AZ

Mütəqillik yolumuzun banisi

Yazını böyüt
Yazını kiçilt

Xalqımız müstəqil Azərbaycanın qurucusu, böyük siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü fəxarət hissi ilə qeyd edir. Əslində Azərbaycan və xalqımız öz liderinin mənəvi gücünü, dayağını daim üzərində hiss edərək sabahına, gələcəyinə böyük ümidlər bəsləyərək qüdrətli, bütöv Azərbaycanın qurulacağına inanıb. Ulu öndər Heydər Əliyev şəxsiyyətinin müasir Azərbaycan tarixində xüsusi səhifə açması və adının böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilməsi onun dövləti, xalqı üçün həyata keçirdiyi əməlləri, tarixi qərarları ilə daim pöhrələnir, inkişaf edir. Ona görə də əbəs yerə deyil ki, Ulu Öndərin adı hər ötən illərdə, getdikcə daha çox qüdrətlənən, müstəqil, azad Azərbaycanımızla birlikdə çəkilir.

Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyəti dövlətimizin hər bir uğurunun altında çəkilən imzası ilə diqqət çəkir. Ötən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə ulu öndər Heydər Əliyev şəxsiyyətinin uzaqgörən siyasətinin dövlət, xalqımız üçün verdiyi töhfələri bir daha araşdırılmaqla yeni nüansları ortaya çıxarmış oldu.

Bəli, ulu öndər Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardı. Bu gün inamla deyə bilirik ki, yüksələn xətlə irəliləyən Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.

Ulu Öndər Azərbaycana rəhbərliyinin birinci dövründə özünün xüsusi idarəçilik bacarığı, yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən məqsədyönlü qərarları ilə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. O, Azərbaycanın müstəqilliyi qarşısında maneə olan siyasi baryerləri çox yüksək ustalıqla aşaraq, iti zəkası ilə uzağa hesablanan addımlarla bu gün də tarixi faktlar olaraq qarşımızdadır. Ulu Öndər Azərbaycanı sovet rejiminin buxovlarından çıxarmaq üçün çox böyük ustalıq və yumşaq güc siyasəti ilə baryerləri keçə bilib. 

İnkişaf prosesində Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərməklə, milli özünüdərk və soy-kökə qayıdışı təmin etdi. Bu prinsip milli kimliyimizin təsbit olunaraq qorunması, eləcə də müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi.

Ulu Öndər SSRİ məkanı adlı dəryada dərinlikdə böyük ağırlığı, əzəməti olan bir aysberq, dahi siyasətçi kimi sarsılmaz əqidəyə malik idi. Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdi. Bu gün Heydər Əliyevin adı ilə bağlı olan hər hansı memarlıq abidəsinə, yaradıcılıq əsərinə baxanda onun bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini nə dərəcədə düşündüyünü görmək olur. Getdikcə gənc nəsillərə aydın olur ki, ulu öndər hələ SSRİ rəhbərlərindən biri olsa da, qarşısında duran maneələrə, baxmayaraq respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan məharətlə istifadə edib.

Ulu öndər Heydər Əliyev irsi tarix, gələcək nəsillər üçün bir əyani vəsait, dərslik olaraq öyrənildikcə, vətəni sevmək, onun üçün bütün varlığı ilə çalışmağın yeni, müasir  yol xəritələri cızılır. Məhz Ulu Öndərin siyasi, iqtisadi strategiyası əsasında tökülən mühüm bünövrələr üzərində yeni Azərbaycan qurulur. Həmin Azərbaycan ki, 200 illik tariximizdə ilk dəfə işğalçı düşmənə ağır zərbə vuraraq adını tarixə qızıl hərflərlə yazdırdı. Azərbaycan məruz qaldığı 30 illik işğal faktına zəfər yüksəkliyindən baxmaq imkanı qazanıb. Ulu Öndərin Azərbaycanın gələcəyi üçün cızdığı bu Yol Xəritəsi onun inandığı varisi, sələfi Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətli addımlarla reallaşdırılır.

Ötən əsrin 90-cı illərində Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Belə bir ağır zamanda xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi.

Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və həyata keçirdi. O, milli neft strategiyasının uğurla reallaşdırdı. “Əsrin müqaviləsi” Azərbaycanı, xalqımızı gələcək bəlaların qarşısında sipər etməklə yanaşı, onu öz təbii sərvətlərinin tam sahibinə çevirdi.

Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi ulu öndərin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Ulu Öndər xalqımızı vahid amal ətrafında birləşdirdi. Azərbaycançılıq ideologiyasını formalaşdırdı. Eyni zamanda ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsini yaratdı. Eləcə də Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması məhz ulu öndər Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri oldu.

Güclü Azərbaycan Ulu Öndərin şah əsəridir. Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Azərbaycan xalqı ulu öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır…

101 il keçsə də, Heydər Əliyev əməlləri onun varlığını unutdurmadı. Azərbaycan Heydər Əliyev irsi ilə yoğrulduqca daha da möhkəmlənəcək, öz kökünü, tarixini daha dərindən anlayacaq, dərk edəcəkdir. Bu gün Ulu Öndərin ruhu şad, yeri cənnətdir. Onun xatirəsi daim ürəklərimizdə yaşayacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla