AZ

Kimliyimizin axtarışında – Nəyə görə yalanlar həqiqətlərdən daha çoxdur?

Kim olmağımıza yaşadığımız dünyanın ölçüləri baxımından yanaşsaq (özümüz haqqında böyük iddialarımıza rəğmən), bizi yaşadan Günəşin Yer kürəmizdən 333 400 dəfə böyük olduğunu, Qalaktikamızda isə Günəşimizdən 5 milyard dəfə böyük Günəşin, eləcə də milyardlarla Günəşlərin olduğunu, habelə Habl teleskopuyla Kainatda insanın görə bildiyi milyardlarla Qalaktikaların olduğunu biləndən sonra, bu baxımdan böyüklüyümüzü, hələlik “qatlayıb cibimizə qoymuş” olarıq.

Bəs, əslində biz kimik? Dünyada hər şeyin atomlardan ibarət olduğunu bildiyimizdən, demək, biz də atomlardan ibarətik. Amma, onu da bilirik ki, bədənimizin hüceyrələri (beynimizin neyronları belə 5 il müddətində) müntəzəm olaraq dəyişildiyindən, onları təşkil edən atomlar da yediyimizlə, içdiyimizlə, nəfəsimizlə müntəzəm olaraq yenilənir. Deməli, biz 5 il əvvəlki “mən” deyilik. Onda, deyə bilərikmi ki, biz öz keçmişimizi xatırlamalarımızla və başqararına xatırlatmağımızla əvvəlki “mən”ik?

2002-ci ildən bəri aparılan araşdırmaların qənaəti belədir; – insanlar nəinki, təkcə fiziki baxımdan yüzdə-yüz dəyişirlər, insanların 99 faizi keçmişi xatırlamalarında da yüzdə-yüz təhriflərə yol verirlər. Və bunun təhrifsiz olduğuna da tam inanırlar. Demək, biz təkcə fiziki baxımdan yox, “məlumatlar bankı” baxımından da, əvvəlki deyilik.

Araşdırmalar onu da göstərir ki, illər ötdükcə, fiziki dəyişilmələrlə birgə, zövq, düşüncə, duyğu, mövqe, münasibət, sevgi, yemək çeşidinə münasibətdə də, heç kim əvvəlki olaraq qalmır. O da məlum olub ki, 80 yaşındakı adam nəinki bütün ömrünü, heç ömrünün əlamətdar olan 100 günü olduğu kimi, bütün detalları ilə dəqiq xatırlaya bilmir!

Ən pisi isə odur ki, fotoşop sayəsində həmin adamların uşaqlıq, cavanlıq şəkillərinin müxtəlif mənzərələr içində yerləşdirib ahıl yaşlarında onlara göstərəndə, bunların, yəni keçmişdə heç yaşanmamışların real olduğunu təsdiq edirlər.

Biz keçmişimizi təhrif olunmuş şəkildə xatırlayan, bu günümüzü də gələcəyimizə təhrif olunmuş şəkildə daşıyan “mən”lər serialıyıqmı? İndi bildinizmi, yalanlar həqiqətlərdən həm də nəyə görə çoxdur və çox yayılır?!

Mahir BAYRAM

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
medianews.az

1Mənbələr