bacarmış bir liderdir. Yəni mən keçmişdə, sovet dövründə yaşamış biri olaraq, eyni zamanda müstəqillik dönəminin ictimai-siyasi həyatında fəal birisi olaraq bütün bunları gözümlə görmüşəm, müşahidə eləmişəm. Həqiqətən də Heydər Əliyevin sovetlər dönəmində o boyda böyük dövlətdə çox böyük nüfuzu vardı, sözü keçərli idi, şəxsiyyətinə böyük hörmət qoyulurdu. SSRİ-nin o zamankı rəhbəri Leonid Brejnev Heydər Əliyevlə hesablaşırdı, həm də Heydər Əliyev sovet dönəmində, özəlliklə də digər türk dövlətlərinin rəhbərləri ilə yaxın dostluq əlaqələrinə malik idi. Əlavə olaraq da, türk dövlətlərinin mənafeyini mümkün mərtəbədə qorumağa çalışırdı və buna da nail olurdu.
Əlbəttə ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı çox çətin bir dövrə təsadüf edirdi. 1993-cü ildə ölkədə bir tərəfdə vətəndaş müharibəsi, bir tərəfdə torpaqların davamlı şəkildə Ermənistan tərəfindən işğal edilməsi, hərc-mərclik, darmadağın olunmuş iqtisadiyyat, çoxsaylı şəhidlərin verilməsi və s. Bütün bunların fonunda Heydər Əliyev hakimiyyətə dəvət edildi, o vaxtkı prezident Əbülfəz Elçibəy tərəfindən və qısa müddətdə Azərbaycanda sabitliyin bərqərar olması üçün çalışmağa başladı. Məhz onun hesabına Azərbaycandakı hərc-mərcliyə son qoyuldu, Qarabağda qan tökülməsi dayandırıldı və Azərbaycan Respublikası müstəqil inkişaf yoluna qədəm qoydu və sabitlik, ardından da iqtisadi inkişaf məhz Heydər Əliyevin atdığı təməllər üzərində quruldu. O, Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində 1993-2003-cü illər ərzində elə təməllər atdı ki, ondan sonra bu dövlətə rəhbərlik edəcək şəxsin sadəcə olaraq, o, möhkəm təməllər üzərində qüdrətli Azərbaycan qurması lazım idi. Baxın, məhz İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra o, mirası uyğun şəkildə qiymətləndirməyi bacardı. Özünün liderlik bacarıqları ilə Azərbaycanı bu günün qüdrətli bir dövlətinə çevirdi. Əlbəttə ki, Qarabağ torpaqlarının geri qaytarılması, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi məhz ulu öndərin o dönəmdə atdığı təməllər üzərində uğurlu siyasət qurmağı bacaran Müzəffər Ali Baş Komandan İlham Əliyevin hesabına oldu. Əlbəttə ki, Heydər Əliyev Azərbaycan üçün bir tapıntı idi. O 90-cı illərin girdabından Azərbaycanı çıxara biləcək ikinci şəxsi şəxsən mən təsəvvür edə bilmirəm. Bu çətinliklərdən bizi məhz Heydər Əliyev çıxara bildi. Rəhmət və minnətlə anırıq, doğumunun 101-ci ildir və nə yaxşı ki, Azərbaycanın belə böyük, qətiyyətli, dahi bir lider olub. Əlbəttə ki, onun xatirəsi əbədi yaşayacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
olaylar.az

1Mənbələr