AZ

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Budapeşt, 10 may, AZƏRTAC

Macarıstan və Çin dövlətlər arasında istənilən mübahisənin sülh yolu ilə həllinin tərəfdarıdır və BMT-nin əsasını təşkil etdiyi beynəlxalq sistemə sadiqliklərini bir daha təsdiqləyirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə Budapeştdə Çin Xalq Respublikasının Sədri Si Cinpin, Macarıstan Prezidenti Tamaş Şuyok və Baş nazir Viktor Orban arasında aparılmış danışıqların yekunları üzrə qəbul edilmiş iki ölkənin Birgə Bəyanatında deyilir.

Sənəd “Yeni dövrdə hərtərəfli çoxşaxəli strateji tərəfdaşlığın yaradılması haqqında Çin-Macarıstan Birgə Bəyanatı” adlanır. Onun mətnində göstərilir ki, Budapeşt və Pekinin əldə etdiyi nəticələri nəzərə alaraq ikitərəfli münasibətlərin yüksək səviyyəsini məhz belə xarakterizə etmək olar.

Bəyanatda qeyd olunur: “Tərəflər dövlətlər arasında mübahisələrin dialoq və məsləhətləşmələr vasitəsilə - sülh yolu ilə həllinin vacibliyini vurğulayırlar. Hər iki tərəf qlobal təhlükəsizlik və sülhün vacibliyini bir daha təsdiqləyir. Tərəflər Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil etdiyi beynəlxalq sistemi, beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamı və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq münasibətlərin fundamental normalarını birgə müdafiə edəcəklərini, hamı üçün ədalətin bərqərar olmasına səy göstərəcəklərini bir daha təsdiqləyirlər. Bu prinsiplər beynəlxalq asayişi təmin edir və bütün dünyada sülhü və sabitliyi möhkəmləndirir”.

Bundan əlavə, bəyanatda deyilir ki, Çin Avropa İttifaqı ilə hərtərəfli strateji tərəfdaşlığı inkişaf etdirmək öhdəliyini bir daha təsdiqləyir və strateji məsələlər üzrə fikirlərin daha da yaxınlaşmasını təmin etmək üçün yüksək səviyyədə mübadilələri təşviq edir”.

Macarıstan Aİ üzvü kimi bu prinsipləri bölüşür və onların həyata keçirilməsinə öz töhfəsini verəcək. Mətndə Çinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə əməkdaşlığının əhəmiyyəti ayrıca sətirdə qeyd olunur.

Sənəddə daha sonra qeyd olunur: “Hər iki tərəf milli suverenliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün qorunmasında bir-birini qətiyyətlə dəstəkləyir. Çin Macarıstanın müstəqil inkişaf yolu seçiminə hörmətlə yanaşır və Macarıstan hökuməti vahid Çin prinsipinə qətiyyətlə riayət edir”.

Ümumilikdə 21 bənddən ibarət olan bəyanatda Macarıstan ilə Çin arasında iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əlaqələr diqqət mərkəzindədir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
azertag.az

1Mənbələr