AZ

Azərbaycan sabitlik və iqtisadi möcüzələr yaradan ölkədir

“Azərbaycanın nüfuzunu, regional gücünü artıran amillərdən biri ölkəmizdə  möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin olmasıdır. Bunun əsasında isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsi dayanır”.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, müstəqil Azərbaycan son 20 ildə həyatın bütün sahələrində möhtəşəm uğurlara imza atıb: “Bu gün dünyada Azərbaycan kimi dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr çox azdır. İqtisadiyyatımız davamlı olaraq genişlənir, maliyyə imkanlarımız artır və bu da Azərbaycanın iqtisadi müstəqilliyini tam şəkildə təmin edir. Güclü Azərbaycan dövləti Avropa ilə Asiya arasında mədəni və siyasi körpü rolunu günbəgün möhkəmləndirir”.
Deputat bildirib ki, Azərbaycanın müstəqillik tarixinin qısa təhlili bu yolun hansı çətinliklərdən keçdiyini, nə kimi maneələrin ortaya çıxdığını bir daha ortaya qoyur: “Müstəqilliyimizin ilk illərində ölkədə özbaşınalıq, xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü. Bu gərginlik Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Xarici investorlar ölkə iqtisadiyyatına qoyacaqları vəsaitlərin təhlükəsizliyinə tam əmin deyildilər. Lakin 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin yaradılması bu tərəddüdlərin aradan qaldırılmasını şərtləndirdi. Son 20 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın qarşısında yeni-yeni imkanlar açıb. Ən əsası Azərbaycan dünyada sabitlik adası, iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanın inkişaf modeli bir çox ölkələr üçün cəlbedicidir və öyrənilməsinə xüsusi diqqət göstərilir”.
Aydın Hüseynovun sözlərinə görə, dövlət başçımız tərəfindən həyata keçirilən siyasət bu sahədə qarşıda duran vəzifələrin yüksək səviyyədə həllini təmin edib, Azərbaycan qlobal və regional təhlükəsizliyə, sülhün və ədalətin qorunmasına, davamlı inkişaf üçün əməkdaşlığa mühüm töhfə verən ölkəyə çevrilib. Ölkəmizin qarşısında duran təhlükəsizlik vəzifələrinin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyub. Bununla da milli təhlükəsizliyimizə, xalqımıza, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı ən böyük təhdid aradan qaldırılıb.
“Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik, qanunun aliliyi, vətəndaşların hüquq və azadlıqları hər cür təsirlərdən qorunur. Təhlükəsiz informasiya məkanının inkişafına nail olunub, ölkənin  kibertəhlükəsizlik potensialı gücləndirilib. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da, ölkəmizdə olan  etibarlı sabitlik mühitinin yüksək qiymətləndirməsi heç də təsadüfi deyil”, – deyə müsahibimiz vurğulayıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla