AZ

Sülh müqaviləsi noyabrda imzalanacaq? - AÇIQLAMA

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Onun sözlərinə görə, bunun üçün danışıqlar zamanı razılaşdırılmış bütün prinsipləri sənəddə qeyd etmək lazımdır və bu prinsiplər açıqdır.

Bəs görəsən, həqiqətən noyabr ayında sülh sazişi imzlana bilərmi?

Deputat Müşfiq Cəfərov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əslində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb.

Onun sözlərinə görə, hətta ötən ilin sonunda yekun müqavilənin son razılığına çox yaxın idik. Lakin qarşı tərəf həm daxildə, həm də xaricdə müəyyən mənada asılı olduğuna görə hələ ki Ermənistanla sülh müqaviləsi yekunlaşa bilmir:

"Ümumiyyətlə, Nikol Paşinyan hakimiyyətinin sülhə olan marağı göz önündədir. Lakin Cənubi Qafqazdakı kommunikasiya xətlərindən faydalanmağa çalışan Qərb dövlətləri sülhə mane olmağa davam edir. Düşünürəm ki, bunun əsas səbəbi Ermənistanın daima hansısa bir gücdən asılı olmağındadır. Çünki bu dövlət öz xalqının və regionun mənafeyinə deyil, Qərbin iqtisadi maraqlarına uyğun olan siyasətini davam etdirir”.

Müşfiq Cəfərov: Fikrimcə, İrəvanın bu sənədi imzalamaq üçün kifayət qədər siyasi iradəsi olacaq

Müsahibimiz qeyd edib ki, görünən odur ki, Ermənistan sülhə hazırdır:

“Əgər regionda güc savaşına çıxan dövlətlərin vədlərinə aldanmasa, proses deyilən vaxtdan da tez yekunlaşacaq. Fikrimcə, İrəvanın bu sənədi imzalamaq üçün kifayət qədər siyasi iradəsi olacaq".

Xatırladaq ki, rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin ilkin olaraq azad olunmasını tələb edib. “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir,” - rəsmi Bakı martın 9-da bəyan edib.

Azərbaycan hesab edir ki, 4 kənd qaytarıldıqdan sonra digər anklav kəndlərlə və delimitasiya ilə bağlı danışıqları davam etdirmək olar. Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən kəndlərin Azərbaycan ərazisində yerləşdiyini bildirib.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla