AZ

Bugünkü güclü Azərbaycanın, qazanılan zəfərlərin təməlində Heydər Əliyevin uzaqgörən siyasəti, inkişaf strategiyası dayanır – Ceyhun Məmmədov

Müasir Azərbaycanın qurucu olan Heydər Əliyev siyasi uzaqgörənliyi, əzmkar, vətənpərvər və qətiyyətli mövqeyi ilə dünya tarixində nadir rast gəlinən liderlərdən biri idi.

Bu fikirləri Herbiand.az-a millət vəkili Ceyhun Məmmədov bildirdi. Qeyd etdi ki, Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra dərin zəkası, bilik və bacarığı ilə ölkəmizi qarşılaşdığı ağır və sərt sınaqlardan üzüağ çıxartmağı bacardı:

“Öz həyatını dövlətimizin inkişafına və xalqımızın rifahına həsr etmiş dahi şəxsiyyət Azərbaycan Respublikasının müasir Konstitusiyasının hazırlanması ilə ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin yerinə yetirilməsi üçün əsaslı zəmin yaratdı. Hüquqi dövlət quruculuğu istiqamətində davamlı olaraq uğurlu siyasət yeridən Ulu Öndər Ombudsman təsisatının, Konstitusiya Məhkəməsinin yaradılması, ölüm hökmünün ləğv edilməsi və digər bu kimi islahatlarla demokratik dövlətin sarsılmaz əsaslarını qoydu”.

Millət vəkili müdrik dövlət xadiminin idarəetməsi dövründə Azərbaycanda ordu quruculuğu məsələlərinə xüsusi önəm verildiyini vurğuladı:

“Ulu Öndər öz əzmkarlığı və vətənpərvərliyi ilə 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. I Qarabağ müharibəsindən sonra Azərbaycan Milli Ordusunun formalaşması prosesi daha da sürətləndirildi.

26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi qeyd edilməsi də birbaşa Ulu Öndərin fəaliyyəti ilə bağlıdır. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən elan olunan bu əlamətdar tarix hər il rəsmi dövlət bayramı kimi qeyd olunur. Ümummilli Liderin məhz bu istiqamətdə gördüyü tədbirlər qüdrətli Azərbaycan Ordusunun formalaşmasında mühüm əhəmiyyət daşıdı”.   

Ceyhun Məmmədov Heydər Əliyevin daxili siyasətdə olduğu kimi, ölkənin xarici siyasətində də həmişə öz sözü və müdrikliyi ilə seçildiyini bildirdi:

“Ulu Öndər ölkənin milli məqsədləri naminə bir sıra beynəlxalq arenalarda qətiyyətli çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Dahi şəxsiyyət hər zaman sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından düzgün istifadə edərək dayanıqlı inkişafın təmin olunması sahəsində ciddi addımlar atıb”.

Millət vəkili ölkənin inkişafına fayda verəcək bütün sahələrə diqqət ayıran Heydər Əliyevin gənc nəslə qayğını xüsusi olaraq hər zaman önə çəkdiyini də vurğuladı. Bildirdi ki, ölkəmizin gənclər ölkəsi kimi tanınması, dövlət quruculuğu prosesində gənclərin rolunun artırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən tədbirlər görüb:

“Bu gün  Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayırlar”.

Millət vəkili bugünkü güclü Azərbaycanın, qazanılan zəfərlərin təməlində Heydər Əliyevin uzaqgörən siyasətinin, inkişaf strategiyasının dayandığını söylədi. Bildirdi ki, Ulu Öndərin əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır.

Elnurə İSAXAN

 

 

 

 

 

 

 

 

 

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
herbiand.az

1Mənbələr