AZ

Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar

8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Görüşün yekununda dövlət başçıları mətbuata bəyanatla çıxış ediblər.


Ümumilikdə Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub.1999-cu ildə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.


İki ölkə arasında 60-dan çox sənəd imzalanıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 


Bolqarıstan Prezidentinin səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev iki ölkə arasında əməkdaşlığın  artan dinamika ilə inkişaf etdiyini bildirib və qeyd edib ki, “Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür”.


Bolqarıstan Prezidentinin səfərinin böyük əhəmiyyət daşıdığını söyləyən ölkə başçısı xüsusilə vurğulayıb ki, “Bir sözlə, hesab edirəm ki, artıq bugünkü səfərin nəticələri haqqında danışmaq olar. Nəticələrdən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqlənib. Bütün qeyd etdiyim və bir neçə başqa məsələ ilə bağlı da bizim fikir ayrılığımız yoxdur. Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir”.

 

Dilqəm Əlirzayev 
Nizami rayonu 70 saylı məktəb-liseyin direktor müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq