AZ

“Araz-Naxçıvan”ı nə gözləyir?

Azərbaycan çempionu “Araz-Naxçıvan”ın da iştirak edəcəyi futzal üzrə Çempionlar Liqasının 2024/25 mövsümünün formatı və oyun günləri bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.

“Dördlər final”ına gedən yol ilkin, əsas və elit raunddan keçəcək.

Reytinq cədvəlində ilk “dördlükdə” qərarlaşan ölkələrin (Portuqaliya, İspaniya, Qazaxıstan və Xorvatiya) hər biri 2, digər federasiyalar 1 klubla (Rusiya ümumiyyətlə yarışda təmsil olunmayacaq) təmsil olunacaq.

Çempionlar Liqasının son qalibi “Palma” (İspaniya) və reytinq cədvəlinin 1-11 və 16-19-cu pillələrində yer alan klublar əsas mərhələnin A, digərləri isə B yolunda mübarizə aparacaqlar.

İlkin mərhələdə reytinq cədvəlinin aşağı pillələrində yer alan komandalar mübarizə aparacaq. İştirakçılar hər birində 4 klub olmaqla (saydan asılı olaraq 3 də ola bilər) qruplara bölünəcəklər. Püşkatma vaxtı oyunların keçiriləcəyi ölkə də müəyyənləşəcək. Buradan qrup qalibləri və saydan asılı olaraq bir və ya bir neçə ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan kollektiv əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələ oktyabrın 22-27-də keçiriləcək. A yolunda 16 klub mübarizə aparacaq. Hər qrupda 4 komanda olacaq, onlardan 3-ü elit-raunda vəsiqə qazanacaq.

B yolunda isə reytinq cədvəlində 12-15 və 20-ci sıra ilə sonrakı pillələrdə yer alan bir neçə komanda, eləcə də ilkin mərhələdən əsas mərhələyə yüksələcək kollektivlər yer alacaq. Ümumilikdə 16 komanda olacaq və onlar da hər birində 4 klub olmaqla 4 qrupa bölünəcəklər. Buradan isə ancaq qrup qalibləri elit-raunda yüksələcək.

Elit-raund noyabrın 26-dan dekabrın 1-dək keçiriləcək. Burada ümumilikdə 16 komanda iştirak edəcək. Oktyabrın 31-də qruplar müəyyənləşəcək. Yekunda 4 qrup qalibi “Dördlər finalı”nda oynamaq hüququ qazanacaq. Final mərhələsi isə mayda keçiriləcək. Əvvəlcə yarımfinal matçları baş tutacaq. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda yarışacaqlar.

Oyun günləri və püşkatma tarixləri:
İlkin və əsas mərhələnin püşkü: 4 iyul
İlkin mərhələnin oyun günləri: 20-25 avqust
Əsas mərhələnin oyun günləri: 22-27 oktyabr
Elit raundun püşkatması: 31 oktyabr
Elit raundun oyun günləri: 26 noyabr – 1 dekabr
Final mərhələsinin püşkü: Hələ müəyyənləşməyib
Final mərhələsinin oyun günləri: 1 və ya 2 – 3 və ya 4 may

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq