AZ

Ulduz olmaq istəyən Balaəli: “Rəşad Dağlı meyxananın ölçü meyarı idi” – MÜSAHİBƏ + FOTOLAR

Medianews.az-ın “Qonağım ol” rubrikasının növbəti qonağı meyxana aləmində özünəməxsusluğu ilə fərqlənən meyxanaçı Balaəli Maştağalıdır.

– Balaəli Rzayev, yoxsa Balaəli Maştağalı? Sizə hansı təqdimat daha uyğundur?

– Mən meyxananın ocağında böyümüşəm. Meyxanaçı kimi də tanınıram deyə, elə Balaəli Maştağalı!

– Son vaxtlar sosial şəbəkələrə Rəşad Dağlının oğlu Yusiflə görüntüləriniz daha çox ürəklərə fəth edib desək, yanılmarıq… Rəşadın ən sadiq dostlarındansınız. Maraqlıdır, həmin gecə Rəşadın yerinə Balaəli olsaydı, nə edərdi?

– Biz Bakıda doğulub böyümüşük, söz götürməyən adamlarıq. Şou-biznesdən fərqimiz də elə budur. Biz xalqın arasında çox oluruq. Əsasən də kənd yerlərində. Bir az ağır adamlarıq. Hər şeyə demək-gülmək, ona bir söz, buna bir söz atmaq… Bizdə belə şey yoxdur. Kimsə kiminsə dalınca danışa da bilər, amma bizlərdə belə şey yoxdur. Çağırıb görüşürük, aydınlaşdırırıq. Meyxana əsasən kişi xarakterinə uyğun janrdır. Dəqiq bilmirəm, amma çox güman ki, Rəşadla eyni ruhun adamları olduğumuz üçün mən də elə edərdim. O vəziyyətdə bəlkə mən də o addımı atardım. Amma bunu birmənalı demək də olmur. Çünki Rəşad istəmədən, affekt halında o hadisəni törədib. Biz də affekt halında olsaq nə edə biləcəyimizi indidən müəyyənləşdirə bilmərik.

– Rəşadla ən çox vaxt keçirən həmkarlarından olmusunuz. Ondan ən çox nəyi öyrənmisiniz?

– Mən ondan çox şey öyrəndim. Elə dosta sədaqəti də. Onun Aydına qarşı dostluğunu, ona dəstəyini görmüşəm. Aydının dostlarına ehtiyacı olduğu günlərində, dar günlərində Rəşadın ona göstərdiyi qayğını müşahidə eləmişəm. Heç doğma qardaş öz qardaşına elə dəstək göstərməyib.

– Onlar bir vaxtların meyxanaçıları olublar…

– Aydın, Elşən Xəzər, Ələkbər Yasamallı, Elçin Alatava, Xəyyam, Aqşin Fateh, Mehman Əhmədli, Vüqar və sair. Rəşad onların arasında gənc olmasına baxmayaraq, çox istedadlı idi. O qədər dözümlü, iradəli, istedadlı, meyxanada, deyişmələrdə söz sahibi idi ki, bəlkə də onu sevməyənlər də Rəşadı qəbul edirdilər. Nə üçün deyirəm ki, meyxanada Rəşada böyük ehtiyac var, çünki bu gün hansısa bir gənc çıxır Orxana da, Ruslana da, mənə də, Pərvizə də nə isə deyə bilir. Amma o vaxt Rəşada bir söz deməyə cürətləri çatmazdı. Qorxurdular ki, birdən Rəşada nə isə deyərəm, camaatın mənə sevgisi azalar. Hamımızda o kişi zəhmi var, kiməsə göz ağarda bilərik. Amma Rəşad bir başqa idi. O kimisə bəyənmirdisə, deməli, bu adamdan meyxanaçı çıxmazdı. İkinci adamın rəyinə ehtiyac qalmırdı artıq. Meyxana məclislərində, toy şənliklərində hansısa bir xiridar Rəşada söz desəydi, qarşılıqlı olaraq Rəşad da ona acıqlansaydı, o adamın kitabı bağlanmış sayılardı.  Rəşadın seçiminə böyük etimad var idi. Rəşada qədər Məşədi Baba, Kərim, Aydın və sair şairlər aktual idi. Bunun davamı olaraq Rəşad özünün də iştirakı ilə yaratdığı Vüqar, Orxan, Pərviz dördlüyü, qət etdikləri birgə yol var.

– “Qızıl dördlük” var yenə?

– O dördlüyü qızıl edənlər – Rəşad, Orxan, Aydın, Vüqar idi. Elə ucuz saat var ki, mən onu qoluma taxaram, bahalı görünə bilər. Sonra Pərviz də oldu. O gedəndən sonra mən qatıldım o qrupa. Yenə də “qızıl dördlük” sayılırdı. Çünki orada Rəşad var idi. Necə ki əvvəllər Kərim, Məşədi Baba, Aydın harada var idi, o meyxana qızıl sayılırdı. Son dövrdə də Rəşadın, Vüqarın, Orxanın olduğu məclis qızıl sayılırdı. Rəşad meyxananın ölçü meyarı idi.

– Sizin üçün meyxana demək asandır, yoxsa mahnı ifa etmək?

– Meyxana. Müğənni kimi də fəaliyyət göstəririk, amma bu, bizim xasiyyətimizə yaddır, ona görə də çətindir.

– Bəs bəyənmirdinizsə, niyə oxumağa başladınız?

– Çünki meyxanada dava-dalaş çox olurdu, gördüm məni də ora aparır. Aqressivlik, son vaxtlar üstümə gəlmələr, dostlar arasında nifaq salmalar və sair… Qaçmağa başladım. Rəşadla dostluğumuza o qədər qarayaxmalar etdilər ki… Mənim Rəşada və ya onun mənə nə üçün ehtiyacı olmalıdır ki? Onsuz da ikimiz də ayrı-ayrılıqda meyxananın ocağındanıq. Məni illərdir Balaəli olaraq tanıyıb hamı. Mənim Rəşadla dostluğum Aydına görə yarandı. Valideynlərimin mənə verdiyi təlim-tərbiyə bir başqa, amma çöldə-bayırda dostluğa verilən qiyməti, dəyəri mən Rəşaddan öyrəndim. Rəşad Dağlı ilə Aydın Xırdalanlı o qədər möhkəm dost idilər ki… Aydının ölümündən sonra da Rəşad onun ailəsinə dəstək olurdu. İstər maddi, istərsə də mənəvi baxımdan.

– Janr olaraq meyxananın özünün də qolları varmı?

– Bəli. Bölgələrdən asılıdır, yer var ki, orada yaşayanlar musiqili meyxanaya meyllidir, yer də var ki, insanlar deyişməyə üstünlük verirlər. Məsələn, Maştağa toylarında deyişmə çox önəmlidir. Lənkəran camaatı daha çılğın deyişməyə üstünlük verirlər.

– Mahnı oxuyarkən tərəf müqabilinizi özünüz seçirsiniz? Əsasən hansı kriteriyalara üstünlük verirsiniz?

– Peşəkar yanaşmağa çalışıram. Çünki bəstəkarlar da, şairlər də belə yanaşırlar. Yazdığımız şeir seçdiyimiz insanın xarakterinə uyğun olmalıdır. Məsələn, son duetim Şəbnəm Qəhrəmanova ilə oldu. Mahnını dinlədim və elə ağlıma o gəldi. Növbəti dueti isə Röya Ayxanla ifa etmək istəyirəm.

– Həmcinsinizlə də duetiniz varmı və ya gözlənilirmi?

– Aydın Sani ilə bir iş ərsəyə gətirmişdik. Ola bilər yenə də bir başqası ilə olsun. Hər zaman arzum olub ki, Rəşadla duetim olsun. Allah qapısını açsın, tezliklə çıxar o da olar. Onunla nəinki duet, yan-yana oturmaq özü bir qürurdur, tarixdir.

– Həmkarlarından çoxu sizi bəyənmir, buna xüsusi bir səbəb varmı?

– Meyxanaçıların məni sevməməsinin əsas səbəbi düz danışmağımdır. Son zamanlar sosial şəbəkələr vasitəsilə söz atılır. Bunu xiridarlar etmirlər, onların yanındaklar edirlər. Xiridar malın müştərisidir, malı satandır. Mən maştağalıyam. Meyxanada toxunulmaz bir adamam. O ocaqdan çıxan adamlar – Ağasəlim, Nizaminin torpağındanam. İkisi də bu janrı qoruyub saxlayan şəxsiyyətlərdir. Məşədi Baba, Mirsadiq, Molla Məhəmmədin kəndində böyümüşəm. Bu gün mənim üçün deyirlər ki, Balaəli niyə “Nupoqodi” və ya “Çitraxuda” deyir. Mən onları başa sala bilmirəm ki, bu gün tamaşaçıya bu lazımdır. Çünki Rəşad kimi deyişmə deyən yoxdur ki, mən deyişim. Camaat Rəşad kimi deyişmə deyən istəyir. Əgər mən Balaəli Rəşad kimi deyişmə deyə bilmirəmsə, öz xarakterimi göstərməliyəm ki, başqa bir tərəfdən sevilim. Mənim üçün meyxana aləmində Rəşaddan başqa deyişmə deyən yoxdur. Kərim, Aydın, Məşədi Baba və Rəşad. Mənim üçün qızıl dördlük bax bunlardır. Mən necə Rəşadın yerini doldura bilərəm? Axı o tərz məndə yoxdur. Mən də “Nupoqodi”, “Çitraxuda” oxudum ki, qoy meyxananı sevən azyaşlıların da ürəyi açılsın. Axı o vaxt uşaqlara icazə verilmirdi meyxana dinləməyə. Onsuz da sovet dövründə meyxanaya qadağa qoyulmuşdu. Müğənni çox idi, meyxanaçı az. Məsələn, 100 müğənninin beş-on nəfəri səhv yolda olanda, gözə çarpmırdı. Meyxanaçının sayı az idi axı, anında bəlli olurdu.  “Nupoqodi”ni mənimlə oturub dinləyənlər indi də o çörəyi yeyirlər. Sən axtaran məndədir, Mən axtaran səndədir. Bu qafiyəmdən günü bu gün də çörək qazanırlar. Amma Balaəlini həzm edə bilmirlər. Mən meyxanaya olan aqressiyanı yığışdırdım. İndi meyxanada deyişmə də düzgün formada deyil, sanki söz savaşına çıxırlar. O bunu təhqir edir, bu onu, axırda da dava düşür.

– Sonra da meyxananın adı bədnam olur, elə deyilmi?

– Bəli. Rəşad deyişmənin şahıdır. O, deyişmə üçün yaranıb. Orxan sevgi, romantik qəzəllər üçün yaranıb. Vüqar şerində, qəzəlinə düşündürücü fikirlərinə görə sevilirdi. Hərənin bir özünəməxsusluğu var. Rəşadı əvəz etmək üçün gərək bir dünyaya yeni Rəşad gəlsin.

– Bəs Balaəli?

– Mən də meyxananı qalmaqaldan qaçırtmağa çalışıram. İstəyirəm körpələr də, xanımlar da bu janrı sevsinlər. Geyim tərzimə diqqət yetirirəm. Qara kostyum ağ köynək və ya qara köynək, şapka, təsbehdən ibarət deyil meyxana. Teatr və filmlərimizdə də belə təsəvvür yaradılır. Amma bu deyil meyxana! Meyxanaçılar da normal insanlar kimidirlər. İçki, narkotik deyil meyxana. Meyxana milli ədəbiyyatımızın bir janrıdır!

– Meyxana demək fitri istedaddır, yoxsa sonradan qazanılma vərdiş? Məsələn, bir valideyn gətirsin övladını xiridarın yanına ki, bu uşaqdan meyxanaçı yarat. Belə bir şey mümkündürmü?

– Mümkünsüzdür! O uşaqda bir qığılcım görərsən ki, onda hansısa bir istedad var, hə, o uşağı qanadının altına alarsan, o közü üfürüb ocağa çevirə bilərsən. Toylara, el şənliklərinə, məclislərə onu aparırsan, o, görür, götürür, söz bazası mükəmməlləşir.

– Gənclərdən kimdə qığılcım görürsünüz?

– Xosrovda! Kənan var, onda. Məşədi Babanın oğlu Cəlal. Şakir və Baba. Bu beş nəfər yetişir artıq. Yaxşı meyxana deyirlər, amma istedadlarını göstərməlidirlər. Bizlər onları toylara aparmalıyıq ki, təcrübə yığsınlar. İstedadlı uşaqlar bu gün də var. Amma elələri də var ki, “TikTok” vasitəsilə və ya kimlərinsə xahişi ilə çıxırlar adama. Amma belə olmur.

– Kim olmaq istərdiniz?

– Mən Rəşad olmaq istəmirəm, ola da bilmərəm. Onun dostuyam, canımı da verməyə hazıram. Rəşad necə ki, deyişmədə Rəşad Dağlı olub, mən də öz musiqilərimlə, tutduğum qafiyələrimlə Balaəli kimi yaddaşlarda qalmaq istəyirəm. Bunu Rəşad da istəyir. O, həmişə deyib ki, özünəməxsus ol! Maştağada o qədər meyxana deyən var idi ki, Rəşadın gözü atmışdı mənə? Deyirdi ki, Balaəli meyxanaya lazımlı adamdır. O, məndə istedadı görmüşdü. O vaxt “De gəlsin”də Qorxmaz Əili demişdi ki, Rəşad Dağlıya simpatiyaya görə əlavə bir medal verilməlidir. Rəhmətlik ustadımız Ağasəlim də demişdi ki, Rəşadın gələcəyini çox işıqlı görürəm. Zaman keçdi, elə də oldu. Rəşad da həmin işıltını məndə görmüşdü. Mən də Mircəlalda, Kənanda, Xosrovda o işıltını, qığılcımı görürəm.

– Elə bir vəziyyət olubmu ki, vaxtında kimlərəsə zəng etmisiniz, amma sizin zənginizə cavab verməyib, lakin indi həmin adamlar sizə zəng edirlər?

– Olub! Bir sinif yoldaşım var idi, məni toyuna çağırmamışdı… Amma oğlunun toyu oldu, mənə zəng vurdu. Rəşadla birlikdə gedib iştirak etdim.

– Məqsədiniz nədir?

– Utanmadan deyirəm, mən ulduz olmaq istəyirəm! Azərbaycandan kənarda da tanınmaq istəyirəm. Amma bu təkcə meyxana ilə mümkün deyil. Ona görə də müğənnilik fəaliyyətimi də davam etdirirəm.

– Birdən ulduzluq xəstəliyinə tutuldunuz, meyxana qaldı ikinci planda, sonra da yavaş-yavaş unudulub getdi Namiq Qaraçuxurlu kimi….

– Qəti! Ucaldıqca meyxananı da qaldırmaqdır məqsədim. Buraya kimi bəzi ustadlarımızın səhvləri, rejimlər, bir çox baş verənlər bu sənətin ucalmasına mane olub, şərait yaradılmayıb. Cəmiyyət istəyir bu sənəti, bizlər düzgün istiqamətləndirə bilmirik. Adımız gah narkomanlıqda, gah içkidə, gah dava-dalaşlarda hallandı. Gəlin etiraf edək. Son vaxtlar bir az aydınlığa çıxartmağa çalışmışıq. Sovet dönəmində milli dəyərlərimiz, adət-ənənələrimiz ört-basdır edilirdi. Halbuki, biz bu deyildik. O qədər meyxanaçılar pis qələmə verilmişdi ki, telekanallarda da senzuralar qoyulmuşdu, istəmirdilər çağıralar. Ulu öndərimizin ruhu şad olsun, Ağasəlimi “Şöhrət” ordeni ilə təltif etdi, Heydər Əliyev Sarayında konsert verdi. Namiq Qaraçuxurlu, Kərim daha da tanındılar, “De gəlsin” verilişi yarandı, belə-belə yol açıldı. Mən meyxananı tək sintezatorla yox, böyük bir ansamblla görmək istəyirəm. Meyxanaçıların böyük istedadları var: həm ritmi tutmağı bacarırlar, həm qəzəl, şeir, əsər yaradırlar, həm də mahnı bəstələyirlər. Yəni, həm söz ustadıdırlar, həm səsləri olur, həm də bədahətən deyirlər. Bütün bunları göstərmək üçün arena lazımdır. Düzdür, efirlərə dəvətlər alırıq, mahnılarımız yayımlanır, sosial şəbəkələrin də köməyi dəyir. Amma tam məni qane etmir.

– Nə etmək istəyirsiniz?

– Biz cəmiyyəti inandırmalıyıq! Vallah biz pis adamlar deyilik! Heç vaxt mən Balaəlinin hansısa pis vərdişim olmayıb, təkcə siqaret çəkməkdən savayı. Onu da əsgərlikdə öyrənmişəm. Çalışıram səliqəli geyinim.

– Fanatlarınızın müzakirəyə çevirdiyi dişləriniz də artıq düzəlib…

– (Gülür) Hə, dişlərimi də düzəltdirdim. Müasirliklə ayaqlaşmağa çalışıram, ən azından, səhnəyə uyğun olmalıyıq. Nə vaxta kimi meyxana təsbehlə, “aerodrom papaq”la gözdən salınacaq? Vallah, bugünkü meyxanaçılar olmasa, müğənnilərin çoxu mahnı oxuya bilməzlər. Bilməzlər nədən oxusunlar. Çünki çoxları bəstəkar mahnıları oxuya bilmirlər. Onların o dərəcədə nə səsləri var, nə də təhsili. Meyxanaçı olmasa, o qədər də gündəmdə qala bilməzlər.

– Başqa ölkələrdə meyxana üslubu varmı?

– Yoxdur! Və biz bundan doğru-düzgün istifadə edə bilmirik. Biz meyxananı dünyada silah kimi istifadə edə bilərik! İnanırsınız, bütün dünya şokda olar. Adi bir toyda bəyin atası oğluna ürək sözlərini ifadə edə bilmir. Bilmir nə desin. Amma baxın, biz hər gün toylarda saatlarla yeni sözlərdən qafiyələr düzüb-qoşuruq. Vaxtında imkan olmadı ki, oxuyub təhsil alım, indi imkan var, zaman yoxdur.

– Ən böyük arzunuz nədir?

– Meyxananı dünya arenasına çıxartmaq. Çalışıram ki, insanlar mənə o qədər etibar etsinlər ki, meyxana deməyə rahat çağıra bilsinlər. Bəzi təbəqə insanlar çəkinirlər meyxanaçıları öz məclislərinə çağırmağa. Amma mahnı oxuyan kimi toya çağırırlar. Halbuki həmin adamam. Mən bunun belə olmasını istəmirəm. Məşədi Baba meyxanaya bir cür yenilik gətirdi, Kərim bir cür, Rəşad Dağlı meyxanada səliqə-sahman yaratdı. Mən onlardan nə artığam, nə də əskik. Mən də meyxananı tanıtmaq, sevdirmək istəyirəm.

Söhbətləşdi: Könül AYPARA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla